Cəmiyyət

AMEA-dan Botanika bağındakı ağac "qırğını"na münasibət... - YENİLƏNİB - FOTO

7 Aprel 2014 19:02
Baxış: 1 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19:02

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında (AMEA/MNB) elmi tədqiqat əhəmiyyətli yenidənqurma və abadlıq işləri həyata keçirilir

Milli.Az xəbər verir ki, AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakıda Badamdar şosesi, 40 ünvanında yerləşən 41,3 hektarlıq bağın cənub-şərq hissəsində yarım hektarlıq şitillik ərazidən müxtəlif cavan ağac növləri köklü şəkildə digər hissəyə köçürülüb. Bildirilib ki, burada təbii genofondun zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edən yeni bitkilər əkilir. MNB-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev bildirib ki, bitki genofondunun zənginləşdirilməsi üçün ən əlverişli sahə nisbətən boş olan, uzun illər seyrək ağaclarla qorunub saxlanılan ərazidir: "Lakin ərazidən keçən kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli elektrik kabelləri, iri tutumlu istilik və su boruları hazırda bu ərazinin istifadəsini məhdudlaşdırır. Hətta ağacların kökləri yüksək gərginlikli kabellərin açıq hissələrinə nüfuz edərək tədqiqatçılar və ziyarətçilər üçün ciddi təhlükə mənbəyinə çevrilib. Burada ara-sıra müşahidə olunan qığılcımlar təhlükənin ciddiliyindən xəbər verir. Məsələ ilə əlaqədar 2014-cü ilin yanvarında "Bakıelektrikşəbəkə" ASC-yə rəsmi müraciət edilib.

Yerin altında kommunikasiya xətlərinin yenilənməsi məqsədi ilə qazıntı işlərinə başlanılacağı təqdirdə ağacların məhv olmaması üçün onlar məhz yazın əvvəlində, təbiətin oyanma prosesindən qabaq köçürülüb.

Hazırda sözügedən ərazidən maksimum səmərəli istifadə etmək məqsədi ilə köçürmə və əkin işləri planlı şəkildə həyata keçirilir. Kökləri dərinə uzanmayan bitkilərin, xüsusən də çiçək növlərinin əkilməsi üstünlük təşkil edir. Burada gələcəkdə elmin inkişafı məqsədi ilə digər tədbirlərin görülməsi üçün əlavə imkanlar da nəzərə alınır".

Məlumatda qeyd olunub ki, yenidənqurma işləri ilə bağlı mətbuatda dərc olunan yazılarda istifadə olunan ağac fotoları Mərkəzi Nəbatat Bağına aid deyil.


----------
10:59

AMEA-nın prezidenti görəsən bu fakta niyə reaksiya verməyib?


Bu günlərdə facebook-da, sonra isə ANS-in "İç xəbər" proqramında AMEA-nın Botanika bağında ağacların kəsilməsini əks etdirən fotolar və reportaj yayılıb. Bakının hansısa məhəlləsində deyil, məhz Milli Elmlər Akademiyasının Botanika bağında ağacların kəsilməsi haqlı olaraq ciddi səs-küyə səbəb olub.

Bunun ən başlıca səbəbi, şübhəsiz ki, təbiətin qorunmasına cavabdeh olan, bu kimi faktları yeri gələndə qınamalı olan bir qurumun öz əhatə dairəsində təbiətə qənim kəsilməsi idi. Hadisədən sonra Botanika bağının rəhbərliyi bəzi KİV-lərə açıqlamasında deyib ki, heç bir ağac kəsintisindən söhbət gedə bilməz.

Bir sözlə, ciddi-cəhdlə faktı təkzib etməyə çalışıblar. Amma məhz facebook-da yayılan fotolar və "İç xəbər"dəki reportaj ağacların məhz bu bağda kəsilməsini əks etdirib. Görünən kəndə bələdçi lazım olmadığı kimi, təbii ki, fotolarda və "İç xəbər"dəki reportajda əks olunan ağac kəsintisini təkzib etmək mümkünsüzdür. Bu, məsələnin bir tərəfi.

Əlbəttə, müvafiq qurumlar bu faktı araşdırıb nəticəni açıqlayacaq. Botanika bağının rəhbəri Vahid Fərzəliyevin təkzibinə gəldikdə, görünür, o, faktın ciddi səs-küyə səbəb olduğunu düşünərək belə tez reaksiya verib.

Modern.az saytının apardığı araşdırma zamanı da bir neçə gün öncə Botanika bağının ərazisində ağacların kəsilməsi faktı təsdiqlənib. Ona görə də sual yaranır: AMEA-nın prezidenti, görəsən, bu ağaclar kəsiləndə niyə reaksiya verməyib?

Suala cavab olaraq iddia etmək mümkündür ki, əraziyə göz dikənlərlə rəhbərliyin əvvəlcədən razılaşması olduğundan reaksiya verməyib. Digər tərəfdən, bəlkə də rəhbərliyin ağacların kəsilməsindən xəbəri olmayıb, yaxud bu qanunsuzluğu edənlər heç onunla məsləhətləşməyiblər də. Onda başqa sual ortaya çıxır: AMEA-nın prezidenti, Botanika bağının mühafizəsinə cavabdeh olanlar niyə bu qanunsuzluğa reaksiya verməyiblər?

Söhbət hansısa yiyəsiz ərazidən getsəydi, ağacların səssiz-səmirsiz kəsilməsini başa düşmək olardı. Ancaq söhbət hasarlanmış böyük bir ərazidən - qapısında polis dayanan sahədən gedir.

Bir daha qeyd edirik: Botanika bağının mühafizəçiləri niyə ağacların kəsilməsinin qarşısını almayıb? Yəqin həm AMEA-nın, həm Botanika bağının rəhbərliyi, həm də müvafiq qurumlar bu biganəliyin səbəbini tezliklə açıqlayacaq. Təbii ki, Botanika bağının rəhbəri Vahid Fərzəliyevin iddia etdiyi kimi, ağacların kəsilməsi yox, çıxarılıb başqa yerə köçürülməsi faktının da nə dərəcədə həqiqət olduğu da onda bilinəcək.

"Yeni Müsavat"

---------
19:02

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.