Cəmiyyət

"Beybi"lərlə uşaqların fərqi nədir?

13 Dekabr 2010 11:15
Baxış: 2 734
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Pampersin varmı, beybi?

Keçmiş SSRİ-nin bir mədəniyyət naziri var idi, Fursenko soyadlı qadın. Onun Qorbaçovun yenidənqurması dövründə, 1980-ci illərin sonlarında təşkil edilmiş Vaşinqton-Moskva telekörpüsündə söylədiyi absurd fikir hamının dilinə düşmüşdü, bütün dünya Sovet vətəndaşları ilə məzələnirdi. Telekörpü zamanı bir amerikalı nazirə sual vermişdi ki, SSRİ-də seks azadlığı probleminə necə yanaşır, Fursenko da əsl kommunist kimi cavab vermişdi: "SSRİ-də seks yoxdur". Necə ki, indinin özündə də bəzi adamlar xarici pasport alanda "sex" qrafasına "ayda bir dəfə" yazırlar.

Ancaq indi dünyada elə şeylər baş verir ki, adam Fursenkonun dövrünə həsəd aparır. İndi nəinki "SSRİ-də", ağla gəlməyən yerlərdə seksual təzahürlərlə rastlaşırsan. Məsələn, köhnə söhbət olsa da yenə yazaq, Azərbaycana gələn əcnəbilər bəzən çaşıb qalırlar. Çünki küçədə gedərkən müxtəlif elanlar görürlər: "Mebel sexi", "Təmir sexi", "Çexol sexi"... Mən Bakıya gəlmiş yapon jurnalistə üzərinə "Ayaqqabı sexi" yazılmış lövhənin arxasında əslində nələr baş verdiyini uzun zaman izah edə bilməmişdim.

Neyləyəsən, dildə belə oyunlar var. Yeri gəlmişkən, kino dublyajında da soydaşlarımız vaxtilə böyük çətinliklə üzləşirdilər. Ötən əsrin 70-ci illərində "Azərbaycanfilm" bir italyan kinosunu dilimizə görün necə çevirmişdi. Kadr arxasından aktrisanın aktyora dediyi cümlə açıq eşidilir: "Antonio, impotento!!!" Yəni, Antonio, sən impotentsən. Bizim dublyaj  olduqca maraqlı "həll yolu" tapmışdı, çünki debil sistemə görə guya sovet adamının dilində impotent sözü işlənə bilməzdi. Uzun sözün qısası, tərcümə belə edilmişdi: "Antonio, sən mənim məhəbbətimə layiq deyilsən!" Təsəvvür edirsinizmi?

Təzəlikcə internet portalda bir populyar mahnının klipi verilmişdi. Əslində mahnı-zad yox idi ortada, sadəcə 3 əcnəbi qadın küçədə gedə-gedə eləcə hərdən həzin səslə "Beybi, beybi" deyirlər. Klipin maraqlı tərəfi isə o idi ki, bu qadınların hamısı tamam çılpaqdı. Yalnız sinələrinə və aşağı nahiyəyə (biz də məcburuq Fursenkoluq edək, qədeşlər demişkən, "əyibdü", hər sözü bura yazmaq olmaz) qara zolaq qoyulurdu. Bu qara zolaqların üstündə isə elə həmin "beybi" sözü yazılırdı.

"Beybi" - Baby - ingiliscə uşaq deməkdir və əgər bu klip tibb universiteti tələbələri üçün hazırlansa bəlkə anlayışla qarşılayardıq. Həqiqətən, "beybi"nin doğulması üçün, yaşaması üçün vacib yerlər nişan verilirdi. Ancaq yazdığım kimi, bu, bir klip idi.

Hazırda bütün dünyada idiot bir tendensiya var. Amerikalılar seksual mənada bir-birlərinə "beybi" deyirlər, bu zibilə başqa xalqlar da düşüb. Məsələn, rus aşiq-məşuqlar "malışka, malış", azərbaycanlı sevgililər də "mənim balam, balacam, körpəm" kimi sözləri leksikonlarına salıblar. Bakıda hər üç dildə beybi, malış, balam - dəbdədir.  

Hansı amerikan rep-klipinə baxsan orda mütləq Tağı bəy demişkən, "burcudan" minimum bir-iki çılpaq qız, onlara səfeh-səfeh "beybi, beybi" deyən zəncirli qara gədələr görmək olar. Bəs siyasi korrektlik harda qaldı? Yankilər zənciyə guya xətirlərinə dəyməsin, irqi ayrıseçkilik olmasın deyə "afroamerikalı" söyləyir, körpə sözünün isə seksual mövzularda işlənməsinə göz yumurlar. Bu düşük adəti tərgitmək lazımdır. Özü də "beybi" ingiliscə lap körpə, az qala çağa mənasını verir. (Dəli şeytan deyir, yəqin, bu ingilislərin kökü türkdür, "beybi"ni də bizim "bəbə" sözündən götürüblər. Nə biləsən...) Yəni bu, uşağın altını batıran, ağzının-burnunun suyu bir-birinə qarışan, danışa, yeriyə bilməyən vaxtıdır. Sevgilisinin altını batırmasına işarə vururmu bu adamlar?

Harda qaldı qadına xanım-xatın, kişiyə bəy deyilən günlər? Əgər kişiyə uzun müddət "beybi" deyilərsə nərmənazik olub gedəcək, sonra gəl bunu Qarabağı azad eləməyə göndər görüm necə göndərirsən... Deyər, mənim hələ yaşım çatmır. Zarafat bir yana, bəlkə bu filoloji erotika da seksual inqilabın bir təzahürü kimi bizə xaricdən sırınır? Nə biləsən... Hərçənd, indinin özündə də bəzi kənd və şəhər yerlərində arvadına "ağız, ağəz" deyənlər var. (Bu yerdə şeytan qulağıma pıçıldadı ki, ey qafil, bizdə heç kim arvadına "beybi", "malışka", "körpəm" demir, bunu adətən məşuqələrə söyləyirlər). Hətta tamam nonsens müraciət forması da var, məsələn, arvadına "bacı" deyənlər kimi.

Gəldik çıxdıq hara? O yerə ki, hər sözün öz yeri var. Bəbələrə aid sözlər onlara aid olsun, böyüklərə aid olan da onlara. Aləmi bir-birinə qatmayaq. Xüsusən də "beybi" sözünü hər şeyin üstünə yazmaq olmaz - bu da elə "Fursenkoluq" kimi bir şeydir. Ən yaxşısı sevgililərin bir-birinə köhnə dədə-baba qaydasında "ceyran, aslan, kəklik, şahin", canım sənə desin, "pişiyim", "kisam" söyləməsidir. Ancaq o zaman da heyvan haqları müdafiəçiləri əsəbləşməzmi?

Nə isə, indiki zəmanədə aşiq olmaq çətin məsələdir.  

Zamin Hacı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.