Cəmiyyət

Yerli uşaq verilişləri övladlarımızda maraq doğurmur

27 Dekabr 2014 19:16
1 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın efir məkanında uşaqlar üçün nəzərdə tutulan verilişlərin əksəriyyətinin formatı köhnəlib 

Yerli televiziyalarımızda uşaq verilişləri yayımlanmaqdadır. Bu verilişlərin uşaqlar üçün nə dərəcədə faydalı olması haqqında fikirlər isə birmənalı deyil. Mövzumuzla bağlı suallarımızı cavablandıran "Tumurcuq" uşaq qəzetinin redaktoru Səməd Məlikzadə bildirdi ki, Azərbaycanın efir məkanında uşaqlar üçün nəzərdə tutulan verilişlərin əksəriyyətinin formatı köhnəlib: "Yerli televiziyaların yayımladığı uşaq verilişləri daha övladlarımızda maraq doğurmur.

Çünki XXI əsrin uşaqlarının bu tip verilişlərlə tərbiyə etmək, marağını qazanmaq mümkün deyil. İndiki dövrdə uşaq verilişləri və cizgi filmləri elmi, texnologiyanı təbliğ etməli, uşaqlarımızda bu sahələrə maraq oyatmalıdırlar". S.Məlikzadənin sözlərinə görə, uşaq proqramları çox həssaslıqla hazırlanmalıdır: "Böyüklər üçün hazırlanan proqramlar o qədər də problem doğurmur. Çünki televiziyanı izləyən böyüklər nəyin doğru, nəyin səhv olmasını əksər hallarda özləri müəyyənləşdirə bilirlər. Xoşlamadıqları verilişləri izləmirlər. Amma uşaqlar televiziyada nümayiş olunan hər şeyi doğru olaraq qəbul edir və həyatlarında onu tətbiq etməyə çalışırlar. Məhz bu səbəbdən də uşaq verilişləri çox böyük diqqətlə hazırlanmalıdır". Müsahibimizin sözlərinə görə, uşaq verilişləri, filmləri hazırlayan şəxslər övladlarımızı Azərbaycanın 20-30 il sonrakı gələcəyinə hazırlamalıdırlar".

"Uşaq verilişləri hazırlananda onların fantaziyası nəzərə alınmalıdır"

Pedaqoq Əjdər Ağayev isə bildirdi ki, televiziyalarımızda yayımlanan uşaq verilişlərinin məzmununu zənginləşdirmək yaxşı olardı: "Bizim televiziyalar özləri efirə yenilik gətirmək əvəzinə, xaricdən götürüb təqlid edirlər". Ə. Ağayevin sözlərinə görə, hazırda uşaqlar üçün nəzərdə tutulan verilişlərdə insanı bir kənara qoyub, robotlaşmış cizgilərdən istifadə edirlər. Hansı ki, bunu uşaqlara göstərmək məsləhət deyil: "Bu tip verilişlər hazırlananda uşaq fantaziyası nəzərə alınmalıdır.

Onlara texniki yeniliklər, insanların qayğıları çatdırılmalıdır". Müsahibimiz onu da qeyd etdi ki, məktəbəqədər yaş dövrü, şagirdlər və yeniyetmələr üçün ayrı-ayrılıqda verilişlər hazırlanmalıdır: "Yeniyetmələr üçün nəzərdə tutulan verilişlər azyaşlılara nisbətən daha çox öyrədici olmalıdır". Ə. Ağayev bəyəndiyi uşaq verilişi haqqında da danışdı: "AzTV"də yayımlanan "Mən də uşaq olmuşam" verilişini daha çox bəyənirəm. Həmin veriliş vasitəsilə uşaqlara böyüklərin sözü çatdırılır. Bu, çox önəmli məsələdir".

"Uşaq verilişləri ilə bağlı konsepsiyaya ehtiyac var"

Mövzumuzla bağlı suallarımızı cavablandıran psixoloq Elnur Rüstəmov bildirdi ki, uşaq verilişləri ilə bağlı konsepsiyaya ehtiyac var: "Azərbaycan televiziya kanallarında uşaqlar üçün nəzərdə tutulan maarifləndirici verilişlərə az rast gəlinir". Televiziyalarda uşaqlar üçün nəzərdə tutulan efir saatlarını cizgi filmləri ilə doldurmağa çalışırlar deyən E. Rüstəmov bunları dilə gətirdi: " Yerli uşaq filmlərimiz çox azdır. Uşaqlar üçün bədii filmlər də çəkilməlidir. Çünki onların böyüklər üçün nəzərdə tutulan filmlərə baxmaları zərərlidir. Bu, uşaqlarda erkən oyanma, aqressiya və s. mənfi halların formalaşmasına gətirib çıxarır".

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.