Elektron siqaretlərlə bağlı nəzərdə tutulan qadağanın qüvvəyə minmə tarixinə dəyişiklik edilməsi təklif olunur.
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında "Tütün və tütün məmulatı haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı məlumat verib.
Komitə sədri bildirib ki, cəmiyyətdə yanlış təsəvvür formalaşmamalıdır. Onun sözlərinə görə, elektron siqaretlərin qadağan olunması təşəbbüsü heç bir halda ənənəvi siqaretlərin və ya digər tütün məmulatlarının istifadəsinin təşviqi kimi qiymətləndirilməməlidir. Əksinə, mövcud qanunvericilik əhalinin sağlamlığının qorunması məqsədilə tütün məhsullarının reklamını qadağan edir və onların istifadəsini məhdudlaşdıran normaları özündə ehtiva edir.
Azər Əmiraslanov qeyd edib ki, qanun layihəsinin ilkin variantında sənədin 2026-cı il fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu. Lakin üç komitənin birgə iclasından sonra elektron siqaret bazarında fəaliyyət göstərən sahibkarlar tərəfindən yeni qaydalara mərhələli keçidlə bağlı komitəyə çoxsaylı müraciətlər daxil olub.
Bu müraciətləri, eləcə də elektron siqaretlərə sərt qadağa tətbiq etmiş digər ölkələrin təcrübəsini nəzərə alaraq, qanunun qüvvəyə minmə tarixinin fevralın 1-dən aprelin 1-nə keçirilməsi təklif edilir. Komitə sədri vurğulayıb ki, bu keçid dövründə sahibkarların mümkün maliyyə itkiləri və çətinliklərlə üzləşməməsi üçün aidiyyəti dövlət qurumları tərəfindən zəruri dəstək göstərilməlidir.
O, eyni zamanda xəbərdarlıq edib ki, qadağa qüvvəyə mindikdən sonra elektron siqaretlər üzrə qeyri-qanuni dövriyyənin, "qara bazar"ın formalaşmasının və qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədilə gömrük, vergi, antiinhisar və hüquq-mühafizə orqanları tərəfindən ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Bu tədbirlərin isə ardıcıl və sistemli maarifləndirmə fəaliyyəti ilə müşayiət olunmasının vacibliyi xüsusi vurğulanıb.
Azər Əmiraslanov əlavə edib ki, qanunun effektiv icrasını təmin etmək üçün institusional mexanizmlər yaradılmalı, icraçı qurumların səlahiyyət və məsuliyyət bölgüsü aydın şəkildə müəyyənləşdirilməlidir.
Komitə sədri qanun layihəsinin ictimai maraqlara uyğun olduğunu, xüsusilə gənclər və yeniyetmələr arasında sağlamlığın qorunmasına xidmət etdiyini nəzərə alaraq, sənədin birinci oxunuşda müzakirə olunmasını və dəstəklənməsini məqsədəuyğun hesab etdiyini bildirib.
Milli.Az





