Cəmiyyət

Məmur təzyiqindən bezən ana: "Oğlumun qanı batacaqsa, özümü öldürəcəm" - FOTO

14 Noyabr 2014 17:13
0 Şərh     Baxış: 3 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məmur övladı tərəfindən balası öldürülən ana haray qoparır. Bu il maşınla vurulub öldürülən 17 yaşlı balasının qanı batırılır

Zərərçəkmiş tərəfin vəkili Səbuhi Axundovun Milli.Az-a verdiyi məlumata görə, bu il iyulun 19-da Fərid Hümbətov Sumqayıt şəhəri 6-cı mkr. dairəsinin yaxınlığında Heydər Əliyev parkının kənarındakı piyadalar üçün nəzərdə tutulmuş səkidə, Sərxanov Emin Məhəmməd oğlunun idarə etdiyi, Nəqliyyat Nazirliyinə məxsus 10-NT-695 dövlət qeydiyyat nişanlı "Samand" markalı maşınla vurulub. Yüksək sürətlə vurulan F.Hümbətov dünyasını dəyişib. Sonradan məlum olub ki, qəzanı törədən E.Sərxanov NN-nin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 1 saylı Yolların Mühafizəsi İdarəsinin rəis müavini Məhəmməd Sərxanovun oğludur.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, hazırda istintaq davam edir. Mərhum F.Hümbətovun anası istintaqın 02.08.2014-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınıb. Qəzadan sonra təqsirkar tərəfin məmur atası və digər vəzifəli qohumları mərhumun anasını ələ alaraq hadisəni törətmiş E.Sərxanovun əməlini ört-basdır eləməyə çalışıblar. Mərhumun anası buna razı olmadıqda təqsirkar tərəf başqa üsullara əl atmağa başlayıb. Vəzifəsinə və puluna güvənərək mərhum F.Hümbətovun qanını ortalıqda batırmaq və oğlunun cəzadan qurtarmaq üçün təqsirkarın atası M.Sərxanov zərərçəkmişlərə "Mənim imkanım da çatır, oğluma 2-il iş alıb evimdə otuzduracam" deyib. Bundan sonra hansısa səbəbdən cinayət işi istintaq şöbəsinin rəis müavini Fizuli Əhmədovdan alınaraq digər müstəntiq Abbas Bağırova verilir.

Cinayət baş verən gündən 3 ay sonra mərhumun heç vaxt atalığını görmədiyi, nikahlarına 2007-ci ildə xitam verilmiş, aliment belə ödəməkdən boyun qaçırmış və nəhayət, mərhumun anasını döydüyünə görə 17.03.2008-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Cinayət Məcələsinin 132-ci maddəsilə təqsirli bilinərək məhkum olunmuş atası Fərhad Hümbətov istintaqa ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasını tələb edib. Bunun heç də illərdir boşandığı arvadının himayəsində olan uşaqlardan xəbəri olmayan atanın istəyi olmadığını, sadəcə hadisəni törədən məmur oğlunun məsuliyyətdən azad olunmasına göz yumacaq fiqur kimi M.Sərxanovun məkirli niyyəti olduğunu yaxşı anlayırıq. Bu gün istintaq zərərçəkmişin hüquqi varisi kimi tanınmağa haqqı belə olmayan insanın ərizəsini qəbul edərək, işi məhkəməyə göndərməklə göz yaşı içində boğulan ananı, illərdir balasına bir qəpik də aliment ödəməyən atanın qarşısına çıxarmaqla bu olayda təqsirlinin sözünü deyəcək fiqur formalaşdırır.

Məlum məsələdir ki, atanın zərərçəkmişin hüquqi varisi kimi tanıdıb, sonra "barışdıq şikayətim yoxdu" dedirtməklə oğlunu sığortalamağı planlayan məmur qanunun aliliyini unudub.

Vəkil, həmçinin əlavə edib ki, anaya hədə-qorxu gələrək bütün medianı, istintaqı, məhkəməni pulla aldıqlarını deyirlər: "Deyirlər ki, oğlumuz əlini qolunu sallayıb məhkəmə zalından azadlığa çıxacaq, pisliyiniz özünüzə qalacaq. Hətta ölümünə səbəb olduqları uşağın ruhuna belə hörmət qoyulmur. "İmkanımız var, nəqliyyat naziri dalımızda durur, məhkəmə mənim oğluma yalnız məntəqə tipli cəza kəsəcək, onu da evdə çəkəcək" deməkdən belə çəkinmirlər".

Zərərçəkmiş tərəfin vəkili Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ceyhun Məmmədovun sədrliyi ilə dünən keçirilən məhkəmə istintaqından da narazılığını gizlətmir: "Vəsatətlə məhkəmənin nəzərinə çatdırdıq ki, cinayət işinin istintaqı düzgün aparılmayıb, təqsirləndirilən şəxsin yol-nəqliyyat haddisəsini törətdikdən sonra hadisə yerindən qaçmasına dair kifayət qədər iş materiallarında da öz əksini tapan sübutlar var. İş materiallarında olan ilkin tibbi kartoçkadan görünür ki, qəza saat 00:30 radələrində baş verib, lakin zərərçəkmiş xəstəxanaya saat 01:30 radələrində çatdırılıb. Bu, onu göstrir ki, vurulmuş şəxs 1 saat yolun ortasında qalıb. Bu səbəbdən də cinayət işi yenidən istintaqa qaytarılmalıdır. Lakin bu vəsatət təmin olunmadı".

"Bundan əlavə təqsirləndirilən şəxs ifadə verərkən özünü ifşa edəcək izahatlar verərkən hakim onun sözünü kəsir və ona, sanki, vəkillik edirmiş kimi yol göstərirdi. Bütün bunlar aşkar surətdə onu göstərir ki, məhkəmə bu cinayət işi üzrə ədalət mühakiməsini deyil, müdafiəni həyata keçirir. Məhkəmə baxışı zamanı hüquqlarımızı izah etmədən, ilk vəzifə xatırladaraq sizlər məhkəmədə istədiyim kimi oturmasaz, sizə həbs verə bilərəm, cərimə olunarsız deyə, psixoloji olaraq zərəçəkmiş şəxsin hüquqi varisini və onun nümayəndəsini susmağa çağıran hakimin nə etmək istəyi yaxşı görünür",- S.Axundov əlavə etdi.

Vəkil hesab edir ki, məhkəmə gedişində təqsirləndirilən Emin Sərxanov və atası Məhəmmədin hədəsi öz əksini tapır. Axı M.Sərxanov bildirmişdi ki, bütün medianı, istintaqı, məhkəməni pulumuzla almışıq. Oğlumuz əlini, qolunu sallayıb məhkəmə zalından azadlığa çıxacaq, pisliyiniz özünüzə qalacaq."

S.Axundov oğlunu itirən ananın dövlət qurumlarına göndərdiyi fəryad dolu məktubunu da olduğu kimi oxudu: "Səsimə səs verin, əgər oğlumun qanı batacaqsa və buna şərait yaradan şəxslərin qarşısı alınmayacaqsa, özümü öldürəcəm! Buna dözə bilmərəm. 17 yaşlı igid oğlumu hansısa məmur balası "avtoş"luq etsin, öldürsün, buna baxmayaraq bütün istintaq və məhkəmə orqanları təqsirkarı müdafiə etsin. Son dərəcə yalvarıram bu işi nəzarətinizə götürəsiz. Məni təhdid edirlər ki, səni dəli kimi tanıtdırıb məhkəmədən də uzaqlaşdırırlar. Nəticədə illərdir oğlundan xəbəri olmayan, təqsirkarla razılaşmış atasını zərərçəkmişin hüquqi varisi kimi tanıdarıq deyirlər. O atanı ki, illərdir oğluna aliment belə ödəməyən, ailədən xəbəri olmayan və oğlunun yasını belə saxlamayan insandır. Bu, mənim son xahişimdir".

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.