Cəmiyyət

Üzüyün fəlsəfəsi...

7 Aprel 2014 19:45
1 Şərh     Baxış: 13 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadını ram etmək üçün yaranan bəzək əşyası indi kişilərə dərd olub...

Günümüzün məşhur lətifəsidir. Qadın sevdiyindən "tək daş üzük" tələb edir. Axı bu həm də evlilik təklifinin simvoludur... Və nəhayət kişi əlində yekə bir daş parçası ilə qadının yanına gəlir: Bu da sənə tək daş...

Kişilərin ürəklə güləcəyi, qadınlarınsa içini göynədən bu lətifənin arxasında isə maraqlı həqiqətlər yatır. Məsələn, biri elə bu üzüklərin mənası ilə bağlıdır. Üzük niyə taxılır? Hansı üzüyün mənası nədir? Az qala insanlar üçün nüfuz vasitəsinə çevrilən, toyda-büsatda "qonşu çatlatmaq" üçün taxılan üzüklərin əslində təyinatı fərqli olub zamanında. Elə indi də anlayanlar üçün hər üzüyün bir mənası var. Başdan-ayağa fəlsəfədir... Biz maraqlandıq və ortaya xeyli maraqlı detallar çıxdı...

Üzük niyə yaranıb - kişinin öz qadınını əlindən qaçırmaması üçün...

Öncə ondan başlayaq ki, üzük taxmaq Miladdan əvvələ təsadüf edir. Qədim inanclara görə, qoluna, əlinə, biləyinə metal taxmaq insanı bütün pisliklərdən uzaqlaşdırırdı. Zaman keçdikcə üzük, sırğa, qolbağ kimi bəzək-düzək əşyaları insanların simvoluna çevrildi. Ardınca nişanın, evliliyin əsas atributlarından biri oldu. İnanclar sübut edir ki, qadın və kişi bir almanın iki yarısı kimidir. Və qadınla kişinin bir arada olması tam bir insanı ifadə edir. Rəvayətlərə görə, kişilər sahibləndikləri qadınların başqa birinə qaçmasının qarşısını almaq üçün kətandan hörülmüş ip və ya dəridən istifadə edirdilər. Kişi bu ipi ilk olaraq qadının ayaqlarına və əllərinə bağlayıb qaçmasının qarşısını alıb, qaçmayacağını düşünməyə başlayanda isə ayaqlarındakı bağı açarmış. Qadınından tam əmin olanda isə əllərini açıb, ipi ancaq barmağına bağlayırmış. Beləcə, hörülü ip barmağa keçəndə üzüyə çevrilib.

Amma üzüyün yaranışı ilə bağlı başqa bir iddia da var. Həmin iddiaya görə, üzüyün təxminən 4800 illik, qədim Misirə söykənən bir tarixi olub. Üzüyün "atası" olaraq isə qədim Misirdə bəzi bitkilərə üzük şəkli verilib. Üzüyün ifadə etdiyi məna isə fövqəltəbii güclər və ölümsüz sevgilərlə bağlanırdı. Bu, eyni zamanda keçmiş toplumlarda böyük önəmi olan günəşin və ayın şəkli, bir olmanın simvolu idi.

Keçək ayrı-ayrı barmaqlara taxılan üzüklərin mənasına. Hər barmağın ayrı bir "enerji" daşıdığı hələ qədim zamanlardan qeyd edilib. Belə ki, insanın iradə mərkəzi kimi, işarə barmağı hesab edilir, öz-özünə qiymət verməyindən ortancıl barmaq xəbər verir, həssaslıq ilə adsız barmağı əlaqələndirirlər, dünyanın estetik qavramında isə çeçələ barmaq cavabdehdir. Əgər üzük məhz bu barmağa taxılıdırsa, o zaman yaradıcı ruhu qeyd etmək istəyirlər. Hətta üzüyün sahibinin incəsənət aləmi ilə heç bir əlaqəsi olmasa belə, düşünməyin ki, o hər hansı bir şıltaqlıq ilə təəccübləndirə bilməz.
Üzük ortancıl barmaqdadırsa, o zaman bu o deməkdir ki, bu insan öz təkrarolunmazlığından əmin biridir. Və bu üzüyün daşı nə qədər böyük olsa, əminliyi o qədər güclü deməkdir.

Qədim misirlilər inanırdılar ki, ürəyə aparan "sevgi arteriyası" məhz adsız barmaqdan başlayır. Ona görə elə indi də, adsız barmağa taxılan üzük ailə vəziyyəti mənasını daşıyır.
Hakimiyyət sevən insanları işarə barmaqlarına taxdığı üzüklərindən tanımaq olar. Bu insanlarda hər zaman və hər yerdə birinci olmaq arzusu üstünlük təşkil edir. Lakin sol əlin işarə barmağına taxılan üzük, sahibinin isterik, hətta allahlıq iddiası olan biri olduğuna işarə edir.

Əgər siz baş barmaqda üzük görmüsünüzsə, bu o deməkdir ki, bu üzüyü taxan insan özünütəsdiqə çalışır, ya da seksuallığını iddia etmək istəyir.

Cavanlar arasında ayaq barmaqlarına taxılan üzüklərə də rast gəlmək olar. Lakin bu diqqət cəlb etmək istəyindən başqa bir məna daşımır. Belə insanlar çox vaxt özlərini digərlərindən üstün hesab edirlər.

Evlilik üzüyü sol əlin dördüncü barmağına taxılır, çünki...

Xristian adətlərinə görə də sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına - şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da 3 qutsal - ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.

Bəzi Avropa mədəniyyətlərinə görə isə qadın üzüyü dördüncü barmağına toydan öncə, nişanlılıq dövründə taxır, amma daha sonra, yəni rəsmi olaraq evlənəndə üzüyü sağ əlinin adsız barmağına keçirir.

Bayaq da xatırlatdıq ki, üzük taxma ənənəsi, müasir dövrümüzə ta qədim Misirdən gəlib. Misirlilərə görə əbədiyyət rəmzi sayılan üzüyün sol əlin dördüncü barmağa taxılmasının çox önəmli bir səbəbi var. Belə ki, misirlilərə görə sol əlin dördüncü barmağından başlayıb, ürəyə qədər heç kəsilmədən gedən bir damar varmış. Bu damara "Vena amoris", yəni eşq damarı deyilirdi.

Əsrlər sonra aydın olub ki, kəsilmədən ürəyə qədər gedən tək damar evlilik üzüyünü taxdığımız barmaqda imiş. Digər barmaqlarımızda belə bir damar yox imiş. Aradan uzun illər keçdikdən sonra tibb bu kəşfi bir daha təsdiqlədi.

Tək daşımı kəndim aldım, təkbaşına kəndim taxdım...

Keçək indi üzüklərin növünə. Hər insan zövqünə, maddi vəziyyətinə uyğun olaraq bu sahədə seçim edir. Əslində isə bu seçim də insanın psixoloji durumundan xəbər verir.
Başlayaq üzük növləri və onların ifadə etdiyi mənalardan.

Ənənəvi üzük: Sadə və klassik üzükləri sevirsinizsə, deməli, siz adətlərə hörmətlə yanaşan və etibarlı adamsınız. Dəbdəbə və təmtəraq sizdən ötrü vacib deyil, əsas hər şeyin dədə-babaların qoyduqları qanunla getməsidir. Bundan əlavə, əminliklə deyə bilərik ki, çətin anlarda sizə sakit ürəklə arxalanmaq olar.

Almaz qaşlı üzük: Belə üzükləri sevən qadınlar həssas və əsəbi olurlar. Təbiətən romantik sayılsalar da, həyata həmişə real baxır və hər hansı bir addımı atmazdan əvvəl yüz dəfə ölçüb biçirlər.

Naxışlı üzük: Naxışlı üzüyə üstünlük verənlər, münasibətlərdə dəqiqlik və daimiliyi sevirlər. Onlar sakitliyi sevsələr də, heç vaxt riskə getməkdən çəkinmirlər. Belə qadınlar dəblə geyinməyə və diqqət mərkəzində olmağa can atır, habelə həmişə yeniliklərə hazırdırlar.
İkirəngli üzük: İkirəngli (yəni sarı və ağ qızıldan hazırlanmış üzükləri, adətən, zahiri görünüşünə həddindən artıq çox fikir verən qadınlar seçirlər. Belələri ətrafdakıların diqqətini cəlb etməyi, bəzənməyi və əylənməyi xoşlayırlar. Onlar çox həssas və incə qəlbli olurlar.

Platin üzük: Platin üzüklər, adətən, zahiri görünüşdən çox daxili gözəlliyə fikir verən adamları cəlb edir. Ən bahalı metalı xoşlayan qadınlar, eyni zamanda, həm sadəlik, həm də təmtərağı sevirlər.

Brilyant qaşlı üzük: Brilyant qaşlı üzüklərə əsasən, incəsənət adamları üstünlük verirlər. Onlar ünsiyyətcil, təmtəraq və rahatlığı sevirlər. Ümumiyyətlə, brilyant xoşlayan qızlar çox həssas və cazibədar olurlar.

Bəzi üzüklər ziyandır, çünki...

Dində də qızılın kişilərə qadağan olunması haqqında fikirlər var. İnsanların çoxu bu haqda məlumatlı olsalar da, nə üçün qızılın qadağan olunmasından xəbərsizdirlər. Təbii ki, bu qadağanı pozanlar da az deyil. Dar üzüklərin də istifadəsi həkimlər tərəfindən müsbət qarşılanmır. Barmaqların ucunda xeyli sinir ucları mövcuddur. Təbii ki, üzüyü taxarkən sinir impulslarının ötürülməsinə fiziki təsir göstəririk. Bu baxımdan dar üzüklərin taxılması xüsusilə təhlükəlidir. Ümumiyyətlə, belə üzüklərin taxılması osteoxondroz və radikulit xəstəliklərinin yaranmasına səbəb olur. Orta barmaqda narahat üzük gəzdirmək ateroskleroz və hipertoniyaya gətirib çıxarır, çeçələ barmağın yüklənməsi isə onikibarmaq bağırsağın patalogiyası ilə nəticələnir. Alimlərin fikrincə, qızıl nişan üzükləri qadın orqanizminə tənzimləyici təsir göstərir və burada baş verən prosesləri fəallaşdırır. Kişilərdə isə tamamilə əksinədir. Mütəxəssislər qadınlara qızıl əşyaları zəiflik hiss olunduğu vaxtlarda gəzdirməyi məsləhət görürlər. Bundan əlavə, ürək xəstəliklərindən hipertoniyadan əziyyət çəkən xanımlara qızıl çox xeyirlidir. Qızılın kişilərə heç bir xeyri olmadığı kimi ziyanının olub-olmaması da alimlərin maraq dairəsindədir.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.