Cəmiyyət

"Bəy" və ya "xanım" olaq, yoxsa...

19 Aprel 2013 19:09
Baxış: 11 186
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycan dilində ünsiyyətin ən ağrılı yönlərindən biri də heç şübhəsiz ki, müraciət, xitab forması ilə bağlıdır. Kimə necə müraciət etməli? Məkanın, müraciət edəcəyin şəxsin kimliyi, yaşı... başlı-başına bir fəlsəfədir az qala. Ünsiyyətin ilk dəqiqəsindən yol verəcəyin xırdaca bir müraciət xətası bütün bir dialoqu, ünsiyyəti məhv edə bilər. Xüsusən də Azərbaycan kimi ölkədə bu, az qala siyasi çalar almağa başlayıb. Çünki dilimizdə müraciət seçimləri də insanların statusları, zövqləri qədər çoxdur az qala...

Azərbaycanda kim hansı müraciət formasından xoşlanmır?

Bəy, xanım, müəllim(ə) ilk ağla gələn müraciət formalarıdır. Amma bacı, qardaş (yaşdan asılı olaraq qaqaş), ağsaqqal, xala, dayı... da xalq arasında sevilən xitablardan sayılır. Bayaq siyasi səhv məsələsini boş yerə yada salmadıq.

Sovet dönəmində populyar olan "yoldaş", "vətəndaş" müraciət formaları isə çoxdan tarixin tozlu qatlarına qarışıb. İndi ancaq solçular arasında "yoldaş" xitabı aktualdır.

Gündəlik həyatda, sadə insanlar arasında da heç də bütün müraciətlər eyni dərəcədə tolerantlıqla qəbul edilmir. Orta yaşlı kişilər çox vaxt "ağsaqqal", orta yaşlı qadınlar isə "xala" sözündən qıcıqlanır. Bu, çox vaxt onların olduqlarından daha yaşlı təqdim edilmələrinə qarşı olan qıcıqlı reaksiyadır. Həmyaşıdlar bir-birinə "dayıoğlu", "əmioğlu" deyə müraciət etməkdən daha çox xoşlanır.

Dediyim kimi, palitra zəngindir. O səbəbdən də öncə əcnəbi xalqların müraciət variantlarına nəzər salaq, sonra Azərbaycandakı müraciət fəsadlarına qayıdarıq.

Gənc qıza bir cür, evli qadına başqa cür müraciət...

Hamlet İsaxanlının bu mövzuda maraqlı bir məqaləsi var. Orda müxtəlif xalqlardakı müraciət formaları öz əksini tapıb. Yazının bəzi hissələrini nəzərə çatdıraq: "Fransızlar soyadın və ya vəzifənin əvvəlində kişiyə monsieur (müsyö), qadına madame (madam), gənc qıza və evli olmayan qadına mademoiselle (mademazel, mademuazel) deyirlər. Uyğun müraciət şəkli - ispanlarda senor, senora, senorita, italyanlarda signore, signora, signorina, almanlarda herr, frau və fraulein (indi frau həm evli, həm subaylara, fraulein isə əsasən uşaq və ya yeniyetmə qızlara aid edilir); burada sözlərin tələffüz deyil, yazı formasını göstərməklə kifayətlənirəm.

İngilislər kişiyə mister (qısaca: mr), evli və ya dul qadına missis (mrs, tələffüzdə: misiz), subay qadına miss (mis), evli olub olmadığı nəzərə alınmırsa, ms (miz) deyə müraciət edirlər. mister ifadəsi master (usta, ustad) sözündən, qadınlara aid müraciət formaları isə mister sözünün qadın cinsi qarşılığı olan (və əvvəllər istifadədə olan) mistress sözündən əmələ gəlib. Yüksək vəzifə sahiblərinə müraciətdə mister ifadəsi ad və ya soyadın deyil, vəzifənin önündə işlənilir, məsələn, mr President. Oxşar halda qadınlara madam deyə müraciət olunur.

Qadına daha bir hörmətli ifadə olan lady və kişiyə centleman (cəm şəkildə: ladies and gentlemen!) sözləri ilə müraciət edirlər. Türkiyədə daxil edilən bay və bayan kəlmələri və onların işlənilmə üsulu, görünür ki, Avropa müraciət formalarına uyğunlaşmaq cəhdi idi (bayan qadın sözünün sanki daha hörmətli əvəzidir). İngilislər hörmətli yaşlı kişilərə, yüksək vəzifə sahiblərinə və ya kübar mənşəyi olan kişilərə, həmçinin sir deyə müraciət edirlər (adın əvvəlində və ya adsız): uyğun halda qadınlar üçün madam sözündən istifadə olunur.

Ruslar kişilərə qospodin, qadınlara qospoja və ya dama deyə müraciət edir, əsasən isə ad və ata adından (Mixail Yeqoroviç, Yelena Yeqorovna) istifadə edirlər. Yaponiyada cinsindən asılı olmayaraq ada və ya soyada san ifadəsi əlavə edilir: Tanaka-san, Aki-san. Əlbəttə ki, baxdığımız dillərdə bir sıra başqa müraciət formaları, o cümlədən irsən keçən çoxsaylı zadəgan titulları da mövcuddur; onların adını çəkmək belə böyük yer tutardı.

İnsanlara onların peşəsi, sənəti və elmi səviyyəsinə görə də müraciət edilir: məsələn, hörmətli musiqiçilərə maestro və ya doktorluq (PhD) elmi dərəcəsi olanlara, həmçinin həkimlərə doctor (dr) deyə müraciət edilir; bizdəki əcaib fəlsəfə doktoru (sözə baxın: kimya üzrə fəlsəfə doktoru?!) və elmlər doktoru kimi mənasız ikili ad və dərəcə sistemi Qərbə xas deyil). Qarşıdakını böyütməklə yanaşı, özünü qarşıdakından daha aşağı tutmaq da nəzakətli müraciət forması sayılıb - nökəriniz, aciz qulunuz, sadiq bəndəniz, qurban kimi (İslam aləmində və Çində bu cür ifadələr çoxdur)".

Nizami Cəfərov: ""Bəy"in öz yeri var, "müəllim"in öz yeri"

Dilçi alim, millət vəkili Nizami Cəfərov mediaya açıqlamasında deyib ki, "xanım" müraciət formasında elə bir problem görmür. Onun fikrincə, "bəy" və "müəllim" məsələsində bir qədər problemlər yaşanır. N.Cəfərov "bəy" müraciət formasının bir zamanlar titul olduğunu və hər adama da şamil olunmadığını xatırladıb: ""Bəy" müraciət forması Türkiyə təcrübəsində çox yayılıb və bir növ "cənab" mənasını da ifadə edir.

""Bəy" müraciət formasını daha çox AXC hakimiyyəti vaxtında ümumiləşdirdilər. Hər kəs də bir-birinə müraciət forması kimi "bəy" deməyə başladı və onlar müəyyən bir ayrılığı da bununla gündəmə gətirdilər. Biz indi tam olaraq deyə bilmərik ki, "bəy" sözü tamamilə neytraldır və hər kəsə də aid ola bilər. Əsas bu əlamətləri "bəy" sözü elə AXC-nin vaxtında qazandı. Bu gün də həmin ənənə davam edir. Bir tərəfdən də "bəy" sözünə Cəbhə rəngi ilə motivlənmiş kimi baxıldı. Amma "bəy" sözünün bu günə olan bu xüsusiyyətlərini aradan qaldırmaq lazımdır".

Millət vəkili bu gün üçün həmin müraciət formalarında elə də ciddi bir problemin olduğunu görmür. Onun fikrincə, istənilən şəxs hər iki müraciət formasından istifadə edə bilər: "Hər iki sözün - "bəy" və "müəllim" müraciət formasının öz yeri var. Amma müəyyən qədər də olsa, ədəbi bir komplekslər yaradır. Bəlkə də müəyyən zaman keçəndən sonra bu məsələ öz axarına düşəcək. "Xanım" müraciət formasına gələndə onu deyə bilərəm ki, Türkiyə təcrübəsində məktəblərdə belə ayrı-seçkilik yoxdur. Nə "bəy", nə "müəllim", nə də "xanım" müraciət forması işlənir. Yalnız ümumi "hoca" sözü var".

Azər Qaraçənli: "Müraciət formaları tarixi siyasi hadisələrlə əlaqədardır"

Sosioloq Azər Qaraçənli hesab edir ki, müraciət formalarının bu cür coxluğu universal xarakter daşıyır. Onun sözlərinə görə, tarix boyunca dilimizdəki populyar müraciət formaları olub ki, onlardan hər biri ideoloji məqsəd daşıyıb: "Məsələn, sovet dövründə "bəy" kimi "xanım" sözünü də feodal dövrünün qalığı kimi assosiasiya edirdilər və buna görə onu dildən çıxarmaq istəyirdilər. Amma bu, alınmamışdı. Yəni "bəy"i çıxarsalar da, xanımı çıxara bilmədilər. 80-ci illərin sonunda "ağa" və "bəy" müraciətləri yenidən gündəmə gəldi. Amma "ağa" müraciət forması buna qədər də vardı. Yaşlı adamlara, seyidlərə, münasibətdə bu müraciət forması işlənirdi. Müraciət formaları tarixi siyasi hadisələrlə əlaqədardır. Onlar dilin təbii gedişinin yox, siyasi hadisələrin təsiri altındadır".

Müsahibimiz hesab edir ki, müraciət zamanı insanların hansı xitab formasından narahat olacağını nəzərə almaq lazımdır. "Bəzən münasibətlər formalaşana qədər müraciət zamanı yanlışlığa yol verilə bilər" deyən, sosioloqa görə, gələcəkdə də müraciət formaları dəyişə-dəyişə gedəcək.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.