Cəmiyyət

İstilər nə zamana kimi davam edəcək?

27 Avqust 2014 15:41
4 Şərh     Baxış: 3 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yayda ən isti temperatur bu ilə təsadüf etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin anspress-ə verdiyi məlumata görə, bu il avqust ayında bəzi bölgələrdə rekord temperatur qeydə alınıb.

"Azərbaycanda, o cümlədən Bakı-Abşeron yarıdamasında cənub-şərq küləyinin əsməsilə əlaqədar havanın temperturu yüksəlib. Avqust ayının 19-da Gədəbəydə 37 dərəcə, Gəncədə 42 dərəcə, Zaqatalada 41 dərəcə, Balakəndə 42 dərəcə, Şəkidə isə 40 dərəcə anomal istilər qeydə alınıb. Gədəbəy dağlıq ərazi olmasına baxmayaraq, burada 37 dərəcə isti qeydə alınıb. Dağlıq ərazilərdə bu çox yüksək temperatur sayılır", - deyə Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, belə hava şəraiti avqust ayının 29-na qədər davam edəcək. Bakı və Abşeron yarmadasında 34-38 dərəcə, yarımadanın bəzi yerlərində temperaturun 40 dərəcəyə qədər yüksəlməsi gözlənilir.

Asif Verdiyev onu da əlavə edib ki, bu ildən başqa Bakı və Abşeron yarmadasında ən isti temperatur 2011-ci ildə, 40 dərəcə qeydə alınıb. 2010-cu ildə isə uzun müddətli istilər olub.

"Azərbaycanda ən isti gün 2000-ci ildə avqust ayının 1 və 2-də qeydə alınıb. Naxçıvanın Culfa və Ordubad rayonlarında 46 dərəcə isti müşahidə olunub. Bakı və Abşeron yarmadasında 39-42 dərəcə istilik müşahidə olunub. Aran rayonlarında 40-43 dərəcə qeydə alınıb", - deyə Asif Verdiyi bildirib.

Asif Verdiyevin sözlərinə görə, bölgələrdə, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Aran rayonlarında havanın tempraturu 35-40 dərəcə, dağlıq ərazilərdə 26-31 dərəcə isti gözlənilir.

İlkin proqnozlara əsasən, avqust ayının 30-dan başlayaraq Bakı və Abşeron yarmadasında cənub-şərq küləyinin şimal-qərb küləyilə əvəz olunması gözlənilir. Ayın 30-da gün ərzində küləkli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyinin yarmadanın bəzi yerlərində daha da güclənəcəyi gözlənilir. Avqustun son iki günü Bakı və Abşeron yarımadasında sərin hava müşahidə olunacaq. Avqustun 31-də havalar sərinləşəcək.

Asif Verdiyevin sözlərinə görə, bu il Azərbaycanda yağıntılar normadan az olub. Yay dövründə yağıntıların az olması ilə əlaqədar bu il çaylarda sululuq normadan aşağı olub. Bəzi rayonlarda qurarlıq hökm sürür.

"Bu ilk hadisə deyil ki, ölkəmizdə qurarlıq olur. 2000-ci ildə də Azərbaycanda qurarlıq ili olub. 2006-cı ildə avqust ayında yağıntı qeydə alınmamışdı. 2010-cu ildə Bakı-Abşeron yarmadasında, eyni zamanda, bəzi rayonlarda çirkli hava kimi qeydə alınıb. 2010-cu ilin iyul ayının 24-dən başlayaraq, avqust ayının 20-nə kimi quraqlıq olub", - Asif Verdiyev vurğulayıb.

Mütəxəssislər hesab edirlər ki, quraqlıq ili hələ bir müddət davam edəcək. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun verdiyi məlumata görə, quraqlıq hələ bir neçə il də hökm sürəcək.

"İki ildir ki, ölkədə quraqlıq hökm sürür. Qarşıdan gələn bir neçə il quraqlıq hökm sürəcək. Ola bilər ki, qışda da qarın miqdarı az olsun. Bir çox torpaqlarda şirin su qıtlığı yaransın", - deyə Telman Zeynalov vurğulayıb.

Ekspertin fikrincə, problemin qarşısını almaq üçün yeni su mənbələri tapılmalıdır: "Torpağı suvarmaq üçün su kanalları quruyur. Bu barədə mütəxəssislərimiz düşünməlidir. Yeni quyular qazıb, yeraltı suları çıxarmalıyıq. Həmin sular vasitəsilə bölgələri və Bakını içməli su ilə təmin edə bilərik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.