Cəmiyyət

Azərbaycanda 31 Mart Soyqırımının qurbanları anılır - YENİLƏNİB - FOTO - VİDEO

31 Mart 2014 20:22
Baxış: 5 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:22

Bu gün şəhidlərin xatirəsi Qobustanda da anılıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, 1130 əsgərin xatirəsinə ucaldılmış ''tənha məzar'' ziyarət edilib. Abidə önünə gül dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub, kimsəsiz, əliyalın insanlara qarşı  törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması üçün maarifləndirmə işlərinin zəruriliyi vurğulanıb.
 

İsmayıllıda soyqırımı qurbanları yad edilib. Bu münasibətlə keçirilən tədbirin iştirakçıları şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin abidəsi önünə gül dəstələri düzüblər. Bir daha ermənilərin iç üzü ifşa olunub, azərbaycanlılara qarşı törədilən vəhşiliklərə beynəlxalq qiymət verilməsinin zəruri olduğu diqqətə çatdırılıb.
 

Soyqırım qurbanları və şəhidləri Qaxda da anılıb. Anma mərasimindən öncə Şəhidlər xiyabanı ziyarət edilib, vətənin azadlığı uğrunda şəhid olanların məzarı önünə gül dəstələri qoyulub. Bu münasiətlə keçirilən konfransda bildirilib ki, bir əsrdən çoxdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədəyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya nəticəsində Azərbaycan xalqı ağır məşəqqətlərlə üzləşib. Bu siyasət nəticəsində soydaşlarımız min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb.


31 mart soyqırımı qurbanlarının xatirəsi Zaqatalada da anılıb. Abidə kompleksi önünə gül-çiçəklərin qoyulması ilə başlayan tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda 1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsinin, soyqırımına məruz qalmasının XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrdən biri hesab olunduğu bildirilib. Erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi vurğulanıb.

Balakəndə də 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib. Öncə soyqırım qurbanlarının xatirəsi yad edilib, yeni ucaldılan abidə kompleksi önünə gül-çiçək dəstələri düzülüb. Daha sonra keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri dəhşətli faciələrdən bəhs edilib. Bildirilib ki, erməni quldurlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə hüquqi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasət bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Toplantı ədəbi-bədii kompazisiya ilə davam etdirilib.


--------
17:48


Salyanda ümumrayon anım mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyub. Milli.Az CTV-yə istinadən xəbər verir ki, mərasimdə rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarında, eləcə də təhsil, mədəniyyət müəssisələrində çalışan və minlərlə rayon sakini soyqırım qurbanlarına dərin ehtiramlarını bildirməklə abidə önünə gəlib tər gül-çiçək dəstələri düzüblər.
Şəhidlərin ruhlarına dualar oxunub.

Qeyd edək ki 1918-ci ilin martında daşnak-bolşevik birləşmələri Salyanda da dəhşətli faciələr törədiblər. 4 ədəd çaplı topu, 14 ədəd pulemyotu, 900 nəfərədək əsgəri qüvvəsi olan düşmənə qarşı türk zabiti Ramazan paşanın 400 nəfərlik nizami ordusu da döyüşüb. Bu döyüşlərdə dinc sakinlərlə yanaşı, türk zabit və əsgərləri də şəhid olublar. Anım günündə türk zabit və əsgərlərin məzarları da yad edilib, məzarların üzərinə tər qərənfillər düzülüb.

Biləsuvarda keçirilən ümumrayon tədbirində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırımla bağlı film nümayiş olunub. Milli.Az CTV-yə istinadən xəbər verir ki, toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı bildirib ki, azərbaycanlıların məruz qaldıqları erməni soyqırımı nəticəsində 2 milyondan çox soydaşımız deportasiya edilib,1,5 milyon həmvətənimiz qanına qəltan olunub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, uzun illər gizli saxlanılan bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması soyqırımın obyektiv hüquqi-siyasi qiymətini alması və 31 martın soyqırım günü kimi elan olunması məhz ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində mümkün olub. Anma mərasimində prezident İlham Əliyevin prinsipial mövqeyi, soqırımı aktları ilə bağlı dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərin nəticəsi olaraq erməni təbliğatının kəsərdən düşməsi və iflasa uğraması konkret faktlarla diqqətə çatdırıldı.


--------
17:30


31 mart soyqırımının 96-cı ildönümü ilə əlaqədar bu gün Qusar rayonunda faciə qurbanlarının anım mərasimi keçirilib. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, tədbirdə RİH-in başçısı Şair Alxasov, millət vəkili Azər Badamov yerli icra orqanlarının məsul işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər mənfur erməni daşnaklarının 20-ci əsrin əvvəllərində millətimizə və xalqımıza qarşı törətdikləri amansız faciənin dəhşətlərindən danışıblar. Mərasimdə, həmçinin o da bildirilib ki, 31 mart bəşər tarixinin ən qəddar faciələrindən biri kimi Azərbaycan tarixinə qanlı həriflərlə yazılıb.

Soyqırım qurbanlarının xatirəsi Saatlı rayonunda bir sıra tədbirlərlə yad olunub.

Milli.Az CTV-yə istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 31 mart soyqırım abidə kompleksini, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsini əks etdirən baralyefləri ziyarət edib önünə gül dəstələri düzdülər. Şəhidlərin ruhuna dualar oxundu. Çıxış edən Saatlı Rayon İcra Hakimiyyəyinin başçısı 1918-ci ilin mart ayında erməni bolşevik birləşmələrinin xalqımızın başına gətirdiyi müsibətlərdən danışdı.

Bildirildi ki, erməni daşnakları dinc əhalini uşaqdan böyüyədək qətlə yetirib onları doğma ev-eşiyindən, zorla didərgin salıblar. Erməni daşnakları tərəfindən təkcə Bakı şəhərində 12 mindən artıq azərbaycanlı yalnız milli mənsubiyyətinə görə, amansızlıqla məhv edilib. Ümumilikdə bir həftəyə kimi davam edən qətliamda 50 min azərbaycanlı erməni terrorunun qurbanı olub. İnsanların diri-diri divarlara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır. Qeyd olunub ki, erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırımı yalnız Bakı ilə məhdudlaşmayıb. Vandalizm aktı Şamaxı, Quba, Qarabağ və digər bölgələrdə də davam edib. Şamaxıdan qaçıb canını qurtarmğa çalışan dinc sakinlər Muğan bölgəsinə üz tutaraq ot tayalarının altında sıgınacaq tapıblar. Tədbirin sonunda məktəblilərin ifasında ədəbi bədii kompozisiya nümayiş etdirilib.

Soyqırımı günü ilə əlaqədar Mingəçevir şəhər icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəsissə və təşkilatların kollektivləri soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil və tər güllər düzüblər. Milli.Az El TV-yə istinadən xəbər verir ki, şəhid soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümumşəhər anım tədbirində xalqımızın tarixən qarşılaşdığı çətinliklərdən danışılıb. Ermənilərin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri qanlı çinayətlər yada salınıb. Bildirilib ki, "Böyük Ermənistan" yaratmaq kimi sərsəm xülya ilə yaşayan daşnak tör-töküntüləri təkcə 1918-ci ilin mart qırğınları zamanı on minlərlə azərbaycanlını qəddarcasına qətlə yetiriblər. Kənd və şəhərlərimizi viran qoyaraq tarixi abidələrimizi məhv ediblər.

Təssüf ki, Sovet hakimiyyəti illərinndə də imperiya rəhbərlərini ələ almağı bacaran ermənilər məkrli siyasətlərini davam etdirərək soydaşlarımızı bir neçə dəfə deportasiyaya məruz qoyublar. Yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində xalqımızın başına gətirilən soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxarılıb. Bu dəhşətli faciələrə hüquqi və siyasi qiymət verilib. Ümumşəhər anım mərasimində ictimayyətin nümayəndələri, Mingəçevirdə məskunlaşmış məcburi köçkünlər çıxış edərək erməni vandalizmini qətiyyətlə pisləyiblər. Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə daha dolğun çatdırılması üçün dövlətimizin və Heydər Əliyev Fondunun həyata keçirdiyi davamlı tədbirləri yüksək qiymətləndiriblər.

---------
16:15


31 mart soyqırımı günü münasibəti ilə Şəki şəhər təhsil şöbəsi tərəfindən tədbir təşkil edilib. Tədbirdə rayonun məktəblərinin rəhbərləri və müəllim kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə Şəki şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova açıb. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, daha sonra çıxış edənlər 31 mart soyqırımı barədə ətraflı məlumat veriblər. Ermənilərin Azərbaycan xalqına amansızlıqla divan tutduğu qeyd olunub, günahsız insanların qanı axıdılıb. Gənc nəsilə bu faciəni daim xatırlamaq tövsiyə edilib.

Qəbələdə də 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyəti başcısının müavini Ətayə Osmanova və digər çıxış edənlər son iki əsrdə ermənilərin Azərbaycana qarşı düşünülmüş şəkildə həyata keçirdiyi genişmiqyaslı soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, yüz minlərlə azərbaycanlının qəddarcasına öldürüldüyünü, bir milyondan çox insanın evindən, öz el-obasından didərgin düşdüyünü bildirib. Çıxışlarda işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sülh yolu ilə ədalətli həll olunacağına əminlik ifadə olunub.
Qeyd edək ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Qəbələ rayonunun mədəniyyət müəssisələrində ədəbi-bədii tədbirlər, orta məktəblərdə xüsusi dərslər keçirilib.

Onu da vurğulayaq ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini son bir neçə gündə ziyarət edənlərin sayı 10 mini ötüb.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edənlər arasında paytaxtdan, respublikamızın əksər rayonlarından gələn soydaşlarımızla yanaşı əcnəbi vətəndaşlar da olub.

Məzarlığa gələn ziyarətçilər Qubada aşkarlanan kütləvi məzarlığınn həmin günlərin dəhşətini bir daha canlandırdığını bildiriblər. Ziyarətçilərə məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib.

Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb. 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb.Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.


Sabir Neymanov 1928-ci ildə Qubada anadan olub. 86 yaşlı Sabir baba ermənilərin Qubada törətdiyi soyqırım zamanı həmin hadisələrin canlı şahidi olan Məmmədəmin Neymanovun oğludur. Daşnakların Qubaya hücumu zamanı atasının 18 yaşı olub. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, onun danışdıqlarına görə, Amazapsın başçılıq etdiyi batalyon 1918-ci il ilin may ayının 1-də Qubaya doğru hərəkət edib. Müdafiəsiz xalqa hücum edən erməni qəsbkarları yoldakı arabaçıları öldürərək şəhərə daxil olub.
 

Qubadakı kütləvi məzarlıq dinc xalqa qarşı törədilən erməni vəhşiliyinin maddi sübutudur. 2007-ci ilin yaz daşqınları zamanı təsadüfən aşkarlanan məzarlığın ümumi sahəsi 514 kv metrdir. Onun 494 kv metr sahəsində arxeolji tədqiqat işləri aparılıb, qalan 20 kv metr sahə isə beynəlxalq tədqiqat üçün saxlanılıb.
 

Tədqiqat işləri nəticəsində aşkar olunan insan cəsədlərinin hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan xüsusi qəddarlıqla öldürüldüyü müəyyənləşib.

Memorial Kompleks Dövlət başçısı İlham Əliyevin xüsusi sərəncamı ilə yaradılıb və 2013-cü ildə açılıb. Abidə 3 hissədən: sivri uclu bıçaqları xatırladan iki konstruksiya-giriş və çıxışdan, eləcə də ortasında xatirə daşı yerləşən əsas zaldan ibarətdir.

Bura faciəmizin daş yaddaşı, əslində unutqanlığımızın abidəsidir. Tariximizi unutmayaq ki, tarixdən silinməyək!


---------
15:45


Yevlaxda 31 mart soyqırımının qurbanları anılıb. Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri və başqaları əvvəlcə Şəhidlər xiyabanına gələrək, abidənin önünə əklil və çiçək dəstələri qoyublar.

Sonra tədbir YAP-ın Yevlax Rayon Təşkilatının inzibati binasında davam etdirilib. Toplantıda 1918-ci il martın 31-də qətlə yetirilən günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər ermənilər tərəfindən zaman-zaman xalqımıza qarşı həyata keçirilən soyqırım siyasəti haqqında danışıblar.


--------
14:11


31 - Mart Soyqrım qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi Lənkəran rayonunda da anılıb.

Milli.Az CTV-yə istinadən bildirir ki, ümumrayon anım mərasimində iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov soyqırım qurbanlarının xatirəsinə ucaldılan əsaslı və yenidən qurulmuş abidə kompleksinin önünə gül dəstələri qoyub. Mərasimdə rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarında, eləcə də təhsil, mədəniyyət müəssisələrində çalışanlar və minlərlə sakin soyqırım qurbanlarına dərin ehtiramlarını bildirməklə abidə önünə gəlib tər gül-çiçək dəstələri düzüblər. Şəhidlərin ruhlarına dualar oxunub.

1918-ci ilin martında ermənilər Lənkəranda şəhərin mərkəzi də daxil olmaqla Girdəni, Vilvan, Gərmətük, Kərgəlan, Sütəmurdov, Osakucə və sair kəndlərdə minlərlə dinc sakin qanına qəltan ediblər. Kənd ağsaqqallarının başlarını kəsib quma basdırıb və qadınların belinə qaynar samovarlar bağlayıblar. Soyqırıma məruz qalanlara dəhşətli işgəncələr verilib. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı.

Ümumxalq ziyarəti günorta saatlarına qədər davam etdi. Qeyd edək ki, soyqrım zamanı Lənkəranda və ətraf rayonlarda 40-dan çox kənd yandırılıb, 2 mindən çox günahsız insan qətlə yetirilib.

----------
13:28

Gəncədə soyqırım qurbanları anıldı.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncama müvafiq olaraq dünyanın hər yerində yaşayan azərbaycanlılar tərəfindən 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu münasibətlə Gəncə şəhərində də anım tədbiri düzənlənib. Şəhidlər Xiyabanında təşkil olunan anım tədbirində böyük izdiham müşahidə edilib. Yığıncaqda 96 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən müsibətlər bir daha ürək ağrısı ilə xatırlanıb. Soyqırım qurbanlarının xatirəsi yad edilib, ruhlarına dualar oxunub, Allahdan rəhmət dilənib. Mərasim iştirakçıları soyqırımın xronologiyasına nəzər salıblar. Vurğulanıb ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım siyasəti düşünülmüş şəkildə həyata keçirilib.  Anım mərasimi Azərbaycan torpaqlarının azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin qəbirlərini ziyarətlə yekunlaşıb.

----------
13:24

31 mart 2014-cü il tarixində Qaradağ rayonunun Sahil qəsəbəsindəki 31 Mart - Azərbaycanlıların Soyqırımı abidə-kompleksi önünə əklilqoyma mərasimi keçirildi.
Qaradağ rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım qurbanlarını yad ediblər.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edirdi. İlk öncə Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoydular.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri soyqırım qurbanlarının əziz xatirəsini yad edərək abidə önünə gül dəstələri qoymaqla öz dərin ehtiramlarını bildirdilər.

Qeyd etmək lazımdır ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.

Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə" binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50000 azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda 58 kənd dağıdılmış, 7000 nəfər öldürülmüşdür. Onlardan 1653-ü qadın, 965-i uşaq olmuşdur. Qubada 122, Qaradağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilmişdir, cinsindən və yaşından asılı olmayaraq əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 211, Karsda isə 92 azərbaycanlı kəndi dağıdılmışdır. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilmişdir ki, qısa bir zamanda bu azərbaycanlı şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131970 nəfər öldürülmüşdür.

1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikası tərəfindən qiymət verməyə cəhd göstərilmişdir. Nazirlər Şurası baş vermiş soyqırımın təhqiqi məqsədilə 1918-ci il iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması barədə qərar qəbul etdi. Komissiya mart hadisələrini, ilk növbədə Şamaxıda və İrəvan quberniyasında törədilmiş vəhşilikləri və cinayətləri araşdırmışdır. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum yaradılmışdır. Azərbaycan Demokratik Respublikası 1919 və 1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd etmişdir. Azərbaycan Republikasının Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-cı ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.

---------
11:49

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı birgə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər keçirir. Həmin tədbirlər silsiləsindən martın 29-da Nizami rayon ictimaiyyəti Quba məzarlığında olub.

Trend-in məlumatına görə, Nizami rayon ictimaiyyətinin bir qrupu, o cümlədən, YAP Nizami rayon təşkilatının fəalları və gəncləri Qubadakı kütləvi məzarlığa gələrək soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Qeyd edilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb.

Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Vurğulanıb ki, bu məzarlıq erməni qəsbkarlarının iç üzünün dünyaya çatdırılması üçün canlı nümunədir.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan və ötən ilin 18 sentyabr tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar.

Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da var.

Fikirlərini bildirən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və digərləri xüsusi olaraq vurğulayıblar ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Məhz, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun atdığı bu addımlar tarixi əhəmiyyəti ilə seçilir.

Milli.Az

----------
19:07

Böyütmək üçün şəkillərə klikləyin.



----------
17:25



Videoları izləmək üçün aşağıdakı şəklə klikləyin.



---------
16:15



Böyütmək üçün şəkillərə klikləyin.

---------
14:11



----------
13:24



----------
11:49


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.