Rusiyanın Yekaterinburq vilayətinin Jeleznedorojnıy Rayon Administrasiyasının rəhbəri Vitali Perşinin azərbaycanlı ailədən olan uşaqlara Yeni il hədiyyələri verməsi qalmaqala səbəb olub.
Milli.Az xəbər verir ki, hadisə "Arzu Ağacı" xeyriyyə kampaniyası zamanı baş verib.
Rayon rəhbəri Vitali Perşinə ünvanlanan arzular məktubunda 7 yaşlı Əli, 8 yaşlı qardaşı Vaqif və onların böyük bacısı skuter, hədiyyə və əl işi dəsti istəyib. Hədiyyələrin təqdim olunmasından sonra rayon administrasiyasının saytında uşaqların şəkillərinin paylaşılması sosial şəbəkələrdə mənfi və aqressiv rəylərə səbəb olub.
Ailənin valideynləri paylaşımlardan sonra təhqir və təzyiqlərlə üzləşdiklərini bildiriblər. Rayon rəhbəri Vitali Perşin açıqlamasında qeyd edib ki, şərhlər bağlandıqdan sonra belə ailənin şəxsi səhifələrinə müdaxilələr davam edib və valideynlər hədiyyələri geri qaytarmağa hazır olduqlarını deyiblər.
Perşin ailədə uşaqlardan birinin eşitmə qüsurlu olduğunu vurğulayıb. Ata tikinti işçisi, ana isə evdar qadındır. Ailə artıq 20 ildir Rusiya vətəndaşıdır.
Qeyd edək ki, Rusiyada "Arzular yolkası" uşaqların, yaşlıların və əlillərin Yeni il arzularını yerinə yetirməyə yönəlmiş federal xeyriyyə aksiyasıdır. Rusiya Prezidenti Vladimir Putin də ənənəvi olaraq bu aksiyada iştirak edir.
Fidan
Milli.Az





