Cəmiyyət

Hansı aylarda məzuniyyətə çıxmaq sərf etmir?

17 Mart 2024 16:11
Baxış: 1 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məzuniyyətə görə ödənişin məbləği əməkhaqqı və məzuniyyətin günlərindən asılı olaraq hesablanır. Lakin ödənişli və ya ödənişli olmasından asılı olmayaraq müəyyən aylarda məzuniyyətə çıxmağınız maaşınızın məbləğinə təsir edə bilir. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Əmək Məcəlləsinə görə, məzuniyyət vaxtı üçün verilən ödənişin məbləği məzuniyyətin verildiyi aydan əvvəlki 12 ayın orta əməkhaqqına əsasən müəyyən edilir. Belə ki, məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən olunur. Bu qayda ilə hesablanmış bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin günlərinin sayına vurulur. 

Bununla belə, məzuniyyətin günlərinin sayı, məbləği ilə yanaşı, məzuniyyətə çıxma dövrü də əhəmiyyət daşıyır. Məsələ burasındadır ki, Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyət müddətinə daxil edilmir və bu günlərə görə ödəniş də ödənilmir. Bayram günləri olan aylarda iş günlərinin sayı digərləri ilə müqayisədə az olduğundan işçinin hətta bir gün məzuniyyətdə olması belə əməkhaqqının məbləğinə təsir göstərir. 

Bu sırada ilk yerdə mart ayı gəlir. 2024-cü ilin bu ayında 5 günlük iş həftəsində çalışanlar üçün 15 iş günü var. Bu, o deməkdir ki, aylıq 900 manat maaş alan şəxsin martdakı bir iş gününün məvacibi 60 manatdır. Həmin şəxsin yuxarıda qeyd olunan qaydaya uyğun olaraq bir günlük məzuniyyət ödənişi isə 29,6 manat (12*900/12/30,4) təşkil edir. Nəticədə maaşı 900 manat olan şəxs mart ayında 4-dən 13-dək 10 gün məzuniyyətdə olduğu halda 716 manat (420 manat (900/23*7) əməkhaqqı, 296 manat (12*900/12/30,4*10) məzuniyyət pulu) ödəniş alacaq. 

2024-cü ildə ən çox iş günləri iyul, oktyabr və avqust aylarında olacaq. Bu baxımdan məzuniyyətə bu aylarda çıxmaq daha əlverişlidir. Misal üçün 900 manat əməkhaqqı alan şəxs 2024-cü ilin iyul ayının 5-dən 14-nə kimi məzuniyyətə çıxacaqsa və onun məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 10 min 800 manatdırsa, onun birgünlük məzuniyyət ödənişinin məbləği 29,6 manat təşkil edəcək. İyul ayında 23 iş günü olmasını və şəxsin də bunun 17 gününü işdə olacağını nəzərə alanda onun bu ay üzrə alacağı əməkhaqqı (900/23*17=665 manat) və məzuniyyət pulu (12*900/12/30,4*10=296 manat) 961 manat olacaq. Göründüyü kimi, hər iki halda şəxsin mart və iyul ayları üzrə məzuniyyət ödənişi dəyişməsə də, əməkhaqqında əhəmiyyətli fərq var.    

Bayram günləri ilə əlaqədar digər aylarda da iş günlərinin sayı azalmış olur. Bu baxımdan 2024-cü ildə martdan sonra iş günlərinin az olduğu ikinci ay iyundur. Belə ki, cari ildə Qurban bayramının iyun ayına təsadüf edəcəyindən həmin ayda iş günlərinin sayı azalaraq 16 gün təşkil edəcək. İş günlərinin sayı az olduğundan bu ayda da bir günlük əməkhaqqının məbləği digər aylarla müqayisədə yüksək olacaq. Nəticədə iyun ayı ərzində məzuniyyətdə olmaq əməkhaqqı məbləğinə təsir edəcək.

Həmçinin aprel, may, noyabr, dekabr aylarında da qeyri-iş günü olan bayram günləri var. Lakin bu aylarda bayram günlərinin sayı nisbətən az olduğundan məzuniyyətin əməkhaqqına təsiri daha azdır. 

Bayram günləri məzuniyyət müddətinə daxil edilmədiyindən günlərin sayından asılı olaraq işçinin məzuniyyətinin növbəti ayda başa çatması mümkündür. Misal üçün, 2024-cü ilin martın 1-dən 30 gün məzuniyyətə çıxmış işçi ay ərzində 6 iş günü hesab olunmayan bayram günləri olduğundan işə qayıtmalıdır. Nəticədə aprel ayında işçinin işlədiyi günlərin sayı azalacağından bu, onun məvacibinə təsir edəcək.     

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.