Cəmiyyət

Evimizi dizayn etdirmək bizə neçəyə başa gələr? - FOTO

18 Dekabr 2012 03:00
2 Şərh     Baxış: 26 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Klassik, avanqard, yoxsa modern?

İndi, demək olar ki, evlərin əksəriyyətində daha çox klassik üslub hömkranlıq edir. Amma fərqliliyi sevənlər də var. Üslubları qarışdırmağa isə çoxları qeyri-peşəkarlıq kimi yanaşsalar da, bu, artıq dəb sayılır.

Bu haqda Milli.Az-a Azərbaycan Rəssamlar İttifaqının Dizayn kafedrasının müdiri, Dizaynerlər İttifaqının İdarə Heyətinin üzvü, dosent Faiq Dadaşov məlumat verdi:

"İndi insanlar klassik dizayndan çox, avanqard üsluba meyl edirlər. "Müasir klassika" adlı yeni bir üslub yaranıb. Bu üslub nə klassikadır, nə də avanqard, yəni ikisinin qarışığıdır. Hal-hazırda bu interyer daha üstündür".

Memar-dizayner Urfan Məmmədovun sözlərinə görə, indi ev tikdirən, evini, mənzilini təmir etdirən insanların sayı çoxalıb. Hətta əvvəlki illərə nisbətən indiki dövrü pik dövr də adlandırmaq mümkündür. İndiki dövrün əvvəlki illərdən başlıca fərqi isə ondadır ki, artıq insanlar bu tip işləri peşəkarlarla görməyə başlayıblar. Bəs biz dizaynda daha çox hansı üslublara üstünlük veririk? Memar-dizayner bu barədə də danışdı:

"Ölkəmizdə hal-hazırda klassik, avanqard, art deko kimi üslublara üstünlük verənlərin sayı, təəssüf ki, çoxdur. Biz çalışırıq, hər zaman belə sifarişçiləri daha müasir üslublara meylləndirək. Çünki XXI əsr memarlığı, dizaynı bu əsrə uyğun olmalıdır. 50, 100, 300 il əvvəlki üslublarda layihələndirmək bizim əsrə yaraşmaz. Bizdən 100 il əvvəlin dünya memarları özlərindən bir neçə əsr sonra üçün aktual ola biləcək layihələr verdikləri halda, təəssüf ki, ölkəmizdə bəzi savadsız memar və dizaynerlər insanları keçmişə çəkməklə məşğuldurlar. Bu isə avtomatik olaraq cəmiyyəti inkişafdan saxlayır".

Çox vaxt insanlar "təmir" və "dizayn" anlayışlarını eyniləşdirirlər. İşi peşəkarlara həvalə etmək, təbii ki, daha yaxşı nəticələr verər. Bəs hansı evlərdə işləmək dizayner üçün daha rahatdır? Faiq Dadaşov bu sualı da cavablandırdı:

"Yeni tikilən evlərdə işləmək daha asandır. Belə evlərdə dizayner öz fikrini daha yaxşı çatdıra bilir. Köhnə evlərdə bir az problem olur. Biri var dizayn, biri də var təmir. Bəzən olur ki, hər hansı bir plan, dizayn layihəsi olmadan işə başlayırlar. Onda da qarışıq bir şey əmələ gəlir, onu sonra düzəltmək də mümkün olmur. Yəni belə işlərdə əvvəldən dizayn layihəsi olmalıdır. Sonradan evin bütün rəng çalarları, avadanlıqlar bu layihəyə uyğun işlənməlidir".

Dizaynın qiyməti

Qonşu ölkələrlə müqayisədə Azərbaycanda dizayn studiyaları az olsa da, fərdi fəaliyyət göstərən dizaynerlər də var. Digər sahələrdə olduğu kimi dizaynerlikdə də müəyyən qiymətlər mövcuddur. Məsələn, Rusiyanın paytaxtı Moskvada dizayn olunan məkanların qiyməti ilə ölkənin digər şəhərlərindəki məkanların dəyəri arasında böyük qiymət fərqi var. Əgər dizayner Moskvadan digər şəhərlərə çağırılırsa, dizaynerin gediş-gəliş haqqı, həmin şəhərdə qaldığı müddətdə bütün xərcləri və tələbləri də qarşılanmalıdır. Ümumilikdə isə dizayn üçün Rusiyada orta məbləğ 1 kv.m üçün 5000 rubldan (təxminən 125 manat) başlayır.

Azərbaycanda isə evin 1 kvadrat metrinin dizaynı 5 manatdır. Orta hesabla isə dizaynerin qonorarı 4-5 min, material və usta pulu 13-15 min, mebel, dekorasiya, elektron əşyalar və s. qiyməti isə 25-30 min civarındadır. Görülən işin həcmindən asılı olaraq bu qiymət bəzən 10 min manatdan 300 min manata qədər dəyişə bilər.

Urfan Məmmədov Azərbaycanda dizaynerlərin tələb etdikləri məbləğ haqda bunları dedi:

"Ümumi danışıq qaydalarından asılı olaraq, evin sıfırdan sonadək interyer dizayn qiyməti ilə sadəcə dizaynın qiyməti arasında fərqlər var. Bu tamamilə sifarişçi ilə memarın, dizaynerin danışıq şərtləri və tələblərindən asılı olaraq dəyişir. Ümumiyyətlə isə bu məbləği əvvəlcədən demək yaradıcılıq baxımından günahdır. Memara, dizaynerə qazanacağı məbləğdən çox, onun gördüyü iş önəmli olmalıdır. Ona görə bu sənətdə "bazar qiymətləri" kimi konkret qiymətlər yoxdur, olmamalıdır. Elə sifariş ola bilər ki, onu lap havayı da işləyə bilərsən, elə sifariş də olar ki, işın ağırlığı, səninlə işləyən digər insanların alacağı qonorar və s. nəzərə alınaraq müəyyən məbləğ tələb edilə bilər. Ancaq bu peşənin əsas qiyməti gördüyün işə insanların münasibətidir. Axı bu incəsənətdir..."

Dizayna sərf olunan vaxt

Əgər evi bütünlüklə dizaynerə həvalə ediriksə, arzu olunan nəticəni əldə etmək üçün müəyyən vaxt gərəkəcək. Dizayn verilişlərində, adətən, 1 otağın dizaynı minimum 3 gün, bəzən isə 2-3 həftə çəkir. Məkanın dizaynına sərf olunan vaxt haqqında memar-dizayner Urfan Məmmədov bunları dedi:

"Məkanı, sifarişçini, tələbləri və s. görməmiş, yaradıcılıq və layihələndirmə müddətini əvvəlcədən dəqiq demək mümkün deyil. Yalnız bu sadalananlarla tanış olduqdan sonra təxmini vaxt demək mümkündür. Bu müddət 1-2 aydan başlayaraq, 1-2 ilə qədər arta bilər".

Dahi rəssam, dövrünün bir çox ilklərinə imza atan Pablo Pikassonun dizayn haqda maraqlı fikri var: "Yaxşı dizayner köçürür (kopiyalayır), dahi isə oğurlayır".

Urfan Məmmədovsa dizayn haqda fikirlərini belə izah etdi:

"Memarlıq layihəsinin böyük-kiçiyi olmur. Hətta ən xırda dizayn işini belə göydələn layihələndirməkdən çətin hesab etmək olar. Məşhur memar Mies van der Rohe-un gözəl bir sözü var: "Stul layihələndirmək bina layihələndirməkdən daha çətindir". Burada kiçik çərçivədə maksimum yaradıcılıq göstərmək lazım gəlir. Memarın artıq fenomen olmuş dizaynı sayılan "Barcelona chair"ə baxarkən bunu anlamaq mümkündür. Memarlıq layihələri yalnız həcminə görə biri digərindən böyük ola bilər. Məsələn, bu yaxınlarda amerikalı memar Jose Vinsent ilə birlikdə 1 illik layihə üzərində çalışmışam. Onunla Azərbaycanın gözəl rayonlarından birində 4 hektarlıq ərazi üçün istirahət və əyləncə kompleksi layihələndirmişik. Burada otel, iqamətgah, çoxsaylı koteclər və SPA, üzgüçülük mərkəzi yer alır. Bu layihə həm həcminə görə, həm də amerikan təcrübəsi öyrənmək baxımından mənim üçün olduqca böyük layihədir".

Günay
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.