Cəmiyyət

Millət vəkili haram kolbasalardan danışdı: "Hərə bir sex açıb..."

7 Aprel 2014 15:37
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Əvvəllər kolbasa fabrikləri vardı, onlara çox güclü nəzarət həyata keçirilirdi. Artıq hər şey özəlləşib. İndi hərə özünə bir sex açıb kolbasa istehsal edir. Sözsüz ki, buna dövlət tərəfindən nəzarət olmalıdır. Nəzarəti əslində Standartlaşdırma, Metrologia və Patent Komitəsi, həmçinin Səhiyyə Nazirliyinin müvafiq şöbəsi həyata keçirir. Artıq son faktlar da göstərir ki, komitə bu işlərə nəzarəti kifayət qədər artırıb. Hesab edirəm ki, dövlətin apardığı siyasət çox düzgündür".

Milli.Az xəbər verir ki, bunu modern.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib:

"Bildiyiniz kimi, yay aylarında çox sayda insan ət və ət məhsullarından hazırlanan qidalardan zəhərlənərək xəstəxanalara yerləşdirilib. Digər tərəfdən, mənşəyi bilinməyən ətlər aşkarlanıb, hansı ki, onlar kolbasa və sosiska istehsalında istifadə olunurdu. Bunun qarşısını almaq lazımdır. Dövlət tərəfindən nəzarət mütləq gücləndirilməlidir. Məhsulun saxlanma şəraiti, onun satışa hazır olandan sonra saxlanması diqqətdə olmalıdır."

Deputat bildirib ki, iylənən xammaldan məhsul hazırlanır, sonra isə hazır məhsulun hamısını üst-üstə yığırlar: "Belə şəraitdə məhsul saxlamaq olmaz. Sexlərdə, kolbasa və sosiskalar paylanan maşınlarda mütləq soyuducu olmalıdır. Proseslər bu standartlara uyğun davam etməlidir. Yoxsa, hərə özü üçün bir sex açıb, necə gəldi işləyir. Belə olmaz. Biz kiminsə çörək qazanmasına bir söz demirik, müdaxilə etmirik. Sadəcə, hər bir şey dövlət standartlarına uyğun olmalıdır".

E.Quliyevin fikrincə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da buna nəzarət etməlidir: "Məhsulun, xammalın mənşəyi bilinməlidir. Bir müddət Hindistan istehsalı ətlər geniş şəkildə yayılmışdı, meşədə eşşək, at əti aşkarlandı. Bizim yalnız bir istəyimiz var, Azərbaycan insanı sağlam olsun. Amma belə bir şəraitdə hansı sağlamlıqdan söhbət gedə bilər? Camaat pulunu verib məhsul alır ki, qidalansın. Amma nəticədə həmin məhsullarla qidalanaraq xəstə olur və yenidən pul xərcləməli olur. Buna nə qiymət vermək olar? Ötən günlərdə Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin sədri Ramiz Həsənovun çıxışına baxdım. Çox sevindim ki, gec də olsa, nəzarət güclənib. Söhbət yalnız məhsulun saxlanmasından getmir. Məhsulun keyfiyyətinə, tərkibinə lazım olan komponentlərin vurulub-vurulmadığından gedir. Elə kolbasa var ki, tərkibinə süd, yumurta vurmaq lazımdır. Yoxlayın görək, kolbasanın tərkibində həmin komponent varmı? Əllərinə nə düşdü, zir-zibil, kimyəvi maddələr qatırlar. Sovet dövründə 2-3 kolbasa fabriki vardı. Nəzarət güclü idi. Bütün işçilər, ağ xalatda, qolçaqda, papaqda idi. İndi o sexlərə gedin baxın, hansı birinin geyimi bu qaydalara uyğundur. Saxlanma, işləmə şəraitləri necədir? İnsanlar orada üfunətin içərisində çalışırlar. Bir daha deyirəm, birinci növbədə şərait yaradılmalıdır, ikincisi xammalın haradan gəldiyinə, üçüncüsü isə hansı texnologiyaya uyğun hazırlandığına nəzarət olunmalıdır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu məsələyə görə narahat olduğunu deyib: "ABŞ-ın USAID şirkəti Azərbaycanda rəqabətə davamlılıq layihəsini 5 ildir həyata keçirir. Onlar bizim təşkilatla iş aparıblar. Azərbaycan istehlakçılarının qida təhlükəsizlik nişanını (AİQTN ) bəzi müəssisələrə verilməsi barədə iş gedir. Bu artıq dünyada ilk təcrübədir. Bildirim ki, gümüş, qızıl və platin səviyyəli qida təhlükəsizlik nişanları dövlət qeydiyyatına alınıb. Azərbaycanda bu nişan cəmi 3 müəssisəyə - "Ulduz" şokolad fabriki, "Sab" kolbasa və sosiska istehsalı müəssisəsi, "Sevimli dad" kolbasa və sosiska məhsulları müəssisəsinə verilib".

AİB sədri bildirib ki, onlar "Səhliyalı" şirkətində də bu işi aparmaq istəyib, lakin şirkət buna razılıq verməyib: "Çox təəssüf ki, bizə həmin şirkətdə təhlükəsizlik alqoritmini yoxlamağa icazə vermədilər. Çox böyük qiymətləndirmə alqoritmidir. Kim bu nişanı alırsa, əmin olmaq olar ki, onlar təhlükəsiz qida istehsal edir. Bir çox müəssisələri gəzərkən şahidi olduq ki, ölkədə ərzaq təhlükəsizliyinə cavab verən müəssisələr çox azdır. Demək olar, yox səviyyəsindədir".

AİB sədri onu da deyib ki, rəhbərlik icazə verərsə, son günlər gündəmi zəbt edən, içərisindən qurd çıxdığı iddia olunan sosiska istehsalçısı "Səhliyalı" şirkətində də monitorinqlər aparmağa hazırdırlar:

"Biz həm də müəssisələrə müəyyən məsləhətlər və tövsiyələrimizi təqdim edirik. Ümumilikdə, Azərbaycanda kolbasa, sosiska istehsal edən şirkətlərdə heç də hər şey ürəkaçan deyil. Biz dünyanın 123 ölkəsində Azərbaycan mallarının təbliğatını aparmaq niyyətindəyik. Lakin qida istehsalı müəssisələrində, o cümlədən də su, şirələr istehsal edən müəssisələrdə olmuşuq. Aparılan monitorinqlərin nəticəsində müəyyən olunub ki, qida təhlükəsizliyinə cavab verən çox az müəssisə var, demək olar yox dərəcəsindədir. Aprel ayının 20-də "Azərsun holdinq"də işçilərlə treninq aparacağıq. Hər şey təmənnasızdır. Treninqdə qida təhlükəsizliyini necə əldə etmək olar məsələsi müzakirə obyekti olacaq. Düşünürəm ki, "Azərsun" təhlükəsiz qida istehsal edir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.