Cəmiyyət

Ramazan ayı ilə bağlı suallarınıza CAVABLAR

15 Mart 2024 09:00
Baxış: 8 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəhmət, bağışlanma, xeyir, bərəkət, təbəssüm, eyni zamanda günahları xatırlayaraq kədərlənmə, tövbə, bütün duaların qəbul olunduğu, birlik, mehribanlıq, Cənnəti qazanma, Cəhənnəmdən qurtulma və daha neçə-neçə möhtəşəm gözəllikləri əhatə edən - təxmini 29-30 gün var imiş həyatımızda.. Cəmi 7 hərf: RAMAZAN..

Bəli, bu möhtəşəm ay artıq qapıdadır.. Bizdәn öncә yaşamış xeyirli insanlar, "Allahım bizi Ramazana çatdır" deyә aylarla yalvararaq dua edәrdilәr. Çünki, "Ramazanda da günahlarlarımdan bağışlanmasam, axı nә vaxt bağışlanacağam?!.. Ramazanda da bol-bol savab qazanmağı bacarmasam, axı nә vaxt qazana bilәcәm?!.." şüurunu çox gözәl şәkildә mәnimsәmişdilәr. Bəs biz? Dərk edirikmi bu ayı? Gözümüzü yumub-açırıq və artıq bu ayın içərisinə daxil oluruq.. Qafillik.. Allaha çox şükürlər olsun ki, bu ayda bizi yaşadır və bizi saleh əməllərə yönəldir.

Bu ayda Quran yer üzünə nazil olmuşdur. Bundan daha əzəmətli nə ola bilər? Uca Allah Qurani-Kərimdə buyurur:

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir..."(Bəqərə, 185)

Uca Allah, Ramazan ayına, digər aylardan fərqli xüsusiyyətlər və üstünlüklər vermişdir:

1. Oruc tutanın ağzının qoxusu, Allah dәrgahında müşk ətrindən daha xoşdur.
2. Bu ay azğın şeytanlar zәncirlәnir, Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır.
3. Bu ayda, min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Bu gecənin xeyirindən məhrum qalan kimsə xeyrin hamısından məhrum qalar. Çünki bu gündə bütün dualar qəbul olunur.
4. Ramazanın sonunda bütün oruc tutanların günahları bağışlanar. Bu ayda Allahın Cəhənnəm əzabından azad etdiyi şəxslər vardır. Bu Ramazanın bütün gecələrində baş verir.

Belə xüsusi fəzilətlərə sahib olan bu ayı necə qarşılamalıyıq? Saleh bir kimsə bu ayı; səmimi bir tövbə, bütöv bir qərarlılıq, bütün vaxtını saleh əməllər işlədərək keçirməli və bu yolda Allahdan yardım istəməlidir. "Ramazan ayını ən gözəl şәkildә dəyərləndirmək üçün nə kimi saleh əməllər etmәliyik?" sualının cavabını axtarmağa varsınızmı?..

Ramazanda yerinə yetirilməsi gərəkli olan saleh əməllər aşağıdakılardır:

 Oruc tutmaq:

Rəbbimiz buyurmuşdur:

"Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz". (Bəqərə, 183)

Uca Allah "Orucun mükafatını mən verəcəm, o öz arzularını, yeyib-içməsini mənim üçün tərk edir" buyurmuşdur. Peyğәmbәrimiz bu mübarәk ay haqqında belə demişdir:

"Kim Ramazanı fərz olduğuna inanaraq və mükafatını Allahdan istəyərək oruc tutaraq keçirərsə keçmiş günahları bağışlanar" (Buxari, Müslim).

"Kim yalan söz danışmağı və yalanla əməl etməyi tərk etməzsə, onun yeyib-içməsini tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur" (Buxari).

"Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Әgər kimsə ona söyәrsə "mən orucluyam" desin" (Buxari, Müslim).

Buna görə də oruc tutan hər bir kəsin; qulağı, gözü və bütün bədən üzvləri oruc tutmalıdır. Yәni, oruc tutmaq - tәkcә mәdәnin qidasız qalması demәk deyildir. İnsanın oruc tutduğu gün ilə, oruc tutmadığı gün arasında daha müsbət dəyişikliklər olmalıdır!

Namaz qılmaq.

"Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. - Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər" (Furqan, 63-64).

Peyğәmbәrimiz buyurmuşdur: "Kim Ramazanı (vacib olduğuna inanaraq) mükafatını da Allahdan istəyərək namazla keçirərsə keçmiş günahları bağışlanar" (Buxari, Müslim).

Gecə vaxtları namaz qılmaq - Allahın Rəsulu (Ona və ailəsinə salam olsun) və səhabələrinin üzərində möhkəm şəkildə dayandığı bir sünnə (yol) idi. Aişə (Allah ondan razı olsun) deyәrdi:

"Gecə namaz qılmağı tərk etmə. Çünki Allahın rəsulu (Ona və ailəsinə salam olsun) onu tərk etməz, xəstələnər və ya yorğun olardısa oturaraq namazını qılardı". Ömər bin Xəttab (Allah ondan razı olsun) da gecələr istədiyi qədər namaz qılar, gecə yarısı olduqda ailə üzvlərini də namaza qaldırardı. Onlara, "Namaza, namaza" deyər və "Әhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!" (Taha surəsi, 132) ayəsini oxuyardı.

Әlqamə b. Qeys belə demişdir: "Bir gecə Abdullah b. Məsud'un (Allah ondan razı olsun) yanında qaldım. Gecənin ilk vaxtlarında qalxıb namaz qıldı. Sanki məhəllə məscidində namaz qılan bir imam kimi ağır-ağır, ayələri bircə-bircə oxuyurdu. Buna baxmayaraq ətrafında olanlar onun qiraətini eşitmir, hətta öz səsini özü də eşitməyəcək dәrәcәdә olardı. Nəhayət, səhərə yaxın, dan yeri ağaranda, axşam azanından axşam namazının qurtarmasına qədər bir vaxt qədər (yәni, az bir vaxt) qaldıqda vitri qılardı.."

Ramazan ayında, təravih namazlarının xüsusi bir yeri vardır. Bu namaz, Ramazan ayının, xüsusi özəlliklərin və bol-bol savab vəd edən ibadətlərdən hesab olunur.

Allah yolunda xərcləmək

Allahın elçisi (Ona və ailəsinə salam olsun) insanların ən cömərdi idi. Ramazan ayında, digər günlərə nisbətən daha çox mülayim olardı. O, bizə də bunu nəsihət edərdi: "Sədəqənin ən fəzilətlisi Ramazanda verilən sәdәqәdir" (Tirmizi). Ömər b. Xattab demişdir: "Allahın rəsulu (Ona və ailəsinə salam olsun) bizə sədəqə verməyi əmr etdi. Bu vaxt mənim də yanımda bir az malım var idi. Öz-özümə: "Әgər, Әbu Bəkr'i keçmək mümkündürsə ancaq bu gün onu keçəcəm" dedim və malımın yarısını gətirdim. Allahın rəsulu (Ona və ailəsinə salam olsun) mənə dedi: "Öz ailən üçün geridə nə qoydun?" Mən də "sənə gətirdiyim qədər" dedim. Әbu Bəkr isə yanında olanların hamısını gətirdi. Allahın rəsulu (Ona və ailəsinə salam olsun) ona: "Ailənə nəyi saxladın?" deyə soruşduqda: "Onlara Allah və Rəsulunu saxladım" dedi (yəni, bütün mal-mülkünü sədəqə verdi). O hadisәdәn sonra artıq belә dedim: "Heç vaxt səni keçә bilmәyәcәm".

Göründüyü kimi Ramazan ayında sədəqənin xüsusi bir üstünlüyü, özəlliyi vardır. Ona görə də bu barədə əlimizi açıq tutmalıyıq, vəziyyətimizə görə sədəqə verməyə, xərcləməyə cəhd etməliyik. Sədəqənin bir çox növləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:

Yemək yedirmək:

"Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. - (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.- Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!" - Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir). - Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır" (İnsan surəsi, 8-12).

Bizdәn öncә yaşamış xeyirli insanlar, yemək yedirməyə olduqca əhəmiyyət verәr, bunu bir çox ibadətlərdən üstün tutardılar. Bu, istər ac bir kimsəni doyurmaq, istərsə də ətrafında yaşayan əməli saleh insanlara süfrə açmaq olsun - heç bir fərq etməzdi. Yemək yedirdikləri şəxsdə heç bir xüsusi fərqlilik axtarmazdılar. Onlardan biri belə deyir: "(Din) qardaşlarımdan on nəfəri dəvət edib onlara ürəklərinin istədikləri hansısa bir yeməyi yedirməyim, mənim üçün İsmayıl peyğәmbәrin övladlarından on nəfər köləni azad etməkdən daha sevimlidir".

Onlardan bir çoxu, oruclu olduğu halda iftarını açacağı yeməyi başqasına yedirər, özünü deyil, qardaşını tәrcih edәrdi. Yəni başqasını yedirməyi daha uyğun görər, özünə bir o qədər də əhəmiyyət verməzdi. Onlar özləri oruclu olduğu halda başqalarını yedirər, bununla da kifayətlənməyib onlara xidmət edər, onların rahat olmalarına çalışardı.

Yemək yedirmək ibadəti, bəzi ibadətlərin də qaynağını təşkil edir. Özlərinə yemək yedirilən insanlar sevinir, onlara məhəbbət bəslənilir. Bu da Cənnətə girməyə bir səbəb təşkil edir. Peyğəmbərimiz demişdir: "İman etmədikcə Cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə də əsla iman etmiş olmazsınız" (Müslim). Bundan әlavә, yemək yedirmək səbəbi ilə insan, salehlərlə birlikdə oturub-durmuş olur.. Həmin insanların yedikləri yemək nəticəsində ibadətlərə qarşı güc-qüvvət qazanmalarına görə, yəni - onlara bu xüsusda kömək etdiyin üçün, bol bol savav da qazanılmış olur..

 İftar vermək:

Peyğәmbәrimiz buyurmuşdur: "Oruc tutana iftar verən, onun qədər savab əldə edər, oruclunun savabından isə heç bir şey əksilməz" (Nəsai)

"Kim bir oruc tutana iftar verərsə, yaxud bir döyüşə gedəni silahla təmin edərsə ona da eyni mükafat vardır" (Sәhih Tərğib).

Daha çox Quran oxumaq

Әməli saleh insanların Ramazan ayında olan aşağıdakı iki xüsusiyyətini də qeyd etməliyik:

a) Qurani Kərimi çox oxumaq;

b) Qurani Kərimi oxuyub dinlədikdə, Allaha qorxusu və günahlar xatırlama səbəbi ilə göz yaşı tökmək.

Ramazan ayı - Quran ayıdır. Bu baxımdan müsəlmanın bu ayda digər günlərə nisbətən daha çox Qurani-Kərimi oxuması, tənbəllik etməməsi lazımdır. Saleh insanlar, Allahın Kitabına çox diqqət göstərərdilər. Cəbrayıl (əleyhissalam) Ramazan ayında Allahın Rəsulu (ona və ailəsinə salam olsun) ilə Qurani Kərimi qarşılıqlı olaraq oxuyardılar. Saleh insanlardan kimisi Qurani Kərimi üç gecədə, kimisi də bir Ramazan gecəsində qiyamda (təravihdə) xətm edərdilər. Bəziləri yeddi gündə, bəziləri də on gündə xətm edərdilər. Onlar namazda da və namazın xaricində də Qurani-Kərimi daima oxuyar və bundan zövq alardılar..

Böyük alim әş-Şafi (Allah ona rəhmət eləsin) Ramazan ayında altmış dәfә Quranı başdan-sona qәdәr oxuyardı (xətm edәrdi) və bunları namazın daxilindә deyil, namazdan kənar edərdi.

Şihabuddin əz-Zühri (Allah ona rəhmət eləsin) Ramazan ayında hədis oxumaqdan və elm əhli ilə oturub-durmaqdan daha çox, Quran oxumağa yönələrdi. Süfyan əs-Sövri (Allah ona rəhmət eləsin) isə Ramazan ayı girdikdə nafilə ibadətdən çox, Qurani-Kərimi oxumağa yönələrdi.

Quran tilavəti zamanı ağlamağa gəldikdə; saleh insanlar, düşünmədən, qavramadan şeir kimi sürətli oxumanaz, Allah-Təalanın kəlamından təsirlənər və buna görə qəlbləri titrəyib, qorxardı..

Buxari, Abdullah bin Məsudun belə dediyi rəvayət edir: "Allahın rəsulu mənə "Quran oxu" dedi. "Quran sənə nazil olduğu halda onu mən sənə oxuyummu?" dedim. O: "Onu başqasından dinləməyi sevirəm" dedi. Ona Nisa surəsini: "- (Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?" (Nisa surəsi 41) ayəsinə çatana qədər oxudum. Bu dəfə mənə; "Bu qədər kifayətdir" dedi. Ona dönüb baxanda gözlərindən yaşlar axırdı".

Beyhәqi öz "Sünən" adlı kitabında Әbu Hureyrənin (Allah ondan razı olsun) belə dediyini nəql edir: "Allahın: "İndi siz bu kəlama (Qurana) təəccübmü edirsiniz? - Həm də gülürsünüz, heç ağlamırsınız!" (Nəcm surəsi, 59-60) ayəsi nazil olduqda Suffə əhli göz yaşları yanaqlarından axana qədər ağladılar. Allahın peyğəmbəri (Allahın salamı və xeyir bərəkəti onun və ailəsinin üzərinə olsun) onların ağladıqlarını eşitdikdə, O da onlarla bərabər ağladı. Onun ağlamasını eşitdikdə bizdə ağlamağa başladıq. Bundan sonra Allahın rəsulu: "Alah qorxusundan ağlayan kimsə Cəhənnəmə girməz" buyurdu".

Çoxlu dua etmək.

Dua - möminin silahıdır. Ramazan ayında bütün dua qapıları açılar, qəbul olunmayan dua qalmaz. Oruclu insan əllərini Rəbbinə tərəf açarsa, əsla əliboş geri qayıtmaz. Peyğəmbərimizin buyurduğu kimi, iftar anında edilən duaların xüsusi bir önəmi vardır: "Oruc tutanın, iftar vaxtı rədd olunmayacaq bir duası vardır.." (Tirmizi)

Anlayacağımız: ağlımıza gələn hər bir gözəl, saleh əməli, Ramazan ayında etməklə, həmişəkindən daha artıq mükafat qazana bilərik.. O zaman bu fürsəti niyə geri çevirək k? Bəlkə bu, son Ramazanımız olacaq? Neçə-neçə "bu il Ramazandan faydalanaraq, günahlarıma tövbə edəcəm, ibadət edəcəm, ibadətlərimi daha da artıracam" deyə düşünən insan, bu ay'a çata bilmədən dünyadan köçüb getdi.. Biz isə, hələ bu dünyanın havasıyla nəfəs alırıqsa, deməli şansımız var!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.