O, Azərbaycan Xalq Cumhuriyyətinin ilk dəfə olaraq hökümətini formalaşdırıb. Ilk dəfə olaraq o, Azərbaycanda ali təhsil ocağının yaranmasının vacibliyini qeyd edib. Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin təşəbbüskarıdır. Ən nəhayət məhz o Azərbaycanda baş nazir idadə formasının əsasını qoyub və Azərbaycanın ilk baş naziri kimi tarixə düşüb.Azərbaycan ictimai-siyasi və dövlətçilik tarixində bir sıra ilklərə məhz o, imza atıb
Beləliklə, modern.az saytı "Qürbətin doğma məzarları" rubrikasında bu dəfə Azərbaycan Xalq Cumhuriyyətinin baş naziri və hökümət rəhbəri Fətəli xan Xoyskidən danışacaq. Fətəli xan Xoyski 1920-ci ilin iyununda Tiflisdə ermənilər tərəfindən qətlə yetirilir və elə orada da Axundzadənin məzarının yanında dəfn olunur.
"Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır".
Bu sözləri Fətəli xan Xoyski 1918-ci il sentyabrın 15-də Bakının yadellilərdən azad olunma münasibətilə səsləndirib. Bu çıxşdan əvvəl də çox çıxışları olmuşdu. Amma Fətəli xan Xoyskinin bəlkə də heç özü də bilmirdi ki, bu qısa 23 ay ərzində ən vacib çıxışlarını edəcək və bu çıxışlar Azərbaycan dövlətçilik tarixinin əsas məramnamələrindən olacaq. Azərbaycan tarixinin və şərqşünaslıq elminin bilicilərindən olan mərhum akademik Ziya Bünyadov da özünün irihəcmli və zəngin faktlarla dolu " Fətəli xan Xoyski" məqaləsində baş nazirin dövlət quruculuğu sahəsində gördüyü işləri həm keyfiyyət, həm də kəmiyyətinə görə yüksək qiymətləndirir:
1918-ci il iyunun 17-də M.Ə. Rəsulzadənin sədrliyi altında Azərbaycan Milli Şurasının iclası oldu, yeni hökumət kabinəsini təşkil etmək Fətəlixan Xoyskiyə tapşırıldı. O, Azərbaycan Respublikasının ikinci kabinəsini təşkil etdi. F. Xoyski ikinci kabinədə Nazirlər Şurasının sədri və ədliyyə naziri vəzifələrini yetirdi".
Ziya Bünyadov bir ictimai xadim kimi Xoyskinin portretini ADR-in rəsmi parlament iclasında Məhəmməd Əmin Rəsulzadədn sonra etdiyi çıxışı səsləndirməklə açmağa çalışır: "Möhtərəm Azərbaycan parlament üzvləri! Bu gün öylə böyük, əziz və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görməzdik. Bu gün o gündür ki, milli müqəddəratınızı öz əlinizə aldınız. Hökumət bəni vəkil etmişdir bu bayram münasibətilə sizi və sizinlə bərabər özümü təbrik edəyim! Hökumət sizin hüzurunuzda məsul olduğundan borcudur, öz fəaliyyəti və nə kibi şərait altında işlədigi haqqında sizə bəyanət versin. Bən bu gün ümum hökumətin fəaliyyəti haqqında sizə müfəssəl məlumat verəcəyəm; hər vaxt istəsəniz hər nazir öz nəzarətiniz fəaliyyəti haqqında məruzə təqdim edəcəkdir. Bən isə bu gün ancaq hökumətimizin nə kibi şərait altında təşkil edib fəaliyyətdə və müxtəsər tarixi ərz edəcəyəm.
Azərbaycan hökuməti o vaxt Gürcüstan Zaqafqaziyasından ayrılaraq elani-istiqlal etdi. O vaxt xarici ən mühüm bir neçə məsələ var idi. Qafqaz cəbhəsinin ilqası (ləğvi) və Türkiyə ilə mübahisəli olan məsələlərin həlli, hökumətimizin təşkili haman "Türkiyə ilə sülh müzakiratı ehrası əsnasında vaqe olmuşdur.
Daxili vəziyyətimiz isə qayət (son dərəcə) fəna idi. Hökumətimiz öylə bir zamanda təşkil etmişdi ki, bir kənddən digərinə getmək qorxulu idi, heç kəsin irzi, namusu, canı, malı əlində deyildi; rus qoşunları Qafqazdan çəkildikdən sonra dəmir yollarında vüqü bulmuş (baş vermiş) hadisatdan dolayi dəmir yolları tamamilə yarmış kibi idi; post (poçt) və teleqraf müxabiratı (əlaqəsi) bilmərrə kəsilmişdi, dövlətin ən artıq möhtac olduğu maliyyə naminə heç bir şey yox idi.
Dövlət maginəsini (aparatını) təşkil edən idarələrin həpsi dağılmış, xidmətçiləri qaçmışdı, idarələrin bəzilərinin adı vardısa da, özü yox idi. Hər yerdə beş-on adam yığışıb bir hökumət düzəldir, bir qanun veriyordı. Hər kəs özü özünə bir hökumət idi. Böylə bir zamanda bütün Azərbaycan tərəfindən seçilmiş Milli Şura hökuməti təyin edib məmləkətin müqəddəratını ona tapşırdı. Hökumətimiz təsdiq edilməmişdi.Hökumətin səyilə, Türkiyə ilə müzakirat tez qutarıb sülhnamə bağlandı. Fəqət bununla bərabər daxili işlər o qədər pərişan olan zamanda hökumət daxilində qanun və asayiş bərpasında aciz idi, zira nə əsgəri qüvvəmiz vardı, nə silahımız, biltəbii daxildən düzəltməm mümkün deyildi. Binaənileh (ona görə də) xarici bir qüvvəyə lizum görülərək türklərə müraciət edildi. Türkiyə-Azərbaycan sülhnaməsinin bir maddəsinə görə məmləkətimizə nə vaqt lazım olsa, hüququmuz müdafiəsi üçün türklər bizə bir qədər əsgər verməli idilər. Ona görədir ki, darda qaldıqda bu çarəyə təvəssül edildi, türklər iltizamlarında əməl və vəzifələrini hüsn ifa etdilər. Əlbəttə, qoşunsuz, gücsüz görülməsi pək müşkül olan işlər çox çətinlik ilə yavaş-yavaş işləniyordu".
Amma Xoyskinin siyasi cəbhədəki fəaliyyəti çox böyük maneələrin bazasında formalaşır. Ziya Bünyadovun məqalədə təqdim etdiyi məktub bu gərginliyi çox gözəl əks etdirir:
"Azərbaycan parlamanı sədri hüzuri-alilərinə - Alişanım Həsənbəy Əfəndi - vücudimə ariz olan əsəbiyyət son günlərdə üzərimə tövdi olunan ağır vəzifəyi lazıma-rəhatül-qəlb üzrə həqq ilə ifa edə bilməyəcəyimə şübhə qaldırıyor. Buna binaən artıq iş başında qalmayacağımı ərz və bu xüsusda məclisi-məbusanın ilk iclasında bəndənizin istefasını təqdim və hökumət təşkili üçün yeni bir zat intixab (seçmə) etmənizi rica edirəm, əfəndim! Səmimanə hörmət və iradətimin zati-aliniz tərəfindən qəbuk ümidindəyəm, əfəndim! Rəisi Vükala Fətəlixan Xoylu". Mövzuya qayıdaq. Əslində o məktubla Xoyskinin qürbətdəki doğma məzarına yaxınlaşırıq. Çünki o məktubun yazıldığı tarixdən sonra Xoyski həyatda çox yaşamır. Araşdırmaçı alim Nəsiman Yaqublu F.X.Xoyskinin ölümü barədə Modern.az-a bunları danışır:
"1920-ci ilin aprel işğalından sonra Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra Azərbaycanın görkəmli dövlət qurucuları demək olar ki, ölkələrini tərk etmək məcburiyyətində qaldılar. Məmməd Əmin Rəsulzadə Lahıcda gedib gizli həyat yaşamağa başladı. Fətəli Xan Xoyski, Həsən bəy Ağayev Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Çünki, onlar başa düşürdülər ki, onlara qarşı ciddi cəza tədbirləri görüləcək. Belə bir zamanda Nəsib bəy Yusifbəyli yenə də Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Amma onlar Gürcüstana gedirdilər.
Çünki, Gürcüstan hələ bolşeviklər tərəfindən işğal edilməmişdi. Onlar düşünürdülər ki, orada qalacaqlar və özlərinin siyasi fəaliyətlərini davam etdirəcəklər. Yenidən Azərbaycanın bütövlüyü üçün çalışacaqlar. Fətəli Xan Xoyski də bu istəklə Gürcüstana üz tutdu. Orada bir müddət qaldıqdan sonra bolşeviklər tərəfindən təqib edilməyə başlayıb. Bu dəfə isə ermənilər tərəfindən bu iş görülməyə başladı. Erməni quldurları tərəfindən 1920-ci ilin iyun ayında qətlə yetirildi və Tiflis qəbirsanlığında Mirzə Fətəli Axundovun yanında dəfn olundu. Bir qədər keçdikdən sonra digər görkəmli xadim Həsən bəy Ağayev də eyni qaydada qətlə yetirildi. Bir müddət keçdikdən sonra Gürcüstana keçmək istəyən Nəsib bəy Yusifbəyli də eyni qaydada qətlə yetirildi. Fətəli Xan Xoyski Azərbaycanın görkəmli dövlət xadimidir. Onun ailəsi də 1920-ci ildən sonra təqib olunmağa başladı. F.X.Xoyskinin qızı maraqlı da olsa bolşevik Mirzə Davud Hüseynovun həyat yoldaşı idi. Mirzə Bağır Hüseynov 1930-cu illərdə represiyaya uğradıqdan sonra F.X.Xoyskinin qızı Tamara xanımı 10 il müddətinə həbs etdilər. F.X.Xoyskinin həm özü həm də ailəsi təqib olunub".
Milli.Az