Cəmiyyət

Ayağımızın altındakı “bombalar”: Quyulardakı partlamaların günahı kimdədir? – ARAŞDIRMA

13 Avqust 2022 20:02
0 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yaxınlarda şəhərin mərkəzində - Nizami küçəsində kanalizasiya quyusunda partlayış baş verdi. Belə ki, partlayış küçədə quyuların birinin dəmir qapağını kənara atdı. Daha sonra kanalizasiya quyusu yanmağa başladı.

Ehtimala görə, bu hadisəyə səbəb həmin quyuya qaz yığılması olub. Ümumiyyətlə, kanalizasiya quyularının partlaması ilk hal deyil. Maraqlıdır, quyulara yığılan qaz haradan yaranır? Quyular hazırlananda onların hər an partlaya biləcəyi nəzərə alınırmı? Bu cür partlayışların olmaması üçün hansı qurum cavabdehdir? Gələcəkdə də belə partlayışların olmaması üçün hansı tədbirlər görülür? Ümumiyyətlə, bu proses nəzarətdə saxlanılırmı?  

Məsələ ilə bağlı "Kaspi" qəzeti araşdırma aparıb.

Heç bir qurumun quyusu partlamırsa...

Bu istiqamətdə apardığımız araşdırmalar çərçivəsində ilk müraciət etdiyimiz qurum balansında çoxsaylı kanalizasiya quyuları olan Azərsu ASC oldu. Qurumdan bildirildi ki, kanalizasiya quyularına yığılan qazlar partlamaya səbəb olmur: "Kanalizasiyaya yığılan, əsasən, metan qazı olur. Metan qazı çirkli suların tərkibində olur. Orada yığılan qazların partlamaq ehtimalları yoxdur. Yalnız işçinin boğulması halları ola bilər. Quyularda yuma, təmizləmə işləri aparırıq. Birinci qazölçən cihazla yoxlayırıq, quyudakı hava normasındadırsa, ora fəhlə sala bilirik. Normada deyilsə, bir neçə quyunu açandan sonra sistemə hava daxil olur, ümumi mühiti təmizlənir və istismar işləri aparılır.

Partlamaya uyğun qazlar kanalizasiya quyularına yığılmır. Qaz partlamaları, əsasən, rabitə quyularında olur. Küçədən keçən qaz xətlərində sızmalar olur, kimsə siqaret çəkir, ya nəsə iş görür, nəticədə bu partlamalar baş verir".

Rabitə quyularına məsul olan Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyindən bu məsələ ilə bağlı AzTelekom MMC ilə əlaqə saxlamağımızı tövsiyə etdilər. AzTelekom MMC-dən isə bildirildi ki, onların balansında olan quyularda partlama olmur: "Rabitə xəttində partlama olmur. Sadəcə, təbii şəkildə qazlar boşluğa daxil olur, bu, "Azəriqaz"ın verdiyi qaz deyil".

Cüzi sızmaları müəyyənləşdirmək çətindir

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev dedi ki, quyulardakı partlayışa səbəb qaz sızmalarıdır: "Yeraltı quyular müxtəlifdir. Kanalizasiya, rabitə, yeraltı sular üçün olan quyular var. Qaz yığılması ehtimalı yeraltı qaz xətlərindən sızmalar olarsa, baş verir. Ola bilər qaz borusunda çat olsun, ola bilər təmir işi görülüb və boru zədələnib. Və yaxud borunun istismar müddəti başa çatıb korroziyaya uğrayıb. Belə hallarda qaz sızır, çıxmağa yer axtarır və bu quyulardan çıxa bilir. Güclü sızıntı olarsa, onu vaxtında bilmək olur. Çox cüzi sızmaları isə müəyyənləşdirmək çətindir. Amma az-az olan sızmalar da yığılıb, partlayışlara gətirib çıxara bilir. Bu partlamaların texnogen hadisələrlə, yerin quruluşu, geologiyası ilə əlaqəsi yoxdur. Əsasən, texniki problemdən və ya insan amilindən asılıdır".

"Rabitə quyularında partlayış qaz sızmasından olmur"

Müsahibimiz bildirdi ki, partlama, əsasən, rabitə quyularında olur: "Rabitə quyularında partlayış qaz sızmasından olmur, əsasən, istilik, qızma, alışma, hansısa texniki nasazlıqdan təzyiq yaranır və nəticədə partlayış əmələ gəlir. Rabitə quyusunun içində çoxlu elektrik xətləri olur. Yerin altı da gərginlik, təzyiq olan ərazidir. Tüstülənmə olur və təzyiq yaranır və bu da partlayışla nəticələnir. Qara tüstü çıxırsa, deməli, hansısa qurğu, kabel yanıb, tüstülənməyə başlayıb. İstanbulda, Nyu-Yorkda da rabitə quyularında belə hallar olur. Vaxtilə Nyu-Yorkun mərkəzində 3 quyu birdən partlamışdı".  

Yolverilməz davranışlar

E.Nurəliyevin sözlərinə görə, kanalizasiya quyusundakı partlamaların qarşısını almaq üçün bəzi qaydalara əməl etmək lazımdır: "Kanalizasiya quyularına kimyəvi tərkibli məhsulların, məmulatların tökülməsi yolverilməzdir. Çünki bu səbəbdən partlamaya meyilli qazlar əmələ gələ bilər. O cür məhlulları torpağa da atmaq olmaz. Bəzən kanalizasiya quyusunun dəliyindən siqareti, yaxud açıq odu atırlar. Əgər qaz sızması ehtimalı olsa, bu, partlayışla nəticələnə bilər. Bəzən maşını saxlayırlar, təkər kanalizasiya quyusunun üzərində dayanır. Bu da yolverilməzdir".

Qurumların etməli olduğu nəzarət

Ekspertin fikrincə, quyulara səlahiyyətli qurumlar tərəfindən daim nəzarət olunmalıdır: "Bu quyular bütün standartlara cavab verməklə hazırlanır. Hansısa partlayış amilində onun dözümlülüyü və s. standarta uyğun olur. İstifadə müddəti 20 ildir. Ömrü istehsal etdiyi firmanın qoyduğu istehsal ilindən də asılıdır. Bu müddət ərzində istismar olunur. Şəhərdə də, rayonlarda da yeraltı internet kabelləri, kanalizasiya, yağış suları şəbəkələri var. Onlara hansı qurumlar baxırsa, mütəmadi baxışlar keçirməlidirlər. Hansısa nasazlıq yaranırsa, detal tez sıradan çıxırsa, istismar müddəti başa çatan avadanlıq, qurğular, aqreqatların vaxtında dəyişilməsi bu qurumların işidir. Həmçinin qurumlar tərəfindən nəzarət olunmalıdır ki, quyulara kimyəvi tərkibli vasitələr atılmasın".

Damağımızdakı təhlükə...

E.Nurəliyev sonda bildirdi ki, təhlükəsizlik məsələlərində vətəndaşların da üzərinə xüsusi iş düşür: "Kanalizasiya və ya rabitə quyusunun üzərindən keçmək, siqaret kötüyü atmaq olmaz. Sanitar qovşaqda siqaret çəkmək də təhlükəsizlik baxımından yolverilməzdir. Çox yerdə sanitar qovşaqlarda tüstüdən içəri daxil olmaq olmur. Siqareti hamı çəkir, amma təhlükənin fərqinə varmır. Yeraltı qazsızma olarsa, qaz kanalizasiya quyusuna yol tapacaq, sanitar qovşağa dolanda siqaretin alışdırılması, çəkilən kibrit partlayışla nəticələnəcək. Bu kimi təhlükəsizlik qaydalarına əməl etməklə insanlar həm özlərini, həm də ətraflarındakıları qorumuş olarlar. Foyelərdə belə siqaret yandırmaq partlamaya səbəb ola bilər. Bir dəfə xaricdə belə hal baş vermişdi. 100-150 metr kənarda qaz sızması olub, kanalizasiyadan qaz sanitar qovşağa dolub və partlamaya gətirib çıxarmışdı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.