Cəmiyyət

15 ildə Azərbaycanda ana ölümü ilə bağlı statistika

27 Dekabr 2025 23:39
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2010-cu illə müqayisədə 2024-cü ildə ölkə üzrə ana ölümü səviyyəsi 12.6 bənd artaraq hər 100 min diri doğulana görə 28.3 nəfərə yüksəlib. Göstərilən dövrdə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 26 nəfərdən 29 nəfərə çatıb.

Milli.Az rəsmi statistikaya istinadən xəbər verir ki, 2010-cu illə müqayisədə 2024-cü ildə ana ölümü səviyyəsi kənd yerlərində 9.5-dən 43.4-ə yüksəlib, şəhər yerlərində isə 22-dən 12.2-yə enib.

2024-cü ildə ana ölümü hallarının 6-sı şəhər, 23-ü isə kənd yerlərinin payına düşüb.

2024-cü ildə ana ölümü hallarının sayı Lənkəran-Astara və Mil-Muğan iqtisadi rayonlarında hərəsində 5, Qarabağ iqtisadi rayonunda 4, Şərqi Zəngəzur və Mərkəzi Aran iqtisadi rayonlarında 3, Dağlıq Şirvan, Qazax-Tovuz və Quba-Xaçmaz iqtisadi rayonlarında isə hərəsində 2 hal olaraq qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında, Abşeron-Xızı və Gəncə-Daşkəsən iqtisadi rayonlarında isə hərəsində 1 ana ölümü faktı qeydə alınıb. Bakı şəhəri, Şəki-Zaqatala və Şirvan-Salyan iqtisadi rayonlarında ana ölümü halları müşahidə edilməyib.

Ana ölümü anlayışı hamiləliyin müddətindən və harada baş verməsindən asılı olmayaraq, hamiləliyin ağırlaşması və ya düzgün aparılmaması nəticəsində (bədbəxt hadisə və ya təsadüfi səbəblər istisna olmaqla) hamiləlik dövründə, doğuş zamanı və ya hamiləliyin başa çatmasından sonra ilk 42 gün ərzində qadının vəfat etməsi halını ifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.