Cəmiyyət

Aldatma, vəfasızlıq, nankorluq, xəyanət...

5 Aprel 2014 15:43
0 Şərh     Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təbəssümdən söz düşmüşkən, sizlərə iki gülməli əhvalat danışdıqdan sonra mətləbə keçmək istərdim.

Tanıdığım, get-gəlimiz olan, indi Allahın rəhmətinə qovuşmuş bir nəfər öz yaşlı dayısının qəribə xasiyyətindən bəhs etmişdi mənə. Dediyinə görə, dayısı əliboş qonaq gəlsə də, o cür qayıtmağı xoşlamazmış. Qapıdan yola salınanda geri qayıdıb, həyətdə əlinə nə keçsə, apararmış. Ona görə də, mənim bu tanışım bacıoğlu onu bir xeyli yola salarmış ki, bir də əziyyət çəkib bu qədər yolu geri qayıtmasın. Dayı nə qədər "bacıoğlu, zəhmət çəkmə daha özüm gedərəm", - desə də bacıoğlu əl çəkməz, kişi onların evindən xeyli aralanandan sonra qayıdıb arxayın yatarmış ki, təhlükəni bir təhər sovuşdura bildi. Allah hər ikisinə rəhmət eləsin.

Kəndimizdə Nurbala adlı, o dövr üçün məşhur bir usta var idi. Ümumiyyətlə, kəndimizdə mahir ustalar çox olub, elə bu gün də var. Təzəcə ustalığa başlayan gənclər ehtiyacları olan alətlər üçün tez-tez bu rəhmətliyə müraciət edirmişlər. Usta da heç kəsi əliboş qaytarmazmış. Üstündən heç bir saat keçməmiş ya uşaqlarından birini göndərər, ya da özü gedib həmin aləti geri istəyərmiş. Sevinərək işləməkdə olan gənc usta nə qədər dil-ağız etsə də, Hurbala kişini yumşalda bilməzmiş. Usta deyərmiş: - Arxayın işləmək istəyirsən, get padşahın bazarından özünə alət al, qoy başının altına, lazım olanda da işlət, özgə atına minən tez düşər."

Sonralar tanınmış ustalar olan həmin gənclərin yaşlı vaxtları bizim gəncliyimizə düşmüşdü. Mən özüm onların dəfələrlə Nurbala kişiyə rəhmət oxuyub, "Məni o kişi usta elədi", - dediklərini eşitmişəm.

Hər iki əhvalatda arxayınçılığın heç də yaxşı hal olmadığı, hər işdə tədbirli olmağın faydası açıq-aşkar görünür.

Neçə gün idi ki, bahar öz ilıq nəfəsi ilə bizləri qışın ayrılıb getdiyinə inandırmağa çalışırdı. Biz isə buna çoxdan inanmışdıq. Martın 30-da yağan qar mənə və bu əhvalatı eşidənlərə yaşlı adamların görüb söylədikləri, lakin inana bilmədiyimiz "Rəsulun camışları ölənə hələ qalıb" ifadəsini xatırlatdı. Mən özüm aprelin sonu, mayın əvvəlində bizim tərəflərdə qar yağdığının şahidi olmuşam. "Rəsulun camışları ölən" vaxt, o kişilərin dediyinə görə, Novruzdan qırxbeş gün sonraya, yəni mayın 5-nə təsadüf edir. Elə qalın qar yağıb ki, bir neçə gün heyvanlar çölə çıxa bilməyiblər, kəndlilər yarıçürük küləşi bölüşüblər. Uşaqlıq illərindən yadımda qalıb ki, çoban atam sentyabrın sonlarından başlayaraq hər gün palıd ağaclarının zoğlarından səliqə ilə bağladığı yastıq boyda bir neçə yarpaq dərzini çomağına keçirib gətirər, samanlığımızda ayrıca yığardı. Döl vaxtı quzulayan qoyunları, keçiləri həmin dərzlərlə yemləyərdi ki, balaları yaza gümrah çıxa bilsinlər.

Martın 30-da yağan qar da həm qalın olması, həm də soyuq küləklə yağması ilə çox sərt göründü. Hərdən isti yer axtararaq pəncərəmizə çırpılan quşcığazlar da bunu hiss etmişdilər. Bu qar həm də heyvanlarının ot-ələfi tükənənlərin ürəyinə yağırdı sanki. Kəndimizin geniş biçənəklərinin otu biçilmədən çürüyüb gedir, əkin sahələrinin küləşi də ya yandırılır, ya da yığılmadığı üçün şum vaxtı torpağa qarışır. "Ehtiyatlı igidin anası ağlamaz", deyib atalar. Atalar bunu deməklə kifayətlənməyiblər, dediklərinə əməl də ediblər. Tədbirli olmaq həyatın bütün sahələrində əhəmiyyətlidir.

Təbəssüm, gülüş, yüksək əhval-ruhiyyə sağlam ömrün cövhəridir. Psixoloqlar hər səhər aynaya baxaraq, bir neçə dəfə gülməyi məsləhət görürlər. Təbəssüm orqanizmi öz tarazlığına qaytarır, ona müsbət enerji verir.

Təbiət daim dəyişən və mükəmməl bir harmoniya, nizam içində öz yerini tutmuş canlılar toplusudur. Onun da tarazlığında bəzən kənar müdaxilələr nəticəsində müəyyən problemlər əmələ gəlir və bərpa prosesini tamamlamaq, gözünü ona dikən, sayı bilinməyən canlıların ehtiyaclarını təmin etmək üçün Allahın əmri ilə hər hala düşür.

Təbiət bizə qəribə görünən təbəssümü ilə həm öz enerjisini bərpa edir, həm də bizlərə barmaq silkələyir, ibrət verir. Yer üzərində, bəlkə də, kirlənməmiş çay, göl dəniz qalmayıb. Səmamız haqqında danışmağa dəyməz. O da bütün ölkələrin, ən çox da inkişaf etmiş ölkələrin tullantıları ilə zəhərlənib. Hamı iqlimin dəyişməsindən, havamızın, suyumuzun və qidamızın zərərli maddələrlə kirlənməsindən ağızdolusu danışır, lakin heç kəs bu işdə öz günah payının olmasından bəhs etmək istəmir. Əvvəllər böyük şəhərlərimizin küçələrinə zibil tullanmasından gileylənirdik, indi kənd yerlərində də yolların kənarı ətraf mühitə düşmən münasibətimizin canlı nümunələri olan zibil dolu kisələrlə "bəzədilməkdədir". Yaxın keçmişə qədər yolçular yol kənarındakı yaşıllıqda, ağacların kölgəsində oturub istirahət edər, Allahın yaratdığı gözəlliklərdən zövq alardılar. Yollar bir yana, çöllərimiz də zibilxanalara çevrilməkdədir. Kol-kos diblərinə, xəndəklərə atılmış zibil torbaları baxanın gözünü ağrıdır. Rəhmətlik M. Ə. Sabirin dediyi kimi, "... Mən salim olum, cümlə cahan batsa da batsın, - düşüncəsi ilə öz həyət-bacalarını təmiz saxlayıb ətrafı zibilləyənlər təbiətin kinayəli təbəssümündən öz paylarını götürməlidirlər. Müqəddəs Quranda belə buyurulur: - İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar. (Rum - 30/41)

Baharı qar ilə qarşılamağın hikmətini də yeri, göyü, onların arasındakıları, günləri, ayları, fəsilləri, illəri yaradıb nizamlayan Qadir Allah bilir. Bəzi mer-meyvələrin olmayacağı qayğısı ilə narahat olanlar bilməlidirlər ki, ehtiyatlı xanımlar bu il də damaqlarımızı dadsız qoymazlar. Olana şükür. Bu qarın əkin-biçin ilə məşğul olanlar üçün ilahi bir lütf olduğuna şübhəmiz yoxdur. Ötən il yaxşı məhsul ala bilməsək də, bəziləri kimi mən də Nəcip Fazil Qısakürəyin təbirincə "Toxum ək, bitməzsə, torpaq utansın!" - deyib bir hektar pay torpağımda taxıl əkmişəm. Siçanlar məni peşman eləmək üçün gecə-gündüz yatmırdılar. Bir neçə dəfə dərmanla onlara qarşı mübarizə aparsam da, xeyri olmadı. Onlara zəhər deyil, sanki, vitamin verirdim. Buğdanın üstündəki zəhəri yalayıb, buğdaları da yuvalarının ağzına tullayırdılar. Bu qar onlara da lazımi dərsi verəcək yəqin.

Çox zaman şıltaqlıq kimi gördüyümüz təbi etirazlar həm də bizləri özümüzə, əməlimizə, insafımıza, ədalətimizə baxmağa, tez bir zamanda bir-birimizə, ətraf mühitə münasibətimizi dəyişməyə fövqəladə çağırış deyilmi?

Bu, həm də dünyada aldatma, vəfasızlıq, nankorluq, xəyanət, zülm, işgəncə, iftira, böhtan kimi lənətlənən hərəkətləri bir hobbi kimi görən və belələrinə göz yumanlara xəbərdarlıqdır.

Əməllərini özündən başqa kimsənin görmədiyini zənn edənlər də Uca Kitabımızın bu nəsihətini dinləsələr yaxşıdır: - Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! (Həşr - 59/18)

Allah bizləri nəsihətinə qulaq asan, xoşbəxt yaşayıb əbədi səadətə qovuşan taleli bəndələrindən eyləsin. Amin!

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.