Cəmiyyət

Bakı avtovağzalının bitib-tükənməyən problemləri - FOTO

5 Aprel 2014 10:57
0 Şərh     Baxış: 5 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstana gedən sərnişinləri aldadıb Qırmızı Körpüdə düşürürlər; sürücülər isə sərnişinlərdən bilet almamağı tələb edirlər

Milli Az xəbər verir ki, "Yeni Müsavat"ın redaksiyasına Pərvin Quliyev adlı şəxsdən şikayət məktubu daxil olub. Şikayətdə deylir ki, Bakı Rayonlararası və Beynəlxalq Avtovağzalında qanunsuz hərəkətlər edilir.

Şikayətçinin sözlərinə görə, Bakı Rayonlararası və Beynəlxalq Avtovağzalda vətəndaşları aldadırlar: "Nəqliyyat sistemində insanlığa yaraşmayan davranışlara yol verilir. Bir neçə gün öncə Bakı-Tbilisi istiqamətində bilet almağa getdim. Kassaya yaxınlaşıb bilet soruşdum və bildirdilər ki, Tbilisi və Marneuli reysi var. Mən Tbilisi reysini istədim. Saat 23:00-a bilet yazdılar. Biletin üstünə 12 manat yazıldığı halda məndən 13 manat tələb etdilər. Səbəbini soruşduqda kassir müəyyən bəhanələr gətirdi.

Axşam gəldik avtovağzala, saat 23:00 olmamış avtobus sürücüsü başladı hay salmağa ki, gedirik. Bizə satılan bilet isə Marneuli avtobusuna imiş, burada da bizi aldatdılar. Əlacsız yola düşdük, gəldik çıxdıq Qırmızı Körpüyə. Sürücü bir neçə dəfə bütün yüklərimizi götürüb sərhədi özümüzün keçməli olduğumuzu dedi. Biz sərhədi keçəndən sonra bəlli oldu ki, avtobus geri qayıdıb və sürücü bütün sərnişinləri aldadıb. Sərnişinlər də buna normal hal kimi yanaşırdılar və dəfələrlə belə halların olduğunu dedilər. Sürücüyə zəng etdim, düzgün etmədiyini və ondan şikayət edəcəyimi bildirdim. O isə bir neçə bəhanə gətirdi. Nəqiliyyat Nazirliyinin qaynar xəttinə zəng etdik, mətbuat şöbəsinin rəhbəri Namiq bəylə danışdıq, eyni zamanda avtovağzalın "qaynar xətt"inə zəng edib aldadıldığımızı bildirdik. Telefona cavab verən xanım bu fırıldaqçılıqdan, deyəsən, xəbərdar idi, çünki bilet satan xanıma qarğış etməyə başladı. Belə bir xoşagəlməz özbaşınalığın şahidi olduq".

Şikayətlə bağlı Bakı Rayonlararası və Beynəlxalq Avtovağzalda olduq. Sərnişin qismində Gürcüstana gedən avtobusa yaxınlaşdıq. Biletin qiymətini soruşduq. Özünü avtobusun sürücüsü kimi təqdim edən şəxs biletin qiymətinin 10 manat olduğunu söylədi. 10 manat verərək bilet tələb etdik. Sürücü isə bilet olmadığını, sadəcə, oturacağımız yerin nömrəsini deyəcəyini və bununla da mənim Gürcüstana gedə biləcəyimi söylədi. Oradan uzaqlaşaraq, digər avtobusa yaxınlaşdıq. Bu avtobusun səfəri isə Mingəçevirə idi. Avtobusun yanında dayanan sərnişindən biletin qiymətini soruşanda gülümsəyərək dedi: "Axırıncı dəfə biletlə nə vaxt getdiyimi unutmuşam. Heç kassaların yerini belə bilmirəm. Yaxınlaşıram avtobusa, pulumu verirəm və gedirəm".

Söhbətimizi eşidən Adil adlı Gürcüstan vətəndaşı bizə yaxınlaşdı. O bildirdi ki, bilet məsələsi ən kiçik problemdir: "Bir dəfə bilet almışdım. Avtobusda pul yığılan zaman biletimi göstərdim. Sürücü başladı qışqırmağa. Dedi ki, bilet almayın, biz onlara bu qədər pul veririk, hamı bilet alsa, biz necə dolanacağıq. Bilet adi məsələdir. Onu həll etmək olar. Elə problemlər var ki, onları demək lazımdır. Misal üçün, avtobuslarda aparılan yüklərdən. Avtobusun alt hissəsində əşya deposu var. Ora sərnişinlərin əşyalarını yığmalıdırlar. Amma vəziyyət tam başqadır. Gözümün şahidiyəm ki, əşya yerinə hansısa rayonda, kiməsə çatası olan qaz balonları, kartof, soğan və digər şeyləri doldururlar. Sərnişinlərin əşyalarını isə oturacaqların arasına yığırlar. Elə şərait yaranır ki, normal hərəkət etmək olmur. Yolda bir çox yerdə saxlayırlar. Oradan da əşya yığırlar. Bunların bu hərəkətlərinin qarşısını alan olmayacaq?"

Bütün bu şikayətlərlə cavab tapmaq üçün Bakı Rayonlararası və Beynəlxalq Avtovağzalın məlumat bürosuna yaxınlaşdıq. Oradan bizə dedilər ki, heç kəs biletsiz heç bir yerə gedə bilməz.

Bürodakı şəxslə aşağıdakı dialoqumuz oldu:

- Avtobusların biletsiz sərnişin daşımalarının səbəbi nədir?

- Heç bir avtobus biletsiz sərnişin daşıya bilməz.

- Axı hazırda ikinci mərtəbədə avtobuslar sərnişinləri biletsiz aparır və bununla da vergidən yayınırlar.

- Onlar hamısı axırda gəlib burada biletləri alırlar.

- Sürücülər sərnişinləri bilet almağa qoymur. Bunun səbəbi nədir?

- Elə şey yoxdur. Hamısı yalandır. Əgər iddialar doğrudursa, o sərnişinlərin günahıdır ki, sürücülərlə sövdələşirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.