Azərbaycanın mətbuat tarixinin 138 yaşı tamam oldu. 22 iyul Milli Mətbuat günü ilə bağlı jurnalistlərə ünvanlanan təbrikdən mətbuat xidmətlərinin rəhbərlərinə - mətbuat katiblərinə də pay düşür
Modern.az saytı vaxtilə dövlət qurumlarında çalışmış, sonradan müxtəlif səbəblərdən işdən kənarlaşdırılmış mətbuat katibləri barədə qısa araşdırma aparmağa çalışıb. Jurnalistlərin yaxşı tanıdığı keçmiş mətbuat katibləri indi haradadırlar?Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi, polkovnik-leytenant Ramiz Məlikovu yaşlı və orta nəsil jurnalistlər yaxşı xatırlayırlar. Ramiz Duyğun təxəllüsü ilə həm də şeirlər yazan polkovnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə düz 12 ildən artıq müddətdə rəhbərlik edib. Uzun illər hazırki müdafiə naziri Səfər Əbiyevlə çalışan R.Məlikov 2007-ci ilin aprelində elə onun tərəfindən vəzifəsindən çıxarılıb.
Amma mətbuat katibi postunu itirən Ramiz Məlikov sonradan müdafiə naziri Səfər Əbiyevin əmri ilə Müdafiə Nazirliyinin İnformasiya İdarəsindəki şöbələrdən birinə işə götürülüb. 75 yaşlı Ramiz müəllimin indi də həmin idarədə çalışdığı bildirilir.
İxtisasca həkim, hərbçi, şair olan R.Məlikov vaxtilə həm də Azərbaycan televiziyasında uzun illər apardığı "Hünər" proqramı ilə də yaddaşlarda qalıb.
1938-ci ildə anadan olan Ramiz Məlikov 25 illik hərbi qulluq keçib. Ukraynada, Belarusda hərbi sahədə işləyib. Azərbaycana qayıtdıqdan sonra Tibb İnstitutunun hərbi kafedrasında dərs deyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib, "Xalq Ordusu" qəzetinin təşkilatçılarından olub.
Ramiz Duyğun bir çox kitabların müəllifidir. "Vətən kimi şirin", "Göy üzü damar-damar", "Haray dünya!", "Silkələn torpağım, püskür torpağım", "Şuşa məni çağırır", "Təki Vətən yaşasın", "Məni döyüşə burax" kitablarını buna misal göstərmək olar.
Milli Məclisin sabiq mətbuat katibi Aqşin Babayevi KİV nümayəndələri, xüsusilə parlament jurnalistləri tanımaya bilməzlər. Milli Məclisdə mətbuat xidməti 1991-cı il mart ayının 1-də yaradılıb. Onun ilk rəhbəri də Aqşin Babayev olub. O, bu vəzifədə düz 15 il işləyib.
2005-ci ildə Milli Məclisdə rəhbərlik dəyişdi, Oqtay Əsədov spiker seçildi, 2006-cı ildə yeni spiker mətbuat xidmətinin rəhbərliyini cavanlaşdırdı.
Bu il 75 yaşı tamam olan Aqşin müəllim 32 il Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, Azərbaycan radiosuna və xarici verilişlərə rəhbərlik edib.
Əməkdar jurnalist A.Babayev hazırda Mədəniyyət və İncəsənət Universitetində "Ədəbi yaradıcılıq" kafedrasının müdiri vəzifəsində çalışır.
Uzun müddət Milli Təhlükəsizlik Nazirliyinin mətbuat katibi işləmiş Araz Qurbanov xüsusi xidmət orqanında çalışmasına baxmayaraq, jurnalistlərlə ünsiyyətdən qaçmayan sabiqlər sırasına daxildir.
2005-ci ildə sözügedən dövlət qurumundakı işindən çıxan MTN-in mətbuat xidmətinin eks-rəhbəri hazırda Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri vəzifəsində çalışır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin eks-rəhbəri Qabil Əbilovu da xatırlamaq yerinə düşər. Əli Həsənov "Dövlətqaçqınkom"a sədr gətiriləndən sonra mətbuat katibi postuna təyinat alan Qabil müəllim qısa vaxt ərzində jurnalistlərlə dostlaşmışdı. Qabil Əbilov Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdi. Ərəb və fars dillərini yaxşı bilən Qabil müəllim bir neçə il Əfqanıstanda tərcüməçi işləmişdi.
Qabil Əbilovun keçmiş Sovet Ordusunun təkbində Əfqanıstandakı xidmətindən bir epizodu diqqətinizə çatdıraq:
...Moskvadan gələn iki yüksək rütbəli zabitlə sovet hərbi birləşmələrinin Kabil yaxınlığındakı sıra dağların ətəyində yerləşən N saylı hərbi hissəsinə gedən Qabil Əbilov yolda mühasirəyə düşür. Müqavimət göstərməyin mənasız olduğunu başa düşən rus zabitləri əllərindəki tapançaları maşının pəncərəsindən yerə ataraq, aşağı düşürlər. Qabil müəllim də analoji qaydada davranaraq, könüllü şəkildə təslim olur. Gənc tərcüməçini də sovet zabitləri ilə birlikdə mücahidlərin yaxınlıqdakı düşərgəsinə aparırlar. Rus zabitlərin "məhkəməsi" cəmi iki dəqiqə çəkir. Mücahidlər hər iki zabiti sorğu-sualsız qətlə yetirirlər. Sonra mücahidlərin başçısı azərbaycanlı tərcüməçiyə yaxınlaşır. O, əlindəki silahı gənc tərcüməçinin alnına dirəyəndə, Qabil müəllim ölümün qaşla göz arasında olduğunu başa düşür. Cəbrayılda mömin ailədə böyümüş Qabil Əbilov bir müsəlman kimi sonuncu borcundan çıxmaq üçün titrək səslə kəlmeyi-şəhadətini oxuyur.
Qarşısındakı adamın kəlmeyi-şəhadətini söylədiyini görəndə, mücahidlərin başçısının qolları boşalır. O, sovet tərcüməçisinin alnına dirədiyi silahı qeyri-ixtiyari olaraq aşağı endirir. Kəlmeyi-şəhadətini bilməsi Qabil müəllimin həyatını xilas edir. Tərcüməçinin müsəlman olduğunu öyrənən mücahidlər bir qədər məzəmmət etdikdən sonra onu sağ-salamat Kabilə yola salırlar.
O vaxt Qabil müəllim başına gələnləri nəql edib qurtarandan sonra belə demişdi: "Bu hadisədən sonra tərcüməçi işlədiyim hərbi hissədə hamı şəhadət gətirdi. Onların arasında müsəlmanlarla yanaşı, xristian dininə mənsub olan əsgər və zabitlər də vardı".
Qabil Əbilov "Dövlətqaçqınkom"dan 2000-ci illərin əvvəlində xəstəliyilə əlaqədar işdən çıxmışdı. Bir müddət sonra isə vaxtsız vəfat etdi...
Vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə Hikmət Kazımov rəhbərlik edib. Rusdilli olmasına baxmayaraq Hikmət müəllimin Azərbaycan dilində nəşr olunan media orqanlarının təmsilçilərilə münasibətləri pis deyildi.
2005-də TQDK-nın mətbuat katibi vəzifəsindən çıxarılan H.Kazımov hazırda bu qurumda başqa işdə çalışır.
Səhiyyə Nazirliyinin keçmiş mətbuat katibi Həmid Vəliyevi də jurnalistlər xatırlamalıdırlar. O, eks-nazir Əli İnsanovun dövründə Səhiyyə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik etməklə yanaşı, həm də bu qurumun rəsmi orqanı olan "Şəfqət" qəzetinin də baş redaktoruydu. 2005-ci ildə Səhiyyə Nazirliyində baş verən ciddi kadr dəyişikliyindən sonra Həmid Vəliyev də mətbuat xidmətindən kənarlaşdırıldı.
Filologiya elmləri namizədi, 74 yaşlı professor Həmid Vəliyev hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika kafedrasının müdiri vəzifəsini tutur.
2005-ci ildə Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
2009-cu ildə Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi adına layiq görülüb.
İqtisadi İnkişaf Nazirliyinin eks-mətbuat katibi Ağacan Əhmədovu, yəqin ki, iqtisadi sahədən yazan jurnalistlər daha yaxşı xatırlayırlar. 2005-ci ildə bu nazirlikdəki işini itirən A.Əhmədov sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbərinin müavini postunda çalışdı.
2011-ci ildə isə onu buradakı vəzifəsindən azad etdilər.
Bəzi məlumatlara görə, A.Əhmədov hazırda biznes sahəsində çalışır.
Jurnalistlər əvəllər Baş Prokurorluqdan hər hansı informasiyanı dəqiqləşdirmək üçün İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Eldar Əfəndiyevlə əlaqə saxlamalı olurdular. Mətbuata o qədər də açıq adam olmayan E.Əfəndiyevlə danışmaq isə hər jurnalistə müyəssər olmurdu.
E.Əfəndiyevi 2010-cu ildə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad edilib.
Hüquq elmləri namizədi kimi bir çox kitabın, 500-dən artıq elmi və elmi-kütləvi məqalələrin müəllifi olan Eldar Əfəndiyev elmi fəaliyyətini Baş Prokurorluğun Elm-Tədris Mərkəzində kafedra rəisi vəzifəsində davam etdirir.
Media ilə təmas qurmaq Baş Prokurorluğun mətbuat xidmətinə həvalə olunandan sonra jurnalistlərin işi asanlaşdı...
Milli.Az