Cəmiyyət

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışı olub - FOTO

2 Avqust 2022 16:14
Baxış: 367

Avqustun 2-də "Şuşa - 270" Diaspor Gənclərinin III Yay Düşərgəsi layihəsinə start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 52 ölkəni təmsil edən 116 nəfər düşərgə iştirakçısının təntənəli qarşılanma mərasimi Şuşa şəhərinin mərkəzində baş tutub.

Sonra düşərgənin təntənəli açılış mərasimi keçirilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qonaqları salamlayıb və "Şuşa ili"ndə xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin qədim şəhərdə bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Diaspor Gənclərinin Yay Düşərgəsinin Qarabağın incisi olan mədəniyyət paytaxtımızda keçirilməsinin tarixi önəmindən danışıb. Bir neçə ay öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının V Qurultayının məhz işğaldan azad edilmiş Şuşa şəhərində təşkil olunduğunu xatırladan Komitə sədri bildirib ki, yay düşərgəsi layihəsi dövlət başçımızın tarixi Vətənlə əlaqələrin kəsilməməsi, vaxtaşırı Azərbaycana səfər edilməsi, ana dilinin unudulmaması, Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi və Azərbaycan həqiqətlərinin dost xalqların diasporları ilə birlikdə təbliğ olunmasına dair tövsiyələrinə uyğundur.

Xaricdə yaşayan onlarla soydaşımızın məhz bu irimiqyaslı layihə çərçivəsində tarixi vətəninə gəldiyini vurğulayan Komitə sədri düşərgənin mahiyyəti, dövlətin diaspor siyasətində yeri və hədəfləri barədə ətraflı məlumat verib, iştirakçılara uğurlar arzulayıb. Bildirib ki, Diaspor Gənclərinin Yay Düşərgələri həm ölkə daxilində, həm də xaricdə yaşayan gənc azərbaycanlılar arasında böyük rəğbət qazanıb.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Nigar Hacıyeva və başqaları çıxış ediblər. Natiqlər düşərgənin Azərbaycan diaspor hərəkatının güclənməsində, yeni nəsil diasporun formalaşmasında, xüsusilə xaricdə yaşayan gənclərin şəbəkələşməsində əvəzsiz rol oynadığını diqqətə çatdırıblar.

Tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" 5 yanvar 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.

Yay Düşərgəsi avqustun 8-də başa çatacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics