Cəmiyyət

Çörəyi ver çörəkçiyə...

7 Aprel 2014 20:04
1 Şərh     Baxış: 2 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çörəkçi Arif dayı: "Təndir işi əzablıdır"

Azərbaycanlıların gündəlik qida rasionunda xüsusi çəkiyə malik olan çörək ən müqəddəs nemət sayılır. Hətta onu Quranla bərabər tuturuq. Dar məqamlarda "çörək haqqı" - deyə and içir, Tanrıdan çörəklə imtahana çəkilməməyimizi diləyir, ən hörmətli qonağımızı duz-çörəklə qarşılayırıq və s...

Azərbaycanın bəzi bölgələrində çörəyi təndirdə bişirmək qədim adətdir. Müasir zəmanədə çörəkbişirmə sahəsində müxtəlif texnologiyalardan istifadə olunsa da, əcdadlarımızdan qalan təndirə çörək yapmaq ənənəsi hələ də qorunub saxlanılmaqdadır. Hətta indi şəhərdə də təndirə çörək yapanlar var. Son vaxtlar isə bu ənənəyə daha çox rast gəlinir. Təndir çörəyinin öz alıcıları var. Yoldan keçərkən isti, təzə təndir çörəyinin qoxusu insanı bu təndirxanaya doğru aparır. Elə biz də təndir çörəyinin ətrini duyub, təndirxanaya daxil olduq. Axşam saatları olmasına baxmayaraq çörək almaq üçün 3-4 nəfər növbəyə düzülüb çörəklərin təndirdən çıxmasını gözləyirdi. Adətən təndir çörəyini bişirmək deyəndə gözümüzün önünə qadınlar gəlir. Ancaq bu dəfə təndir çörəyi bişirən kişi idi. Adının Arif olduğunu deyən 53 yaşlı bu çörəkçi 13-14 yaşlarından təndirdə çörək bişirə bildiyini deyir: "Mən Bakının qədim məhəlləsi olan "Cuhudlar" məhəlləsindənəm. Çörək bişirməyi də orada anamdan, nənəmdən öyrənmişəm.

Təndir işi həmişə əzablıdır. Çünki bütün günü istinin qabağında dayanmalı olursan. Bu işdə artıq ustalaşmış şəxs heç vaxt əlini və ya üzünü yandırmır. O, hansı məsafədən durmaq, çörəyi təndirə necə qoymağın yolunu bilir. Təndirlər də müxtəlif olur. İndi gördüyünüz kiçik təndirdir və 10 çörək tutur. Bunun 15, 20 çörək tutanı da var. Təndir kərpic və gildən hazırlanır. Bu çörəyin özünün alıcıları var, deyirlər ki, hər gün mənə çörək saxla gəlib götürəcəm. Alıcılarım arasında vəzifəlilər də çoxluq təşkil edir. Ancaq elələri var ki, öz villalarında, həyətlərində təndir qoydurub və hər gün orada çörək bişirtdirir".
Təndir çörəyinin hazırlanma qaydasına gəlincə isə Arif dayı lazım olan ləvazimatların yalnız un, su və maya olduğunu dedi: "Çörəyi təndirə yapışdırmadan əvvəl təndirin divarına duzlu su səpirik ki, çörəyi qopartmaq asan olsun. Təndirin içərisindəki köz kərpicləri qızardana qədər yandırılır. Köz odunla əldə ediləndə isə üzərinə sərin su tökürsən ki, istilik çox olub çörəyi yandırmasın. Şəhərdə adətən qazdan istifadə olunur deyə, oduna və sərin su tökməyə ehtiyac qalmır. Bizim təndirdə bişən çörəyin çəkisi 520 qram olur. Biz kündəni tərəzi ilə çəkib bişiririk".

Arif dayı deyir ki, çörəklə yanaşı təndirdə bişən toyuq ləvəngisinin, peraşkinin də özünəməxsus dadı olur.

Arif dayı dedi ki, əvvəllər hərbiçi olub. Bədənində doqquz qəlpə yarası olduğunu deyən çörəkçi heç yerdə işləyə bilmədiyi üçün qədim sənət olan çörəkçiliklə məşğul olmağa başlayıb. Arif dayı son zamanlar gənclərin də çörəkçiliyə marağının artdığını dedi: "Gənclərdən yanıma gəlib çörək bişirməyi öyrənmək istəyənlər çox olub. Hazırda onların bir neçəsi müxtəlif təndirxanalarda fəaliyyət göstərir. Əvvəllər çörəkçiliyin bu qədim sahəsi ancaq kəndlərdə yaşayırdı. Şəhərdə isə kürə çörəyi bişirilirdi. Son zamanlarda təndir çörəyi bişirilməyə başlayıb".

Qeyd edək ki, müasir dövrdə təndirdən Hindistanda, Türkiyədə, Mərkəzi və Orta Asiyada, ərəb ölkələrində həmçinin Qafqazda yaşayan müxtəlif xalqlar da istifadə edir. Əcdadlarımız nahaq yerə "Təndir çörəyi, evimin dirəyi" deməyiblər. Bəzi vaxtlarda gün tutulması olanda, zəlzələ baş verəndə insanlar təndirin başına qaçıblar. Onlar təndir yanında hifz olunacaqlarına, başlarına bir iş gəlməyəcəyinə inanıblar. Ümumiyyətlə, təndir çörəyinin dadına tay ola bilməz.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.