Cəmiyyət

Himn dinləyənlər, yoxsa oxuyanlar? - Millətin səsi haradadır?

9 Dekabr 2025 17:50
Baxış: 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu yaxınlarda bir mərasimdə aparıcının "Sizi Azərbaycan Respublikasının Dövlət Himnini dinləməyə dəvət edirik" sözləri mənə çox pis təsir etdi. Təəssüf ki, bu cümlə bizim himnlə bağlı ümumi yanaşmamızın acı reallığını əks etdirir: Biz himnimizi dinləyirik, oxumuruq".

Milli.Az xəbər verir ki, bu sözləri filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq deyib.

Bildirib ki, himn sadəcə bir musiqi deyil. O, bizi bir millət olaraq birləşdirən, tariximizi, qürurumuzu, gələcəyə olan inamımızı simvolizə edən ən ali dəyərdir:

"Əksəriyyətimiz sözləri əzbər bilirik, amma niyə dövlət tədbirlərində, yarışlarda hamımız bir ağızdan, uca səslə, qürurla, sinəmiz qabara-qabara oxumuruq?"

Ş.Sadiq qeyd edib ki, himni oxumamaq hamının problemidir. Himnin səsləndiyi anlarda susmaq, onu fon musiqisi kimi qəbul etmək, milli ruhumuzu və birliyimizi tam ifadə etməmək deməkdir.

"Himn eşidiləndə hər kəsin oxuması bizim vətəndaşlıq borcumuz, mənəvi haqqımız və bir millət olaraq gücümüzün nümayişidir. Məhz buna görə də, imkan tapdıqca, iştirak etdiyim tədbirlərdə himnin musqisiz, yalnız insan səsləri ilə oxunmasını təklif edirəm. Qoy yalnız sözlərin gücü bizi birləşdirsin!"

Himn və Şəhidlərimizin yad edilməsi sırasından danışan Ş.Sadiq hesab edir ki, bu sıra dəyişdirilməlidir:

"Adətən, əvvəl himn səslənir, sonra Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilir. Düzgün sıra belə olmalıdır: Biz əvvəlcə canını Vətən uğrunda fəda edən, bu himnin azadlıqla səslənməsini təmin edən Şəhidlərimizi bir dəqiqəlik sükutla, dərin ehtiramla yad etməliyik. Niyə? Çünki onlar bizim suverenliyimizin, bayrağımızın və himnimizin əsas təməlidir. Onların ruhu rahatlıq tapandan sonra, onların qanı ilə qazanılmış Himni - yəni azadlığımızın sədasını daha böyük qürurla və məsuliyyətlə oxumalıyıq. Bu, həm daha məntiqli, həm də Şəhidlərimizin fədakarlığına verilən ən böyük dəyərdir".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.