Müəllimlərin işə qəbulu (MİQ) imtahanında keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulan güzəştlərin ləğv olunması təklif edilib.
Milli.Az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov tərəfindən qaldırılıb.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin sosial müdafiəsi daim diqqət mərkəzində olub və onlar doğma yurdlarına qayıtdıqdan sonra da üç il müddətində güzəştlərdən yararlanırlar.
"MİQ imtahanında şəhid ailələri və əlillərlə yanaşı, keçmiş məcburi köçkünlərə də güzəştlər tətbiq olunur. Lakin artıq buna ehtiyac qalmayıb," - deyə Vüqar Bayramov qeyd edib.
Xatırladaq ki, "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak ödənişli olacaq. Lakin bu qayda ilk dəfə imtahanda iştirak edənlər, əlilliyi olan şəxslər, sosial yardım alan ailə üzvləri, şəhid ailələri və müharibə veteranları üçün tətbiq edilməyəcək.
Milli.Az





