Cəmiyyət

Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları - ARAŞDIRMA

6 Oktyabr 2025 23:35
Baxış: 400
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının lüks restoranlarında bir nəfərlik şam yeməyi artıq 1000 manata yaxınlaşır. Paytaxtın mərkəzində yerləşən premium məkanlarda təqdim olunan yeməklərin qiymətləri tez-tez müzakirə mövzusuna çevrilir. Panoramik mənzərə və zərif interyerlərlə müşayiət olunan bu restoranlarda menyular sanki status yarışına giriblər. Xaricdən gətirilən ətlər, Xəzərin kürü növləri və steyklər artıq yalnız dad deyil, həm də dəbdəbə göstəricisinə çevrilib.

"Yeni Sabah" Bakının ən bahalı restoranları ilə bağlı araşdırma aparıb.

1495 manata kürü

Bakının mərkəzində yerləşən "Four Seasons Hotel"in "Zafferano" restoranı zərif atmosferi və panoramik mənzərəsi ilə seçilir. Burada İtalyan mətbəxinin klassik və müasir nümunələri təqdim olunur.

Restoranın menyusunda "Sea Bass Carpaccio" 55, "Pear and Gorgonzola" salatı 44 manata, xərçənglə hazırlanan "Lobster Linguine" isə 72 manata təklif edilir. Xəzər dənizindən əldə olunan kürü növlərinin qiyməti 443 manatdan başlayır, 1495 manata qədər artır. 

Qızardılmış ət yeməkləri bölməsində qiymətlər 92-385 manat arasında dəyişir. Zərif interyeri və peşəkar xidməti ilə "Zafferano" Bakının ən prestijli restoranlarından biri hesab olunur.

Bir yemək 320 manat

Səbail rayonunda, Xaqani küçəsi 14/A ünvanında yerləşən "Prive Steak Gallery" yerli və idxal ətləri ilə seçilən lüks steyk məkanlarından biridir. Restoranın menyusundakı qiymətlər fərqli kateqoriyalara görə dəyişir.

İdxal ətləri ilə hazırlanan "Club" və "New York" steykləri 130 manat, "Rib Eye", "Dallas" və "T-bone" steyklər isə 140 manata təklif olunur. Ən bahalı seçim "Tomahawk" steykidir-qiyməti 320 manatdır.

Ən ucuz ət yeməyi 110 manat 

Hilton Baku otelinin 24-cü mərtəbəsində yerləşən "Sky Grill" restoranı müştərilərə təklif etdiyi ət və dəniz məhsulları ilə məşhurdur.

Black Angus Steak menyusunda "Rib Eye" (qabırğa steyki) 150 manat, "Tenderloin" (mal filesi) 155 manat, "Striploin" (bel hissə steyki) 110 manat, "T-bone" (sümüküstü steyk) isə 140 manatdır.

US Angus növündə qiymətlər 185-190 manat, Australian Black Angus seçimlərində isə 190-195 manat arasında dəyişir. Ən bahalı seçim "Wagyu Rib Eye" (Yapon qabırğa steyki) - 380 manat.

Dəniz məhsulları və digər yeməklər arasında "Dorado" (çipura), "Seabass" (dil balığı), "Salmon" (qızılbalıq) və "Jumbo Prawns" (iri krevetlər) 75 manat, "Beef Medallion" (mal filesi tikələri) 95 manat, "Flavored Half Chicken" (yarım toyuq) isə 45 manata təklif olunur.

Qonşudan qalma geri

Bakının mərkəzində Hilton Baku otelinin qonşuluğunda yerləşən JW Marriott Absheron otelinin "OroNero" restoranı İtalyan mətbəxinin zərif nümunələri ilə seçilir. Lüks interyer və yüksək qiymətləri ilə tanınan restoranın menyusundakı qiymətlər də diqqət çəkir.

Burada "Pesce San Pietro" (John Dory balığı filesi, kartof püresi və ispanaq) 98 manata, "Polpo" (dəniz osminoq zukini və pekorino sousu ilə) 105 manata, "Pettine" (scallop və bibər sousu ilə) 110 manata təklif olunur.

Ət sevərlər üçün ördək budu 68, Avstraliya quzu əti, trüfel kartof püresi ilə 155 manata təqdim edilir. ABŞ-dan gətirilən mal filesi 185, ABŞ mal ətindən hazırlanmış "Tagliata di manzo" 215 manata, Yapon "Wagyu" mal ətindən hazırlanmış "Tagliata di manzo" 405 manata, "Wagyu" mal filesi isə 370 manata təklif olunur.

Sobada bişirilən balıq 80 manat

Dənizkənarı bulvarda yerləşən Sahil Bar & Restaurant milli və balıq yeməkləri ilə seçilir.

Restoranda 30 qramlıq seçilmiş qara kürü 175 manat, sobada bişmiş beluqa balığı 60 manat, nərə balıq kababı 80 manatdır. 

Ət menyusunda dana qabırğaları 60, nərə balığı nar sousunda 80, quzu səbəti 100-195 manat, ənənəvi toyuq ləvəngisi isə 40 manata təklif olunur.

Burada da qiymətləar bahadır

"Renessans Palace" Yaşayış Kompleksində, Zahid Xəlilov küçəsində yerləşən Etçi Umut Baku restoranında da qiymətlər çox bahadır. Burada "Dallas Steyk" 78 manat, "New York Steyk" 76 manat, "T-Bone Steyk" 82 manat, "Ribay Steyk" və "File Minyon" isə 44 manata təklif olunur. Qoyun ətindən hazırlanmış "Quzu doğranmış steyk" 38 manat, "Quzu şişdal" isə 110 manata başa gəlir.

"Quzu səbət" 80 manat

Bakı mərkəzində yerləşən "Nakhchivan Restaurant" qədim interyeri və Naxçıvan mətbəxinin zəngin dadları ilə seçilir. Restoranın menyusunda yüksək qiymətlər diqqət çəkir. Burada "Quzu səbət" adlı yemək 80 manata, "Quzu ətindən sac" isə 65 manata təklif olunur. 

Daha sadə, amma dadlı seçimlər arasında mal ətindən qovurma 35 manata, övriştə 29 manata alıcılara təklif edilir.

45 manata plov

İçərişəhərdə yerləşən Art Club Restaurant həm milli mətbəxin ləzzətləri, həm də atmosferi ilə seçilir. Burada qiymətlər yeməyin tərkibinə və təqdimatına görə dəyişir. 

Restoranın menyusundakı ən bahalı seçimlərdən biri 90 manata satılan "Xəzər nərəsi" (Caspian sturgeon) yeməyidir, bu balıq limon, nar sousu və tərəvəzlərlə təqdim olunur. 

Daha sonra menyuda onu 50 manata təklif edilən "Qızılbalıq filesi" (Salmon) izləyir. Ənənəvi plov sevənlər üçün isə "Şah plov" 45 manata, "Turşu qovurma" və "Fisincan plov" isə 25 manata təklif olunur.

50 qramı 200 manat

Bakının mərkəzində yerləşən Gazelli Cafe həm zərif atmosferi, həm də seçilmiş menyusu ilə paytaxtın premium məkanlarından biridir. Burada qiymətlər kifayət qədər yüksəkdir. Məsələn, qara istiot souslu "Ribay steyk" 75 manata təklif olunur. 

Daha lüks seçimlər axtaranlar üçün "Baku Caviar"dan təqdim edilən nərə balığının qara kürüsü 50 qramı 150, 113 qramı isə 300 manata satılır. "Beluga" kürüsünün qiyməti isə daha yüksəkdir - 50 qramı 200, 113 qramı 400 manatdır.

Menyuda həmçinin daha yüngül səhər yeməyi seçimləri də var, məsələn, avokado və ispanaqlı omletin qiyməti 14 manat, pomidor-yumurta 10 manatdır.

1700 manata şərab

Bakının yüksəkliyində yerləşən Hill Badamdar restoranı həm mənzərəsi, həm də bahalı menyusu ilə seçilir. Burada təqdim olunan yeməklər arasında qiymətləri ilə diqqət çəkən "Asado steak" 650, bütöv quzu 550, sümüksüz "Kütüm ləvəngi" isə 70 manata təklif olunur. Restoranın içki menyusu isə sözün əsl mənasında fantastik  səviyyəsindədir. Məsələn, "Dom Perignon Rose" şərabı 1700 manata, "Moet Chandon Ice Imperial" 560 manata satılır. Daha münasib variant kimi "Faber" 70, "Moet Chandon Brut" isə 280 manata təqdim olunur.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.