Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur. Hər il bu bayramın gəlişi ilə yanaşı, onun ölkəmizdə yenidən dövlət səviyyəsində bərpasına nail olmuş görkəmli ictimai-siyasi xadim Şıxəli Qurbanov da ehtiramla anılır.
Sovet İttifaqı dövründə milli adət-ənənələrin sıxışdırıldığı, Novruz bayramının isə rəsmi şəkildə qadağan olunduğu bir zamanda Şıxəli Qurbanov cəsarətli təşəbbüslə çıxış edərək bu bayramın bərpasına nail olub.
Milli.Az xatırladır ki, o dövrdə belə bir addım atmaq ciddi risklər daşıyırdı. Hətta Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov onu təhlükəli iş gördüyü barədə xəbərdar etmişdi. Lakin Qurbanov geri çəkilmədi və məsuliyyəti öz üzərinə götürdü.
Məlumat üçün yada salaq ki, görkəmli ictimai-siyasi xadim, yazıçı-dramaturq, filologiya elmləri doktoru Şıxəli Qurban oğlu Qurbanov 1925-ci il avqust ayının 16-da Bakıda qulluqçu ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, 1941-1945-ci il müharibəsinə Leninqraddan (Sankt-Peterburq) Almaniyayadək döyüş yolu keçib.
1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda rus ədəbiyyatı müəllimi işləyib. 1956-cı ildə "A.S.Puşkin və Azərbaycan poeziyası" mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, institutda baş müəllim, dosent vəzifələrində çalışıb. Şıxəli Qurbanovun bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1958-1961-ci illərdə "Rəis məşğuldur", "Əcəb işə düşdük", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Sənsiz" pyeslərini, "Bahadır və Sona" librettosunu qələmə alıb. 1966-cı ildə yazdığı "Milyonçunun dilənçi oğlu" komediyası uzun müddət teatr səhnələrində oynanılıb. Bundan əlavə, lirik şeirlər, poema, hekayə və tənqidi məqalələrlə mətbuatda müntəzəm çap olunub.
Şıxəli Qurbanov həm də dövlət xadimi idi. 1954-1955-ci illərdə Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə paytaxtın 26 Bakı komissarı (indiki Səbail) rayon partiya komitəsinin birinci katibi işləyib. 1957-1961-ci illərdə Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK katibi və büro üzvü olub. Məlumdur ki, sabiq SSRİ dönəmində sovet imperiyası xalqların əksəriyyətinə milli dəyərləri unutdurmağa, yaddan çıxarmağa cəhd göstərirdi. Mərkəzin təkid və tələbi ilə ölkəmizdə Məhərrəmlik, Orucluq, Ramazan ayları, Novruz bayramının qeyd olunmasına qadağa qoyulmuşdu. İmperiyanın bu ədalətsiz, hegemon qadağasına ilk dəfə barışmaz mövqe tutan, milli adət-ənənəyə sadiq Şıxəli Qurbanov olub. 1967-ci ildə məhz onun təşəbbüsü ilə respublika ərazisində, xüsusilə Bakı şəhərində Novruz bayramı böyük təntənələrlə qeyd olunub. Elə ölümünə səbəb də bu hadisə olub...
Beləliklə, 1967-ci ildə onun təşəbbüsü ilə Novruz bayramı Bakıda və respublikanın müxtəlif bölgələrində geniş şəkildə qeyd olunub. Paytaxtda, xüsusilə Qız qalası ətrafında təşkil olunan şənliklər ümumxalq bayramına çevrilib: tonqallar qalanıb, xalq oyunları nümayiş etdirilib, Bahar qızı obrazı canlandırılıb. Bir sözlə, uzun illərdən sonra insanlar öz milli bayramlarını açıq şəkildə qeyd etməyin sevincini yaşayıb. Bu hadisə yalnız Azərbaycanda deyil, digər sovet respublikalarında da böyük əks-səda doğurub və sonradan Novruzun həmin ölkələrdə də qeyd olunmasına təkan verib.
Şıxəli Qurbanov bununla kifayətlənməyərək, Moskvada Novruzun dini deyil, tarixi və mədəni bayram olduğunu sübut etməyə çalışıb. O, bu məqsədlə geniş izahat hazırlayaraq sovet ideoloqlarına təqdim edib və nəticədə Novruzun qeyd olunmasına müəyyən mənada "bəraət" qazandırıb.
Lakin bu cəsarətli addım onun həyatı üçün ağır nəticələr doğurub. Müasirlərinin və ailə üzvlərinin xatirələrinə görə, bayramdan sonra ona qarşı bir neçə dəfə sui-qəsd cəhdləri olub. O, izlənilib, təqiblərə məruz qalıb.
Ş.Qurbanovun həyat yoldaşı Xavər Qurbanovanın xatirələrindən: "O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Novruz bayramı qeyd ediləndən sonra Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil. Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəmişdilər, alınmadı...".
Ş.Qurbanovu bəzən gizli, bəzən açıq şəkildə təqib ediblər. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər onu nəzarətə götürür, izləyir, qarabaqara izləyirdilər.
Nəhayət, 1967-ci il mayın 24-də Şıxəli Qurbanov diş müalicəsi üçün həkimə müraciət edərkən müəmmalı şəkildə vəfat edib. Rəsmi tibbi rəyə görə, ölüm səbəbi anafilaktik şok göstərilsə də, ailəsi onun qəsdən öldürüldüyünü bildirib. Onların sözlərinə görə, Qurbanova vurulan iynədə zəhər - sianid turşusu olub. Hadisədən sonra həkimin qpəncərədən qaçması da şübhələri daha da artırıb.
Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. Novruz bayramı onu aradan götürmək üçün sadəcə səbəb idi. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar...".
Şıxəli Qurbanovun həyat yoldaşı Xavər Qurbanova: "1967-ci ilin iyun ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbədənkənar plenumu keçirilməli və Şıxəli Qurbanov Mərkəzi Komitənin birinci katibi seçilməli idi. Amma mayın 24-də onu aradan götürdülər" .
Mayın 23-də Şıxəli Qurbanov özünün müəllifi olduğu "Sənsiz" dramının məşqi zamanı zalı yarımçıq tərk etməli olmuşdu, çünki xaricdən qonaqlar gəlmişdi. Şıxəli Qurbanov zaldan gedərkən bu sözləri səsləndirir: ""Sənsiz"ə mənsiz baxarsız...".
Sanki ölümün artıq onu haqladığı ürəyinə dammışdı. Mayın 24-də göstərilməli olan tamaşa təxirə salınır. Tamaşaya gələnlərə elan edirlər ki, müəllif rəhmətə gedib. Adamlar eşitdikləri üzücü xəbərdən sonra xəstəxanaya axışır...
Onun ölümü cəmiyyətdə böyük rezonans doğurur. Dəfn günü Bakı şəhəri sanki matəmə bürünüb, minlərlə insan onu son mənzilə yola salıb. Şıxəli Qurbanov Bakıdakı Fəxri xiyabanda dəfn olunub, adı isə paytaxtın küçələrindən birinə və Musiqili Komediya Teatrına verilib.
Bu gün Novruz bayramı Azərbaycanda geniş şəkildə qeyd olunur, xalqın milli kimliyinin ayrılmaz hissəsi kimi yaşayır. Bu ənənənin qorunub saxlanmasında və yenidən dirçəldilməsində Şıxəli Qurbanovun rolu isə tarixdə xüsusi yer tutur. /Musavat.com
Milli.Az





