Tanınmış jurnalist, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli: "Cəmiyyətin kitabdan ayrı düşməsi efirdən tutmuş adi ictimai nəqliyyatda davranışımıza qədər, hər şeydə özünü göstərir. Kitab oxumaq cəmiyyətin mədəni səviyyəsinin barometridir. İnsanlar mənəviyyatlarını kitabla qidalandıra bilməyəndə mənəviyyat, düşüncə zəifləyir, müqavimət azalır. Kitaba ehtiyac hiss etməyən cəmiyyət yalnız geriyə gedə bilər".
Qafqaz Universitetinin Regionşünaslıq bölməsinin müdiri dos. dr. Rövşən İbrahimov: "Kitabın rolu çox böyukdur. Çünki kitab dünya barəsində yığcam yol xəritəsidir. Üzdən belə, seçirəm oxuyan insanla oxumayan insanı. Oxuyan insan daha məntiqli, mənalı olur. Hazırda ailə və təhsil ocaqları öz üzərinə düşən vəzifəni tam yerinə yetirə bilmir, şəxsiyyət insan yetişdirməkdə ciddi nöqsanlar var. Buna görə də nəsillər boyunca yığılan məlumat və bilik toplusu - kitablar bu funksiyanı öz üzərinə götürə bilər. Kitab oxuma son illərdə yenidən populyarlaşır, amma kütləviləşməsi üçün hələ çox iş görülməlidir".
Hərdən adama elə gəlir ki, küçədə aqressiv olmağımızın, bir-birimizi başa düşməməyimizin, səbirsizliyimizin bir səbəbi də kitab oxumamağımızdır. Çünki daimi kitab oxuyan adam bu qədər yüngül olmaz, bu qədər kobud davranmaz...
Hərdən adama elə gəlir ki, intiharların bir səbəbi də kitab oxumamağımızdır. Çoxlu kitab oxuyan, dünyaya baxış tərzini primitiv səviyyədən çıxaran insan belə rahat tabe olmaz, belə rahat ruhdan düşməz, belə asan sınmaz...
Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə kriminal hadisələrin bu qədər geniş yayılmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Hər gün ən azı bir saat kitab oxuyan adam anlaşılmazlığı, çıxış yolunu soyuq silahda axtarmaz. Bıçağa əl atmaq insanın həm də cılızlığının ifadəsidir. Demək, sən qarşındakını öz, söz potensialınla başa sala bilmirsən. Sala bilsəydin, bu yolu seçməzdin, qarşındakı insanı bıçağın "ağzı" ilə yox, öz ağzınla, öz dilinlə başa salardın...
Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə boşanmaların sayının artmasının, ailələrin bu qədər rahat, tez dağılmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Kitab oxusaydıq, zəngin dünyagörüşünə sahib olsaydıq, kamilləşsəydik, özümüz kimi ailələrimiz də kövrək olmazdı, hər şey birdən-birə çiliklənib töküləcək hala gəlməzdi. Kitab oxusaydıq, dəyərli şeylər öyrənsəydik, mənən zənginləşsəydik, bir-birimizi başa düşər, ailə sirrimizi qoruyar, ailəmizi kənar təsirlərdən qoruyar, qədrini bilərdik. Kitab oxusaydıq, ailənin dini yöndən nə qədər dəyərli olduğunu, boşanmanın isə nə qədər arzuolunmaz bir şey olduğunu anlayardıq...
Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə ailə zorakılıqlarının artmasının bir səbəbi də bizim kitab oxumamağımızdır. Kitab oxusaydıq, valideynlərimizin xətrinə dəyməz, ailəmizin, övladlarımızın qədrini bilərdik, onlara dəyər verib özümüz üçün dəyər qazanardıq. Kitab oxusaydıq, əslində ailənin də bir "kitab" olduğunu, yaşadığımız hər günü necə yaşamağımızla onun bir səhifəsini yazdığımızı, zorakılıq edəndə səhifələrini korladığımızı, boşananda bu dəyərli kitabı "yazmağı" yarımçıq buraxdığımızı anlayardıq...
Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə yalanın ayaq tutub yeriməsinin bir səbəbi də bizim kitab oxumamağımızdır. Çünki kitab oxusaydıq, ya yalan danışmazdıq, ya yalan danışılmasına imkan verməzdik, ya da yalana bu qədər "inanmazdıq", biganə qalmazdıq. Kitab oxusaydıq, mənən zənginləşər və yalan danışmağın nə dərəcədə zərərli bir vərdiş olduğunu başa düşər, günah olmasının fərqinə varar və ondan qaçardıq...
Hərdən adama elə gəlir ki, cəmiyyətimizdə insanların cılızlaşmasının, cılız görünməsinin bir səbəbi də bizim kitab oxumamağımızdır. Çünki kitab oxuyan adam hətta gənc olsa belə ağsaqqal olar, dünyanı dərk edər, insana, yaşadığı cəmiyyətə, ətrafındakı insanlara dəyər verər, onu dağıtmağa, çapıb talamağa çalışmaz, onu zənginləşdirməyə çalışar, ondan nə isə qoparmağa yox, nə isə verməyə çalışar...
Bütün bu yazdıqlarımızı uzatmaq da olar. Hər halda yuxarıda sadaladıqlarımızın sırasına özünüz də nə isə əlavə edib, günümüzün "şəklini" çəkə bilərsiniz.
İndi isə keçək kitabın insan üçün faydalarına. Söhbət o faydalardan gedir ki, artıq hər kəs tərəfindən qəbul olunur və öz təsdiqini çoxdan tapıb. Zənnimizcə, onları bir daha təqdim etməyimizdə fayda var...
- Kitab oxumaq insanı zənginləşdirir, mənən kamilləşdirir.
- Kitab oxumaq üçün bəlli bir zaman, bəlli bir göstərici yoxdur, yetər ki, səviyyəli bir şey tapıb oxuyasan. Hətta gündə bir səhifə də olsa, oxuyasan. Çünki bir səhifə ilə başlasan, tədricən ardı gələcək...
- Kitab oxumaq həyatı insana sevdirir.
- Kitab oxumaq insana həyatın fərqli yönlərini dərk etməyə kömək edir.
- Kitab oxumaq düşüncəni inkişaf etdirir.
- Kitab oxumaq stresin insana "sarılmasının" qarşısını alır.
- Kitab oxumaq zehni inkişaf etdirir, yorğunluqdan qurtarır.
- Kitab oxumaq insanın dünyaya baxışını dəyişir.
- Kitab oxumaq insana kitab adlı sədaqətli və etibarlı dost qazandırır.
- Kitab oxumaq sizi başqalarına sevdirər. Çünki kitab oxuyan adam mənən zənginləşdiyi üçün başqalarından fərqlənər...
- Kitab oxumaq sizin söz ehtiyatınızı artırar, fikirlərinizi daha səlis ifadə etməyinizə yardımçı olar...
- Kitab oxumaq insanın iş həyatındakı uğurları artırır.
- Kitab oxumaq xəyal gücünü genişləndirir.
- Kitab oxumaq insanın lazım olan anda daha dəqiq qərar vermək qabiliyyətini inkişaf etdirir.
- Kitab oxumaq insana yeni fikirlər, məlumatlar qazandırır.
- Kitab oxumaq sizə görmədiyiniz, tanımadığınız yerləri tanıdar.
- Kitab oxumaq sizin daha məntiqli düşünməyinizə imkan verər.
Yazımızın başlığında dediyimiz kimi, kitab oxuyaq ki, həyatı öyrənək...
"Zaman Azərbaycan"