Cəmiyyət

Onun ürəyində nə var?

23 Fevral 2013 11:17
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İnsanı tanımaq çox çətindir. Bəzən bir ömür belə insanı tanımağa yetmir. İnsan öz fikirlərini və hisslərini sənin yanında olmağına, səmimi davrandığına baxmayaraq, uzun müddət, hətta həmişəlik gizli saxlaya bilər. Tam kimisə başa düşmək, tanımaq bəzən heç psixoloqlara və fərdin özünə də nəsib olmur.

Psixoloq İnarə Hacıyevanın sözlərinə görə, insanı müxtəlif yollarla öyrənmək olar. Bəziləri hesab edir ki, insanın özü qədər onu heç kim tanıya bilməz. Bəziləri isə bildirir ki, insanı başqaları, xüsusilə də onu ailə üzvləri və yaxınları daha yaxşı tanıyır. "Belə ki, insan öz əhvalı, emossional vəziyyəti ilə bağlı düzgün fikirdə olsa da, öz bacarıqları və imkanları, xasiyyətinin bir sıra xüsusiyyətləri barədə yanlış təsəvvürə malik ola bilər.

Misal üçün, insan öz bacarıqlarının və ya imkanlarının nə dərəcədə olduğunu öyrənmək istəyirsə, kömək üçün öz yaxınlarına və ailə üzvlərinə müraciət etməlidir. Ona görə ki, onlar daim onun yanında olur və onu müşahidə edirlər. Ona qarşı tənqidi yanaşa bilirlər. Onun nəyi və necə bacardığını özündən daha yaxşı bilirlər".

Çox vaxt insan öz bacarıqları və imkanları barədə yanlış təsəvvürə malik olur. Məsələn, özünə çox tənqidi yanaşan, özünə inam hissi yetərincə olmayanlar öz bacarıqlarına və imkanlarına olduğundan daha az qiymət verirlər. Özünə əmin, hətta özündən razı olan insanlar isə öz bacarıq və imkanlarını şişirdir, hər şeyi yaxşı bacardıqlarını düşünürlər. İnsanın xasiyyətində üstünlük təşkil edən cəhətlərini öyrənmək üçün də bu haqda insanın özündən yox, onun yaxınlarından soruşmaq lazımdır. Misal üçün, xasiyyətin üstünlük təşkil edən cəhətlərinə onun qəddar və ya mehriban, kinli və ya xeyirxah, qorxaq və ya mərd, eqoist və ya fədakar, yalançı və ya dürüst olması daxildir. Adətən insanlar necə olmalarından asılı olmayaraq, özlərini xeyirxah, mərd, fədakar kimi qələmə verirlər. Hətta bu reallıqdan uzaq olsa belə, özləri də buna inanırlar.

Psixoloq onu da qeyd edib ki, insanlar öz bacarıq və imkanları haqda ya həddindən artıq yaxşı olduğunu düşünür, ya da özünə qarşı çox tənqidi yanaşırlar. Öz bacarıq və imkanlarına orta mövqedə yanaşan insanlar isə azdır. Bəzi insanlar öz komplekslərinə, gizli qalan hisslərinə qapılaraq mənfi xüsusiyyətlərinin daha çox olduğunu düşünür, bəziləri isə bunun əksi olaraq müsbət xüsusiyyətlərinin çox olduğunu zənn edirlər. İnsanın öz bacarıq və imkanlarına qiymət verməsində onun tərbiyəsi, formalaşdığı mühit, qazandığı təcrübə də rol oynayır. Bu səbəbdən də bizim bacarıq və imkanlarımızı yalnız ətrafdakı insanlar obyektiv qiymətləndirə bilərlər. Çox vaxt insanların özünü yaxşı tanımaması faktını onların psixoloji testlər etməyə meylli olması da sübut edir. Lakin insan öz bacarıq və imkanlarının düzgün qiymətləndirilməsini istəyirsə, mütləq etibar etdiyi insana müraciət etməlidir. Ona görə ki, həmin adamın pisliyini istəyən və onunla manipulyasiya etmək fikrində olan adam öz xeyrini güdərək onun haqqında yanlış məlumat verə bilər. Bəzi insanlar isə komplekslərdən əziyyət çəkdiyi üçün özündən asılı olmadan şüuraltı olaraq sizin bacarıq və imkanlarınızı tənqid edərək özünü təsdiq etmək istəyəcək. Bu səbəbdən də müraciət edəcəyiniz adam tam səmimi olmalı və özünü təsdiq etmək üçün sizə mənəvi zərbələr vurmamalıdır. Özünü təsdiq üçün digərlərini bacarıqsız və uğursuz olduğuna inandırmaq istəyən şəxslər bundan şüuraltı zövq alır və özünü həmin insandan üstün hesab edərək sakitləşirlər. Çox vaxt insanlar özləri haqda obyektiv fikirləri psixoloqla söhbət zamanı öyrənə bilərlər. Belə ki, bilikli psixoloqlar obyektiv olmağı bacarırlar.

İnsanın psixoloji durumunu, emosional vəziyyətini, əhvalını öyrənmək üçün isə başqalarının fikri elə də önəmli deyil. Belə ki, son dövrlərdə dünyanın qabaqcıl psixoloqlarının apardığı təcrübələrə görə, 98 nəfər müxtəlif 98 vəziyyətdə öz əhvalı barədə düzgün fikir söyləyib. İnsanlar öz əhavalının, emosional vəziyyətinin necə olmasını daha yaxşı bilirlər. Çünki insanlar öz davranışı ilə hisslərini gizlətməyə müvəffəq olurlar. Və ətrafındakılara onların əhvalı barədə fikir söyləmək çətin olur. Hətta insanların yaxınları, ailə üzvləri də onun psixoloji durumu barədə fikir söyləməkdə çətinlik çəkirlər. İnsanlar başqa bir adamın ürəyində olanlardan, hansı həyəcanları keçirdiklərindən xəbərsiz olurlar. Bunu insanların özü və psixoloqlar başa düşə bilər. Lakin insanların psixoloji durumları ilə bağlı elə faktlar var ki, insan özü bunu təhlil etmək gücündə olmur.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.