Cəmiyyət

Qəbrin harayı

31 Mart 2014 23:53
2 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həzrət Muhəmməd Peyğəmbər (s) buyurub: "Hər gün qəbir bu beş kəlmə ilə (insanlara xitabən) fəryad edər: Mən tənha bir evəm, mənə gələndə özünüzlə munis (yoldaş) gətirin.

Mən zülmət bir evəm, mənə gələndə özünüzlə çırağ gətirin. Mən torpaqdan bir evəm, mənə gələndə özünüzlə yataq gətirin. Mən fəqrlə dolu evəm, mənə gələndə özünüzlə xəzinə gətirin. Mən həşəratlarla dolu evəm, mənə gələndə özünüzlə o həşəratların zəhərinə qarşı padzəhr gətirin". Sonra Peyğəmbər öz buyurduqlarını izah etdi: "Munis - Quran tilavətidir. Çıraq - gecə namazıdır. Yataq - saleh əməldir. Xəzinə - "La ilahə illəllah" kəlməsidir. Padzəhr - sədəqədir" ("Məcmueyi-Vərram", səh. 200; Qütbəddin Ravəndi. "Əd-Dəəvat", səh. 258).

Milli.Az İslam.az-a istinadən bildirir ki, ötən yazıların birində cansız saydığımız dünyanın Allaha həmdü-səna və təsbih etdiyini, eləcə də, bizlərə bəzi mesajlar ünvanladığını bildirmişdik. Amma biz bu səsləri qulaqlarımızla eşitmirik. Bu səsləri yalnız imanla dolu qəlb duya bilər. Peyğəmbərin yuxarıdakı hədisi bir daha bu məsələni təsdiq və təkid edir. Həqiqətən, qəbristanlıq dünya həyatının müvəqqətiliyini, ölümün labüdlüyünü, axirət hesabının dəhşətini dirilərə xatırladan ən gözəl nəsihətçidir. Elə buna görə İslam dini qəbir ziyarətinə getməyi, dəfn mərasimlərinə qatılmağı bəyənir və təşviq edir.

Hədisin birinci cümləsində qəbrin tənhalığına Quran tilavəti ilə çarə etmək tövsiyə olunur. Əbəs yerə müqəddəslərimiz Quranı "qəlbin baharı" və "qəlbin cilası" adlandırmamışlar. İmam Zeynül-abidin (ə) buyurmuşdur: "Şərqdən Qərbə kimi bütün insanlar ölsə belə, təkcə Quran mənimlə olsa, heç vaxt qorxu və kimsəsizlik hiss etmərəm". Quran qiyamət günündə onu oxuyub əməl edən adam üçün Allah yanında şəfaət edər. Əksinə, onu oxumadan toz içində saxlayan və ya oxuyub əməl etməyən adamın əlindən Allaha şikayətçi olar. Bu özəlliklərə görə, Quran tilavətindən sonra oxuduğumuz tapşırma duasında deyirik: "Allahım, Quranı bu dünyada bizim üçün rahatlıq vəsiləsi, qəbrdə munis, sırat körpüsündən keçmək üçün vəsiqə, cəhənnəm alovundan örtü və maneə qərar ver".

Hədisin ikinci cümləsi qəbir zülmətini gecə namazı vasitəsi ilə çıraq kimi işıqlandırmağın mümkünlüyünü bəyan edir. İmam Rza (ə) gecə namazı qılmağın dünyada və axirətdə insana gətirdiyi faydaları sayaraq buyurmuşdu ki, gecə namazını qaydası ilə qılan adam qəbr əzabından xilas olar, cəhənnəm atəşindən amanda qalar, ömrü uzanar və dolanışığı yaxşılaşar (yəni ruzisi artar). Yenə hədislərdə buyurulur ki, gecə namazı qiyamət günündə adamın başı üstündə kölgəyə, başında taca, əynində paltara dönər; nura dönüb yolunu işıqlandırar; onunla cəhənnəm arasında pərdə olar; Allahın qarşısında hesab verərkən sübuta, mizan tərəzisinin xeyir əməllər qoyulan gözündə yükə, sırat üzərindən keçmək üçün icazəyə, cənnətə girmək üçün açara dönər.

Qəbir evinin yatağı saleh əməllərdir. Qurani-kərimdə buyurulur: "Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik" (Nəhl, 97). İslam Peyğəmbəri insana dünyada və axirətdə fayda verə biləcək amilləri bu cür tanıtdırırdı: "Vəfat etmiş insana üç şey yoldaşlıq edər: ailəsi, var-dövləti və əməli. Bunlardan ikisi qayıdıb geri dönər, biri isə qalar. Ailəsi və var-dövləti qayıdar, əməli isə onunla qalar".

Qəbir möhtaclığının əlacı ən gözəl xəzinə olan "La ilahə illəllah" kəlməsidir. Əlbəttə, burada yalnız tövhid cümləsini quruca söyləməkdən söz getmir. Bu sözlərin məna yükünü dərk edərək iman gətirmək, tövhidi bütün mərtəbələri ilə birlikdə qəbul etmək, şirki anlamaq, tanımaq və ondan uzaq durmaq lazımdır. Yalnız bu halda "La ilahə illəllah" kəlməsinin axirətdə insana faydası dəyər. Elə bu dünya ilə axirətin fərqi də bundadır. Bu dünyada kəlmeyi-şəhadətini deyən hər kəs müsəlman sayılar, onunla müsəlman kimi rəftar etmək borcumuzdur. Amma axirətdə insanın həqiqi imanı nəzərə alınar, riyakarlıq kara gəlməz.

Nəhayət, hədisin beşinci bölümündə qəbir əzabını yüngülləşdirən, həşəratların zəhərini zərərsizləşdirən dərman kimi sədəqə vəsf edilir. Bunu başqa hədislərdə də oxuyuruq. İslam Peyğəmbəri buyururdu: "Qiyamətin torpağı bütövlüklə alovdur, - möminin kölgəsindən başqa. Çünki verdiyi sədəqə onun üzərinə kölgə salar". "Sədəqə Allahın qəzəbini yatırar". Həzrət Əli (ə) isə sədəqəni cəhənnəm alovu qarşısında sipərə bənzədirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.