Cəmiyyət

AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi - FOTO

14 May 2026 14:34
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı və "TUM International GmbH"nın akademik dəstəyi ilə təsis edilən "AZCON School of Engineering and Technology" - AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "TUM International GmbH"nın (TUMint) icraçı direktoru Friederike Hettinger və AzTU-nun rektoru Vilayət Vəliyev çıxış ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, AZSET proqramı ali təhsildə nəzəri biliklə praktiki təcrübənin daha sıx əlaqələndirilməsi baxımından mühüm təşəbbüsdür. Nazir vurğulayıb ki, müasir əmək bazarında universitetlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan AZSET modeli tələbələrin yalnız akademik bilik əldə etməsinə deyil, həm də praktiki bacarıqlar formalaşdırmasına imkan yaradacaq.

Emin Əmrullayev əlavə edib ki, beynəlxalq tərəfdaşlıq əsasında həyata keçirilən belə layihələr Azərbaycanın mühəndislik və texnologiya sahəsində insan kapitalının inkişafına töhfə verir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə istiqamətlənmiş innovativ əməkdaşlıq modelini formalaşdırır. AZSET proqramı Azərbaycanın texnoloji insan kapitalının inkişafına yönəlmiş strateji investisiya kimi dəyərləndirilə bilər.

Rəşad Nəbiyev əlavə edib ki, tələbələr Azərbaycanı tərk etmədən Münhen Texniki Universitetinin keyfiyyət standartlarına uyğun hazırlanmış müasir təhsil proqramı əsasında təhsil alma imkanı əldə edəcəklər. Proqram çərçivəsində hər bir tələbə AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdən biri ilə birbaşa əlaqələndiriləcək və real layihələr üzərində praktiki təcrübə qazanacaq.

"TUM International GmbH"nın (TUMint) icraçı direktoru Friederike Hettinger bildirib ki, bu gün burada Azərbaycanın gələcəyi üçün həm iddialı, həm də strateji əhəmiyyət daşıyan bir tərəfdaşlığı elan etmək mənim üçün böyük şərəfdir. Biz kompüter elmləri üzrə bakalavr proqramı ilə başlayırıq və daha sonra kompüter mühəndisliyi üzrə bakalavr proqramını təqdim edəcəyik.

"Bu, sadəcə yeni bir məktəbin açılışı deyil. Bu, Bakıda kompüter elmləri, data analitikası, süni intellekt və kibertəhlükəsizlik sahələrində regional mükəmməllik mərkəzinin qurulmasına yönəlmiş uzunmüddətli öhdəliyin başlanğıcıdır, - deyə icraçı direktor vurğulayıb.

AzTU-nun rektoru Vilayət Vəliyev çıxışında diqqətə çatdırıb ki, AZSET layihəsi Azərbaycanın rəqəmsal gələcəyinə investisiyadır, universitet-sənaye əməkdaşlığının yeni modelidir və regional texnologiya liderliyinə doğru atılmış strateji addımdır. Bu layihənin ən böyük nəticəsi yüksəksəviyyəli mühəndislər, yeni texnologiyalar, startap ekosistemi və beynəlxalq rəqabət qabiliyyətli insan kapitalı olacaq.

Sonra "AZCON School of Engineering and Technology" - AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb. Müqaviləni AZCON Holding tərəfindən icraçı direktor Şahin Babayev, Azərbaycan Texniki Universiteti tərəfindən rektor Vilayət Vəliyev və "TUM International GmbH" (TUMint) tərəfindən icraçı direktor Friederike Hettinger imzalayıblar.

AZSET proqramı haqqında məlumat:

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində təsis edilmiş AZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan "TUMint" təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək. Beləliklə, dünya səviyyəli akademik təcrübə AZSET proqramının tədris modelinə inteqrasiya olunacaq. "TUM" mütəxəssisləri həm Bakıda əyani formada, həm də onlayn qaydada tədris prosesində iştirak edəcəklər. Tədris prosesi "TUMint"in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq görmüş müəllimlər tərəfindən həyata keçiriləcək.

Beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasını hədəfləyən məktəbdə tədris tam şəkildə ingilis dilində aparılacaq. AZSET proqramı Azərbaycanın ali təhsil müəssisələrinin müvafiq təhsil, təbiət, texniki və texnoloji ixtisaslar üzrə birinci kursunu başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Proqrama müraciət etmək istəyən namizədlərin birinci kursun hər iki semestri üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) ən azı 81 və daha yüksək olması, eyni zamanda ingilis dili üzrə ən azı B2 və daha yuxarı səviyyəyə malik olmaları tələb edilir. Qəbul üçün daxili imtahana qeydiyyat cari ilin 15 iyun - 15 iyul tarixləri arasında aparılacaq. Uğur qazanan tələbələr təhsillərini ikinci kursdan bu proqramda davam etdirə biləcəklər.

Yüksək nəticə göstərən tələbələrin "TUM"un Münhen kampusuna tədris səfərləri nəzərdə tutulur. Proqramı uğurla başa vuran məzunlar AzTU-nun dövlət nümunəli bakalavr diplomu ilə yanaşı, "TUM International GmbH" sertifikatını əldə edəcəklər. Eyni zamanda yüksək akademik nəticə göstəriciləri ilə fərqlənən məzunlar üçün AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdə karyera imkanı yaradılacaq.

AZSET proqramı haqqında ətraflı məlumat üçün: www.azsetedu.az 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.