Cəmiyyət

Özünüzü tanıyırsınız, yaxud temperamentin tipini necə bilmək olar?

22 May 2012 14:30
0 Şərh     Baxış: 8 720
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Psixoloqların fikrincə, insanların xarakterlərini, xasiyyətlərini bilməklə onların hansı temperamentə aid olduqlarını bilmək mümkündür.

İnsanlarda temperament çox zaman irsi xüsusiyyət daşısa da, bəzən qarşılaşdıqları hadisələr, yaşadıqları olaylar onlarda temperamentin formalaşmasına səbəb olur. Psixoterapevt Nihad Məmmədov deyir ki, insanların uşaq yaşlarında yaşadıqları yaddaqalan hadisələr sonradan onların xasiyyətinə öz təsirini göstərir. Onun sözlərinə görə, 4 temperament tipi - sanqvinik, xolerik, fleqmatik və melanxolik - var. "Sanqvinik adamlar hərəkətli adamlardır. Onlar hər zaman cəld olur, hər zaman harayasa tələsir, bütün işləri zamanından tez həyata keçirməyi bacarırlar. Bu cür insanlar oturaq iş rejimini sevmirlər. Ora-bura qaçır, ətrafda hər şeyə nəzarət edirlər. Belə insanlar hər şeyə maraq göstərsələr də, maraq obyektləri tez-tez dəyişir".

N.Məmmədov deyir ki, sanqvinik insanların maraqları tez-tez dəyişdiyi üçün onlar həvəslə başladıqları işlərdən asanlıqla əl çəkə bilirlər. Sanqviniklər hər şəraitə tez uyğunlaşsalar da, emosional və unutqan olurlar. Bu tip insanlar üçün hər şey anlıqdır. Onlar gələcəyi düşünə bilmir, sadəcə, anı yaşayırlar. Ətrafdakıların təsiri altına tez-tez düşən sanqviniklər bəzən sərbəst azad düşüncəli, bəzən isə başqalarının fikirləri ilə hərəkət edirlər.

İkinici tip - xolerik insanlar isə hövsələsiz olur, hər şeyə hər kəsdən öncə reaksiya verirlər. Coşqun, çılğın təbiətə malik olan xolerik insanlar ətrafdakıların fikri ilə heç zaman razılaşmır, tez-tez onlarla münaqişəyə girirlər. "Xolerik insanlar səbrsiz, acıdil və ağırtəbiətli olurlar. Razılaşmadıqları fikirlə qarşılaşdıqları zaman anında öz reaksiyalarını bildirirlər. Xoleriklər istənilən vəziyyətdən çıxış yolu tapmağı bacarır və sadiq olurlar. Ətrafına son dərəcə bağlı olan bu insanlar yeni mühitə uyğunlaşmağa çox çətinlik çəkirlər".

Fleqmatik insanlar sakit, səbrli, azdanışan olurlar. Danışmağı sevməyən bu insanlardan hər hansı bir fikri zorla almaq mümkün olur. "Belə insanları hirsləndirmək, həyəcanlandırmaq, əsəbiləşdirmək o qədər də asan məsələ deyil. Bu insanlar asanlıqla sevməyi bacarmırlar, sevdikləri zaman isə istəklərinə çatmaq üçün sonuna qədər mübarizə aparırlar. Fleqmatik insanlar ünsiyyətcil olmasalar da, dostluğu çox gözəl bacarırlar. Azdanışan fleqmatikləri tanımaq üçün uzun zaman lazım gəlir. Amma bu insanları tanıdıqdan sonra nə qədər mehriban və istiqanlı olduqları ortaya çıxır. Fleqmatiklər sevdikləri və alışdıqları insanlara qarşı olduqca mehriban davranırlar.

Temperament tipləri arasında ən ərköyün, dəlisov, həssas tip melanxolik tipdir. Melanxoliklər hər şeydən tez küsən, inciyən insan olurlar. Onlara qarşı edilmiş hər hansı bir diqqətsizliyi uzun müddət unuda bilmir, hər zaman xatırlayır, əzabını çəkirlər. "Melanxolik insanlar öz bacarıqlarına, özlərinə dəyər verməyi bacarmırlar. Hər zaman özlərindən narazı olurlar. Bacardıqları işləri belə axıra qədər görə bilmirlər. Qəm, kədər, mənfi düşüncələr bu insanları tez ruhdan salır. Melanxoliklərin bütün işləri yarımçıqdır".

N.Məmmədovun sözlərinə görə, bütün tiplərin mənfi və müsbət tərəfləri var. Həyatda heç kəsə "bu, idealdır, əvəzolunmazdır" demək olmaz. "İnsanlar həyatlarını öz bacarıqları üzərində qurmağa çalışmalıdırlar. Əsas insanın özünü tanımasıdır. İnsan özünü tanımağı bacarırsa, hansı tip temperamentdən asılı olmayaraq, həyatı uğurlu olacaq. Həyatda uğurlu insan olmaq üçün qərarlı olmağı bacarmaq lazımdır. Bu zaman uğur sizi tapacaq".

"Ekspress" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.