"Bir-iki ay öncə nişanlanma xəttinin tələbini pozduğuma görə 40 manat cərimə olunmuşam".
Milli.Az xəbər verir ki, bu sözləri sürücülük vəsiqəsi almaq üçün imtahanlara hazırlaşarkən kitablarını oxuduğumuz professor Əziz Talıbov "ASAN radio"ya müsahibəsində bildirib.
Kiminsə ümumiyyətlə qaydaları pozmadığını deməsi reallıqla uzlaşmır: "Sürücü olmaq üçün Azərbaycanda istifadə edilən və tövsiyə edilən iki kitabın müəllifi mənəm. Talıbov olaraq yol-hərəkəti qaydalarını nəinki əzbər bilirəm, fəlsəfəsini bilirəm. Yollarda qaydalara əməl etməyə çalışıram. Qaydaları bilmək və onlara əməl etmək üst-üstə düşürsə, bu çox gözəl nəticədir. Həmişə çalışmışam ki, nümunəvi sürücü olum.
Bəzən olur ki, sürücü qayda pozuntusuna yol verir, o cümlədən də mən. Çox deyil, amma olur. Bir-iki ay öncə nişanlanma xəttinin tələblərinin pozulmasına görə 40 manat cərimə olunmuşam".
"İstənilən vaxt imtahan versəm, 100 faiz nəticə əldə edərəm. Buna 100 faiz əminəm. Sürücü olmaq istəyən şəxs müəyyən tələblərə cavab verməlidir. Birincisi sağlam olmalıdır. İkincisi yol-hərəkət qaydalarını bilməlidir. Üçüncüsü isə praktiki sürmə vərdişlərinə yiyələnməlidir", - o, əlavə edib.
Milli.Az





