16 fevraldan 13 marta qədər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən Könüllü Proqramının müsahibə mərhələsini uğurla keçmiş namizədlər üçün ümumi təlim təşkil olunacaq.
Milli.Az xəbər verir ki, bu barədə WUF13-ün rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, təlim proqramı üç əsas istiqamət üzərində qurulub:
Ümumi oriyentasiya;
Rola əsaslanan təlim;
Məkan üzrə hazırlıq.
Qeyd edilib ki, bu təlimlər könüllülərin tədbir müddətində öz vəzifələrini səmərəli və peşəkar şəkildə yerinə yetirmək üçün tam hazır olmasını təmin etmək məqsədi daşıyır. Təlimi uğurla başa vuran 2500 könüllü WUF13-ün müxtəlif əməliyyat sahələrinə yerləşdiriləcək.
WUF13 Könüllü Proqramına müraciət edən 16 000 namizəddən 10 500-dən çoxu ilkin seçim mərhələsini keçərək müsahibəyə dəvət olunub. 5000-dən çox namizəd bu mərhələni uğurla başa vurub.
Müraciət edənlər arasında 1500-dən çox xarici vətəndaş olub.
Milli.Az





