Cəmiyyət

Ailə qurarkən fırıldaqçılardan necə sığortalanmalı?

18 Avqust 2014 17:53
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi insanlar sevgidən öz məqsədlərinə çatmaq üçün istifadə edirlər

İlk görüşdə özünü düzgün və sevən insan kimi göstərir, kifayət qədər sərvət ələ keçirəndən sonra isə aradan çıxır. Belələri hətta heç vaxt aldanılmayacağını zənn edənləri də aldadırlar.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, ailə qurarkən fırıldaqçılardan sığortalanmaq üçün ən əsası yaxşı tanımadığın insana təkidlərinə baxmayaraq inanmamaq və yoxlamaq lazımdır: "İlk baxışdan insanın fırıldaqçı olduğunu hər adam başa düşmür. Ona görə ki, belə adamlar mədəni davranır və istənilən şəraitdə özlərini yaxşı insan kimi göstərirlər. Seçdiyi qurbanın istəklərinə uyğun davranan belə adamlar özlərini ideal obraza yaxınlaşdırmağa çalışırlar. Bu səbəbdən də onlara "yox" demək çətin olur" deyən həmsöhbətimizə görə, belələri özlərini digərləri ilə müqayisədə daha intellektual, daha mədəni, bəzən də daha imkanlı şəxs kimi qələmə verirlər. Məqsədləri isə nikah qurduqdan sonra və ya mümkünsə əvvəl kifayət qədər sərvət ələ keçirməkdir.

Psixoloq bildirib ki, adətən internet vasitəsilə özünə sevgili və ya həyat yoldaşı axtaranlar fırıldaqçıların qurbanlarına çevrilirlər: "İnternet vasitəsilə, sosial şəbəkələrdə ünsiyyət qurmaq fırıldaqçının işini asanlaşdırır. Fırıldaqçı internet vasitəsilə qurbanını axtarır, artıq virtual ünsiyyət zamanı onu özünə cəlb edir və inandırır. Ola bilsin ki, canlı ünsiyyət zamanı yalan deyənin, pis məqsəd güdənin planlarının üstü açılsın. Lakin internet vasitəsilə o, rahat şəkildə uydurma obrazını qurur. İnsan artıq inandığı üçün real görüşəndə həmin adamı yoxlamağı düşünmür".

Həmidlinin sözlərinə görə, əksər hallarda fırıldaqçılar özlərini romantik göstərir, hansısa sirli işlə məşğul olduqlarını bildirirlər. Məsələn, ola bilsin ki, onlar özlərini hüquqşünas, kəşfiyyatçı, hansısa ciddi dövlət strukturlarının birində çalışan iş adamı, ticarətçi kimi təqdim edirlər. İşlərinin onları çox yorduğunu, bu səbəbdən də bu haqda çox danışmaq istəmədiyini deyirlər. Bəzənsə işlərinin məxfi olduğunu bildirirlər. "Bütün bunlarla onlar özlərini sığortalayır və onların yalanlarının üstünü açmaq mümkün olmur. Həm də onların bu cür davranması onları daha maraqlı edir".

Bir qayda olaraq belə adamlar qurbanını öz dostları və qohumları ilə tanış etmirlər. Psixoloqun dediyinə görə, bunun üçün onlar inandırıcı səbəblər deyirlər: "Misal üçün, yetim olduğunu, qohumları ilə küsülü olduğunu və ya qohumlarının xaricdə yaşadığını deyə bilərlər. Dediklərinə qədər qəribə olsa da, qurbanlarını asanlıqla inandıra bilirlər. Heç kim onların yalan dediyindən şübhələnmir. Bütün bunları fırıldaqçılar öz istəyinə nail olana qədər edirlər. Öz istəyinə nail olduqdan sonra isə yoxa çıxırlar.

Onlar həm də şəkildə pis düşdüklərini və şəkil çəkdirməyi sevmədiklərini bəhanə gətirərək şəkil çəkdirməkdən qaçırlar".

Müsahibimizin sözləriə görə, şəkil çəkdirməyə məcbur olduqda isə şəkildə başqa cür düşmək üçün əlindən gələni edirlər. Belə adamlar öz işlərinin professionalı olurlar və hələ tanışlığının ilk günlərində qurbanlarının maddi vəziyyətinin necə olduğunu anlayırlar. Onlar qısa müddət ərzində ailə ilə tanış olmağa və evə tez-tez gəlib-getməyə çalışırlar. Bu səbəbdən də onlar qısa müddət ərzində ailə üzvlərinin etibarını qazana bilirlər. Onlara inanmaq istəməyəndə isə dərhal küsməyə başlayırlar. Belə vəziyyət yarananda onlar çox ailəcanlı və düzgün olduqlarını göstərir, onlardan şübhələnən insanı davranışları ilə utandırırlar. Nəticədə qurban ailə qurmaq istədiyi və sanki arzuladığı insanı tapdığı üçün onunla nikah qurmağa razılaşır. Lakin tədricən fırıldaqçı öz kredit kartını, çantasını, pulunu evdə unutmağa başlayır. Bunu edərək o, qurbanının ona görə nə qədər pul xərcləyə biləcəyini öyrənir. Əgər qurban o, pulunu evdə unudarkən onun yerinə pul ödəməkdən çəkinir və ya xəsislik edərək pul ödəyirsə, o, həmin insandan uzaqlaşır. Onun üçün xəsis şəxs lazımsız hədəfə çevrilir və o, başqasını axtarmağa başlayır. Onları bir sıra hərəkətlərinə görə tanımaq olar, lakin bunlar ən əsaslarıdır.

J.Həmidli məsləhət görür ki, belə fırıldaqçıların tələsinə düşməmək üçün kiminsə öz işinin məxfilliyi və uğurları ilə bağlı söhbətlərinə tənqidi yanaşmaq lazımdır: "Həqiqətən də sizinlə maraqlanan şəxs sizi inandırmaq üçün faktları göstərə biləcək. Həqiqətən də sizi sevən və düşünən insan sizinlə görüşə yaxşı hazırlaşacaq və nəsə almağa gedəndə və ya sizi restorana dəvət edəndə pulunu evdə unutmaz. Heç bir halda sizdən pul istəyəndə verməyin. Düzdür, elə hallar ola bilər ki, bunu etmək lazımdır. Amma bu, tez-tez təkrarlanmamalıdır".

Onun dediyinə görə, əgər sizin evə qonaq gəlmək istəyirsə, əvvəlcə onun özünün harada yaşadığını öyrənin: "Ən əsası az tanıdığınız kişilərə təmannasız hədiyyə və ya pul verməyin. Bir-iki ay insanla ünsiyyət qurmaqla isə onu yaxından tanımaq mümkün deyil. Sizdən pul istəyirsə, düşünün ki, onun ailə üzvləri, qohumları və tanışları var. Onlardan da pul istəyə bilər. Məhz sizdən istəməsi isə şübhəlidir. Eləcə də, yaxın dostlarınızın, qohumlarınızın da seçdiyiniz insan haqqında fikirlərini dinləyin".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.