Cəmiyyət

Azərbaycanda bankdan kredit istəyi və "Evə qız gətirmək olmaz!"

21 Aprel 2014 21:14
1 Şərh     Baxış: 3 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az 1937.az-a istinadən Kəramət Böyükçölün yazısını təqdim edir 

Tez-tez mübahisə düşür evimizdə. Anamla yola getmirik. Balaca qardaşım qapıları örtməkdən, pəncərələri bağlamaqdan yorulub daha; qonşular səsimizi eşitməsin deyə. Səbəb bu: gecələr evə gec gəlirsən, orda-burda çox avaralanırsan, üzünü görə bilmirik, sən gələndə biz yatırıq, gələndə də qapıları açıq qoyursan.

- Ay ana, bəsdi!

- Nə oldu, səni başa düşən bir qız çıxmadı qabağına? Nə oldu, hamı pis oldu, sən yaxşı? Çünki özün adam deyilsən. O kafedən çıxıb bu kafeyə girirsən.

- Ay ana, nolar, imkan ver, əlimdə yazımı yazım.

- Dədən şair olub neylədi ki, sən də neyləyəsən? Get, o saçını da qırxdır, arvada oxşayırsan. Bizim nəsildə-kökdə hansı kişinin saçı uzun olub ki?

Belə mübahisələrin birində anama dedim:

- Bilirsən nə var? Mən bu evdə qalmaq istəmirəm! Bezmişəm. Kirayə ev tutub tək yaşayacağam.

- Get, hansı cəhənnəmdə qalırsansa, get qal!

Pulum da yox cibimdə. Ac-yalavac Bakının küçələrini gəzirəm. Düzü, evdən çıxmağıma görə peşman oldum da. Nə olsun e, anamdı, əsəbiləşib də. Bir azdan hirsi soyuyacaq, yenə başımı dizinin üstünə qoyacam, o da barmaqları ilə saçlarımı darayacaq.

Amma iş-işdən keçmişdi, geciydi artıq. Yalnız bir halda qayıda bilərəm evə: anam zəng eləyib, yalvarandan sonra.

Xeyli gəzib-dolaşdım, Yasamalda 1 otaqlı kirayə ev də tapdım. Aylıq kirayə haqqını da razılaşdıq. Çox ucuzvari. Amma ev sahibəsinin ciddi xəbərdarlığı məni fikrimdən daşındırdı: "Evə qız gətirmək olmaz!"

Bəs mən neyləyim? Qarşıma banklardan birinin reklam lövhəsi çıxdı. İri hərflərlə belə yazılmışdı: "Yalnız şəxsiyyət vəsiqəsi ilə 1000 manatdan 5000 manatadək pul kreditləri verilir".

Yaman sevindim. Banka girib, çek çəkdim və növbəmi gözlədim. Xeyli keçəndən sonra növbə mənə çatdı. Bank işçisi də gözəl bir qız. Fikrimi yayındırırdı, vallah. Maraqlı qulaq asmağı vardı. Gülürdü hərdən. Baxışları da çox qəribə. Əlləri göyərçin ayaqlarına oxşayırdı. Hərdən üzümə elə baxırdı, elə bil üzümdə qarışqa yeriyir. Hiss edirəm ki, içində yiyəsiz qalmış, ünvansız bir sevgi var. Amma heç kimə izah eləyə bilmir. Qız o qədər incəydi, o qədər incəydi ki, noxud yesə, elə bilərdin hamilədi.

O qədər sual-cavab elədi ki, elə bil magistraturaya imtahan verirəm. İş yerim, maaşımın məbləği, yaşadığım evin telefon nömrəsi, üç qohumun ev telefonu, beş dostumun mobil nömrəsi.

Uzun söhbətdən sonra gözləri üzümdə qarışqa kimi yeriyən həmin o qız:

- Sənə 1000 manat verə bilərik - dedi.

Çox sevindim:

- Allah köməyiniz olsun.

Ancaq birdən-birə necə oldusa, qız bizim ev nömrəmizi yığmaq istədi.

- Görüm, dəqiq burada yaşayırsanmı?

Vay dədə! Qaldım udquna-udquna. Qızın əlindən tutmaq istədim: nolar, qurban olum, zəng eləmə, çox xahiş edirəm.

Təəssüf ki, zəng elədi. Qəfil ona elə nifrətlə baxdım ki. Adama da oxşamırdı, çox eybəcər, kifir bir qız.

Dəstəyi anam götürdü.

- Bağışlayın, Kəramət bu ünvanda yaşayır?

- Burda Kəramət-zad yaşamır - anam hirslə dedi.

Qız üzümə elə baxdı, elə bil çayına dərman qatıb, başına oyun açmışam. Müxtəlif bəhanələr gətirdim: evimizə çoxlu qızlar zəng edir deyə anam əsəbləşib belə dedi.

Xeyri olmadı ki, olmadı. Kor-peşman bankı tərk elədim. Yaman əsəbiləşmişdim. Birbaşa gəldim evə.

- Nə olub? - atam soruşdu.

Olduğu kimi danışdım hər şeyi. Gülmək tutdu atamı. Anam da qoşuldu atama. Mən də özümü saxlaya bilmədim. Hamımız gülüşdük.

- Bütün bunları Allah eləyir ki, sən bu evdən çıxıb getməyəsən - atam dedi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.