Cəmiyyət

Sumqayıtda ekologiyaya divan tutan canlılarla bağlı rəsmi açıqlama - FOTO

31 İyul 2014 00:30
0 Şərh     Baxış: 2 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sumqayıt şəhərində ekologiyaya divan tutan, ağacları məhv edən ziyanvericilər haqda ötən gün yazmışdıq. Milli.Az-a məktub göndərən oxucu qeyd etmişdi ki, ağaclara daraşan böcəklər şəhəri səhraya çevirir. İldən-ilə şəhərdə quruyan ağacların sayı artır. Səbəbkar isə kolorado böcəyi adlanan həşəratlardır.

Oxucunun sözlərinə görə, yaşadıqları həyətdə bu il artıq üçüncü ağac quruyub. Qarağac ağaclarına daraşan böcəklər ağacların yarpaqlarını yeyir, nəticədə bitkilərin qurumasına səbəb olur. Nə qədər sulansa da, bitkilər davam gətirə bilmir.

Sumqayıt şəhərindəki yaşıllığın əksər hissəsi Qarağacdır. Son 10 ildə bu həşəratlar şəhərdəki qarağacların 70%-ni məhv edib. Bu məlumatları nəzərdən keçirərkən ziyanvericilərin ekologiyaya vurduğu ziyanın miqyasını təsvir etmək çətin deyil.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Milli.Az-a açıqlama verib. O bildirib ki, bütün şəhərlərdə, o cümlədən Bakıda və Sumqayıtda da yaşıllığın mühafizəsi, qorunması, onlara xidmət göstərilməsi ilə yaşıllaşdırma idarələri məşğul olur.

"Eyni zamanda həmin böcəklərə qarşı mübarizə, profilaktik tədbirlərin görülməsi Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən həyata keçirilməlidir. Bakı şəhərində də Yaşıllaşdırma Birliyi tərəfindən həyata keçirilməlidir. Çünki o qurumların tərkibində bitki-mühafizə idarəsi də var. Bilavasitə balanslarında olan yaşıllıqlarla bağlı bütün məsələlər həmin təsərrüfat birliyi tərəfindən həyata keçirilir", - nazirlik rəsmisi bildirib.

Mübarizə aparmaq çətindir

Sumqayıt Şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Abidin Əliyev də məsələ ilə bağlı Milli.Az-a açıqlama verib. Onun sözlərinə görə, bu ziyanvericilərlə mübarizə aparmaq çətindir, ancaq şəhər rəhbərliyi məsələni diqqət mərkəzində saxlayır.

"Bu problem ilə bağlı biz mütəxəssislərə müraciət etmişik. Üç il əvvəl Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssislər dəvət elədik. Gəlib araşdırma apardıqdan sonra onlar bildirdilər ki, Qarağac yarpaqyeyəni adlanan bu həşəratlarla mübarizənin miqyası bir Sumqayıt şəhəri ilə məhdudlaşa bilməz. Çünki ziyanvericilər bütün Abşeron yarımadasında yayılıblar. Çox böyük sürətlə artan bu həşəratlar yumurtalarını, əsasən, qış aylarında yarpaqlarda yox, yaşayış binalarının içəri hissəsində, isti yerlərdə qoyurlar. Bu böcəklərlə mübarizə vegetasiya dövründə aparılmalıdır və tədricən azaltmaq lazımdır", - o əlavə edib.

A.Əliyevin sözlərinə görə, İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub ki, məsələ iə bağlı şəhər administrasiyasına yardım göstərilsin.

"Ekologiya Nazirliyi bizə maşın və dərmanlarla yardım göstərdi. Bu günə qədər də həmin dərmanlardan istifadə olunur. Şəhərin Sülh küçəsində və Nəsimi parkında ağaclar mütəmadi olaraq dərmanlanır. Ancaq bütün şəhərdəki ağacları dərmanlaya bilmirik. Çünki həm çatdırmaq olmur, həm də ki effekti olmur", - o vurğulayıb.

Abidin Əliyevin sözlərinə görə, Qarağac yarpaqyeyəni adlanan bu həşəratlar Sumqayıtda və Abşeron yarımadasında son 10 ildə yayılıb. Bu 10 il ərzində şəhərdə mövcud olan Qarağac ağaclarının 70%-ni məhv edib.

"Bu günə qədər şəhərdə olan Qarağac ağaclarının 70%-i məhv olub. Yerdə qalan ağacları qorumağa çalışırıq", - o vurğulayıb.

Teymur Hacıyev
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.