Nizami rayonu, Elşən Süleymanov, bina 162 A-nın sakinləri deyir ki, düz 42 ildir ki, zirzəmidəki kanalizasiya xətləri təmir olunmur.Bu səbəbdən də dolub-daşan çirkab suları sakinləri təmiz hava almaqdan məhrum edib
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, dolub-daşan çirkab suları onları təmiz hava almaqdan məhrum edib. Evlərdəki nəmişlik qoxusundan baş çartlayır. Uşaqlarsa bronxit kimi boğaz xəstəliklərinə düçar olublar. Bu az deyilmiş kimi ilin-günün bu vaxtında üfunətə yığılan ağacaqanadlar sakinləri qonaq qarşisinda üzüqara edir.
Xətlərin köhnələrək sıradan çıxdığını deyən sakinlər həyətə yığılan suların da gediş-gəlişə maneə törətdiyini deyirlər. Məsələylə bağlı sakinlər ərazi üzrə MİS su kanal departamentinə müraciət etsələr də amma tutarlı cavab almamaqla yanaşı, problem bu günə kimi həll olunmayıb.
Elə çəkiliş zamanı əraziyə gələn 143 saylı MİS rəisi də problemin həllinin onun ixtiyarında olmadığını dedi. Belə olan təqdirdə Nizami rayon su kanal departamenti ilə əlaqə saxladıq. Qurumun rəis müavini Yasin Məmmədov xüsusi briqadayla binanın zirzəmisinə baxış üçün əraziyə gəldi. Ümumi yoxlamalar aparıldıqdan sonra məlum oldu ki, qurum işçiləri hələ 3 ay bundan əvvəl də sözügedən binadakı xətlərdə tutulmaları açıb və problem müvəqqəti həll olunub. Problemin tam həll olmasına mane olan isə, sakinlər tərəfindən aparılan tikinti zamanı kanalizasiya quyularının itib-batmasıdır. Bu iddia isə tərəflərin narazılığına səbəb oldu.
Narazılıq yaradan digər bir məqamsa binadakı drenaj xəttinin ləğv olunmasıdır. Əvəllər Neft şirkətinin balansında olan bu xətt, bir ildir ki, "Azərsu" ASC-yə verilib. Qurum rəsmisi Yasin Məmmədov zirzəmidəki problemlərin həll olunduğu təqdirdə drenajın istifadəsinə də ehtiyac olmadığını bildirdi.
Hər halda tərəflər ortaq məxrəcə gələ bilsələr, problem də tezliklə öz həllini tapar, əks halda 42 ildir ki çözülməyən məsələ çətin ki, çözülə.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.






