Böyüklər bəzən özləri də bilmədən öz hərəkət və davranışları, münasibət və sözləri ilə uşaqların yaddaşında müsbət və ya mənfi elə xatirələr yazırlar ki, nə ötən illər, nə varlıq, nə darlıq onları silib apara bilir. Səbri, səmimiyyəti, saflığı, doğruculluğu ilə böyüklərə ən gözəl nümunə olan bu kiçik insanları Allah nə qədər zəngin və səxavətli yaratmışdır!
Uşaqların sadəlövhlüyü heç kəslə müqayisə oluna bilməz. İllah da keçmiş illərin uşaqları. O zamanlar biz kənd uşaqları təsadüfən ələ düşən boş vaxtları çiling-ağac, top-aldı-qaç, nadir hallarda da futbol oynamaqla keçirərdik. Elə vaxtlar da olurdu ki, hasar hörən, ev tikən ustaların yanına gedib, onlarla salamlaşıb işlərini seyr edərdik. Bu sadə insanların adi, müxtəlif formalı çay daşlarını çəkiclə qırıb istədikləri şəkilə salaraq gözəl divar ucaltmaları heyran edərdi bizi. Bənnaların heç də hamısı xoşlanmazdı bizim bu hərəkətimizdən. Sanki sənətlərini öyrənib onları çörəksiz qoyacağımızdan qorxurdular. Müxtəlif bəhanələrlə bizi uzaqlaşdırmağa çalışardılar. Bəzən usta lehməni malasına götürüb uşaqlara tərəf uzadaraq: - Baxın, deyəsən, lehmə çürüyüb axı, - deyərdi. Birinci olmağa tələsən dərhal burnunun lehməsini silərək geri atılardı.
Yadıma gəlir, işini seyr etdiyim ustalardan biri məni xeyli aralıda yaşayan başqa bir ustanın yanına bir alət gətirməyə göndərmişdi. Salamlaşıb nə üçün gəldiyimi bildirəndə usta məni diqqətlə süzüb dedi: - Görürəm, sən yaxşı oğlansan. Get ona de ki, aradagəzən qələt eləyir, məndə elə bir alət yoxdur. Təkrar elə görüm, necə deyəcəksən? Mən də hünər göstərirmiş kimi, ustanın dediklərini olduğu kimi təkrar edib, böyük bir "Ay sağ ol!" qazanıb qayıtdım birinci ustanın yanına. O, əliboş gəldiyimi görüb: - Yoxsa, vermədi
Yol boyunca əzbərlədiyim cümləni utana-utana təkrar edəndə elə bil kişiyə güllə atdılar: - Yaxşı, eybi yox, xanın işi qaraçıya düşər, o sözlərə görə də payını verərəm onun, - deyib, işinə davam etdi. Mən də bu iki adamı bir-birinə düşmən edəcəyimdən qorxaraq "aradan çıxırmış" kimi evimizə tələsdim. Yaşadıqlarımı anama söylədim. Anam da bir az gülüb, ustaların fəndinə açıqlama verdi və tapşırdı ki, başqasının işini seyr etmək yaxşı deyil,"Allah qüvvət versin!" deyib ötmək lazımdır. Üstəlik, bu qədər vaxtı itirməkdənsə bir vərəq kitab oxumaq yaxşıdır. Oxu, savadlı ol ki, səndən öyrənsinlər. Bundan sonra ustaların zarafatını, bu qədər asanlıqla aldanmağımı bir müddət unuda bilməsəm də, daha həvəslə oxuyar, öyrənərdim.
Uşaqlar doğruculluğu da çox sevirlər. Ağ vərəq kimi təmiz beyinlər uzun illər boyunca üzərinə düşən qara nöqtələrlə kirlənir. Uşaqlıq illərimizdə qonum-qonşu bir-birilərini daha tez-tez ziyarət edərdilər. Bu get-gəllər bəzən bizim dərs oxumağımıza da mane olurdu.
Bir gün qonşulardan birinin səsinə pəncərəni açdım. Həyətimizdə böyük bir it olduğundan çağırmdan girməzdilər həyətimizə. Anam çağıranın xasiyyətini yaxşı bilirdi. Oturdumu qalxmaq yadına düşməzdi. Anam dedi ki, evdə yoxdur deyim. Mən də çaşıb: - Anam deyir ki, evdə yoxdur, - dedim.
Qadın gülərək, həyətə düşüb, iti kənara çəkməyimi istədi. Anamla zarafatlaşıb xeyli oturdu, ürəyini boşaldıb getdi.
Doğruculluq demişkən, bir neçə il əvvəl bir müəllimin başına gələn əhvalat düşdü yadıma.
Gənc bir müəllim kənddən bir az aralıda, pay torpağında tərəvəz yetişdirir. Torpağın bir hissəsində də kələm əkir. Kələm digər tərəvəzlərə nisbətən gec yetişir. Payız gəlir, dərslər başlanır, müəliim hərdən tərəvəzinə baş çəkir, kələmlərin yetişməsini gözləyir. Bir gün də görür ki, kimsə yetişmiş kələmləri səliqə ilə kəsib aparıb. Sahəyə daxil olan və çıxan at izlərindən bilir ki, yükü atla aparıblar. Müəllim səs-küy salmadan başlayır at sahiblərini kino lenti kimi gözünün önündən keçirməyə. Bir neçəsindən şübhələnir. Onlardan birinin uşağı da onun sinfində oxuyurmuş. Müəllim axtarışa elə ondan başlamaq istəyir. Səhər tənəffüsdə uşağı yanına çağırıb soruşur: - A bala, axşam atanın gətirdiyi qarpızlardan qalıb?
Uşaq həvəslə cavab verir: - Müəllim, atamın gətirdiyi qarpız deyildi, kələm idi.
Müəllim bir az da incələyir söhbəti: - Ola bilməz, mən qarpız gördüm.
Uşaq da həqiqəti vurğulamaqda davam edir: - Vallah, müəllim, kələm idi. Dörd kisə kələm.
Elə-belə atdığı oxun hədəfə dəydiyinə sevinən müəllim deyir: - And içmə, bala, mən səhv görmüşəm. Get, oyna yoldaşlarınla.
Müəllim valideyni tapıb, onunla açıq və səmimi söhbət edir. Boynuna almaq istəməsə də, faktlar onu məğlub edib utandırır. Müəllim isə ona ağıllı bir məsləhət də verir: - Uşaq bu məsələnin mahiyyətini bilməsin ha. Evdə "kələm kisələrini müəllimə satmışam" - deyib, onları gətirirsən bizə. Qonşulara da deyəcəyəm ki, səndən mən xahiş eləmişəm kələmləri kəsib gətirməyi. Valideyn də müəllimin dediyi kimi hərəkət edir.
Uşağın yaddaşı da çox güclü olur. Oxuduqlarını, öyrəndiklərini unutsa da, yaşadığı şirin və ya acı xatirələri, onlara şəfqət göstərənləri, əksinə mərhəmətsiz davrananları heç vaxt yaddan çıxarmır. Yaddaşım belə xatirələrlə dolu olsa da, dostlarımdan birinin yaddaşından süzülən sızıltıları bölüşəcəyəm. Valideynlərini çox kiçik yaşlarında itirən uşaqlara bəzi yaxınları çox soyuq münasibət bəsləyirmişlər, hətta, evlərindən qovurmuşlar. Allahın köməyi ilə böyüyüb həyatda özlərinə müvafiq mövqe tuta bilən bu uşaqlar indi onlar üçün ən yaxınlarından da yaxındır. Onları görməyəndə darıxır, gileylənirlər. Ürəyin çatları isə sağalmır axı.
Uşaqdır deyib onlara hər şeyi rəva görmək olmaz. Xoşbəxt gələcəyimizin üfüqlərinin aydınlığı bu g ün tərbiyə etdiyimiz uşaqların biliyi, bacarığı, düşüncə tərzi, könül zənginliyindən asılıdır. Allah uşaqlarımızın xəfif yaz küləyinə nazlanan çiçəklər kimi yetişmələri üçün bizə bahar olmağı nəsib eləsin! Amin!
"Zaman Azərbaycan"