Cəmiyyət

Toyu yasa dönən ailə: "Bizim başımıza gələn bu bədbəxt hadisəni gözlərinizin qabağına gətirin, dərs olsun"

4 Oktyabr 2014 11:57
2 Şərh     Baxış: 3 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdaşlarımız Göyçayda toyu yasa döndərən terror kimi yol qəzasını araşdırdı; nişanlı qızın babası: "Bizim yaşadığımız bu faciə sürət həddini aşanlara dərs olsun"

Azərbaycan yollarında illərdir "müharibə" gedir. Elə bir gün yoxdur ki, ölkə mediası hər səhəri bir ağır yol qəzası xəbəri ilə açmasın. Son günlər dəhşətli qəzaların sayı durmadan artmaqdadır ki, bu da qorxunc bir statistikanın yaranmasından xəbər verir. Təkcə ötən şənbə və bazar günü Azərbaycan yollarında 17 yol qəzası baş verib.

Qəzalar nəticəsində 13 nəfər ölüb, 27 nəfər yaralanıb. Ən dəhşətlisi isə Göyçay rayonunda toy karvanının qəzaya uğraması nəticəsində 9 nəfərin dünyasını dəyişməsidir. Göyçaya gedib, bu "yol terror"nda ölənlərlə də bağlı reportaj hazırladıq.

Sentyabrın 29-u Göyçayın Şahsoltanlı kəndində Xankişiyevlər ailəsində toy əhval-ruhiyyəsi olub. Səhər tezdən hazırlıqlara başlayan, yemək-içmək təşkil edən, süfrə açan ailənin qızına Qurban bayramı ərəfəsində cehiz gətiriləcəkdi. İki ildir ki, Ağsu sakini Şəhriyar Bədəlovla nişanlı olan Ülkər Xankişiyeva bu mərasimi gözləyirdi...

Amma Ağsunun Cəlayır kəndindən gələn bəyin qohum-əqrəbası Göyçayın girişində ağır qəzaya uğrayır. Şahsoltanlı kəndinə gedən toy karvanında sürətlə hərəkət edən avtomobil qarşıdan gələn maşınla toqquşur. Nəticədə baş verən ağır qəzada 9 nəfər dünyasını dəyişir. Hadisənin günahkarının 23 BX 232 dövlət nömrə nişanlı "Mitsubishi Pajero" markalı minik maşınını idarə edən Əsgərov Bəxtiyar Firudin oğlu olduğu iddia edilir.

Sürücü özü ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Amma onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Əsgərova Nahidə Seyfəddin qızı, atası, 1936-cı il təvəllüdlü Əsgərov Firudin Ələkbər oğlu, anası, 1938-ci il təvəllüdlü Əsgərova Lumu Kərim qızı aldığqları ağır bədən xəsarətləri səbəbindən dünyasını dəyişib.

Toy karvanındakı "Mercedes" markalı minik avtomobilinin sürücüsü - Ağsu şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Davud Məmməd oğlu, sərnişinlər - Ağsu sakinləri, 1963-cü il təvəllüdlü Məmmədova Jalə Qubadəli qızı, 2014-cü il təvəllüdlü Bədəlova Mələk Rauf qızı, 1985-ci il təvəllüdlü Məhərrəmli Günel Veyis qızı, 2008-ci il təvəllüdlü Məhərrəmov Ramiz Rüstəm oğlu, 1990-cı il təvəllüdlü Bədəlova Gülay Davud qızı da aldıqları ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişir. Beləcə, sürətlə gələn avtomobil öz ailəsini də tələf edir, xeyir işə gedən toy karvanında olanları da.

Bizi həyətində qarşılayan Ü.Xankişiyevanın babası Xankişi Xankişiyev baş verənlərin daha aydın təfərrüatını danışdı. Onun sözlərinə görə, toy karvanı ilə toqquşan maşın çox yüksək sürətlə gəlirmiş: "Sürət həddini aşmağın axırı budur. Özünün də, başqalarının da həyatını məhv etdi. Mənim oğlum 15 ildir maşın sürür. Onu saatda 70-dən yuxarı qalxmağa qoymamışam. Bax, axırı da belə. Gül kimi cavan ailə tələf oldu".

Xankişi dayı danışır ki, qonaqların gəlişi üçün hazırlıqlar görüblər: "Hər şey bir anın içində oldu. Biz evdə hazırlıq görürdük. Haradasa saat günorta 2-nin yarısı olardı. Evə zəng gəldi ki, bədbəxt hadisə olub, qəzaya düşüb ölüblər. Rayonun girişində - "Xoş gəlmisiniz" yazılan yerdə toqquşublar. Bircə ona şükür edirik ki, bəyin özü və ailəsinə heç nə olmayıb.

Ancaq nəvəmin nişanlısı Şəhriyarın qardaşı Raufun ailə üzvləri sağ çıxmadılar, körpə balası da getdi. Gül kimi cavan ailə idilər. Özü də nənəsi Raufun qızına deyib ki, gəl bizim maşında otur. Yəni bəy öz maşınında olub, anası da yanında.

Uşaq o maşında otursaydı, sağ qalardı. Bizə bu xəbər gələn kimi məclis dağıldı, nə günə düşdük, bir Allah şahiddir. Hamımız qaçdıq hadisə yerinə. Gördük ki, maşınlar elə vəziyyətə düşüb, buradan sağ çıxmaq möcüzədir. O sürətlə gələn maşın təsəvvür edin ki, necə toqquşub".

X.Xankişiyev bunu Allahın əcəli hesab edir: "Bəyin qardaşının qayınatası, qayınanası da ölublər. Bir ailədən 4 nəfər getdi. Elə neçə gündür ki, Ağsuya gedirik, yas məclisində olmuşuq.

Bircə ona şükür edirəm ki, Şəhriyara heç nə olmayıb. Ülkər hadisə günündən bu yana özünə gəlməyib. Yazıq qız evdə üç gün xəstəhal yatdı. Biz deyirdik ki, məhərrəmliyə az qalıb, gəlib bir nişan kimi məclis edək. Ondan sonra yanvarda toy edəcəkdik. Başımıza belə qəzavü-qədər gəldi. Haradan o bəla bunların qabağına çıxdı, bilmirəm. Əcəl imiş, gəlib bunları tapdı. İndi toy qaldı il mərasimindən sonraya. Bu vəziyyətdə nə etmək olar? Bədbəxt bir işdir".

Zərərçəkən müsahibimiz deyir ki, sürət həddini heç kəs aşmasa, yol qəzası baş verməz: "Televiziyalar da gəlib çəkdilər, indi siz də yazırsınız. Bizim səsimizi, sözümüzü eşidən, oxuyan varsa, onlara deyirəm - bizim başımıza gələn bu bədbəxt hadisəni gözlərinizin qabağına gətirin, dərs olsun. Hamı üçün ibrət olsun ki, maşınla oynamaq olmaz, sürəti aşmaq adamın ömrünü azaldır. Əsas da cavanlara səslənirəm ki, asta sürün, kiməsə özünü göstərməklə qəhrəmanlıq olmur, axırda həyatın bahasına başa gəlir. Bax, indi o adam bu sürətlə gəlməsəydi, qəza olmazdı, gül kimi məclisimizi keçirərdik, o qonaqlar da Şəhriyarın toyunu görərdilər".

Xankişi dayının məsləhətini dinləyib, ayrılırıq. Amma ölkədə qəzalar hər gün baş verməkdədir. Ümumiyyətlə, son illər ölkəmizdə yol qəzalarının sayında xeyli artım müşahidə edilir. 2014-cü ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 1216 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisələr nəticəsində 512 nəfər həlak olub, 1234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Beləcə, 9 milyon əhalisi olan ölkədə yarım ildə 512 nəfər qəzanın qurbanı olub. Bu dəhşətli statistika isə artmaqdadır.

Ümumilikdə 1988-ci ildən 2013-ci ilədək (25 il ərzində) Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.