Cəmiyyət

"Jan Klod Vandamın ata yurdu" Qəbələnin kartof mürəbbəsini yemisinizmi?

20 May 2022 19:15
1 Şərh     Baxış: 5 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələni füsunkar təbiəti ilə çox sevirik. Hərçənd deyirlər, ərəblər Qəbələni yerli turistlərdən daha çox sevir, amma həqiqətən də çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri, dəniz səviyyəsindən 1000m yüksəklikdə yerləşən meşələri, ölkəmizin ən yüksək dağ zirvəsi olan Bazardüzü ilə bura gəzməli bir yerdir. Bir sözlə, yayda da, qışda da Qəbələ cənnətdir.

Necə getmək? 

Bakıdan Qəbələyə 326 km-dir. Əlbəttə ən tezi təyyarə reysidir, Qəbələdə aeroport da var, ancaq hələki resylər aktiv deyil. Avtobusla 5 saata, sürət qatarı ilə 3 saat 20 dəqiqəyə Qəbələdəsiniz. Təbiətdən zövq almaq, ürəyiniz istəyən yerdə dayanmaq, gördüyünüz məkanları gəzmək üçün ən yaxşısı isə şəxsi avtomobillə səyahətə çıxmaqdı. 

Harda qalmaq?

Qəbələdə otellər 55-60 manatdan başlayır. Orta seqment otellərdə bir gecəlik qiymət artıq 100 manata yaxınlaşır. Qəbələdə ən ucuz otel Bliss İnn Boutique, Qafqaz Qabala City Hotel-dir. Ucuz deyəndə, bir gecəlik 60 manata. Üçotaqlı normal şəraitli evi də elə günü 60 manata kirayələyə bilərsiniz. 

Qəbələdə gəzməli yerlər

Əgər getdiyiniz yerlərdə tarixlə maraqlanmağı sevirsinizsə, yolunuzu Qəbələ Tarix-Diyarşünaslıq Muzeyindən sala bilərsiniz. Şəhərin 2500 illik tarixini əks etdirən bu muzeydə tarixi və elmi əhəmiyyətə malik 12 min eksponat mühafizə edilir.

pages/612/23.jpg

Burada hətta eramızdan əvvəl II-I əsrlərə aid küp qəbirlərin nümunələri və VI əsrə aid sarkofaq da mövcuddur.

Rayonun tarixi ilə tanış olduqdan sonra Qəbələni daha yaxından tanımaq istəyirsinizsə, onda marşurutunuzu məşhur "Şabalıd meşəsi", mənzərəli Vəndam, qədim Nic, Yengicə, Nohurqışlaq, Bum, Həmzəli, Durca, Bunut, Qəmərvan kəndlərindən sala bilərsiniz.

pages/612/7.jpg

Qəbələ rayonunun ən böyük kəndi olan Nic rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Təqribən 4 min əhalisi olan kənddə xristian dininə mənsub qədim etnik qrup - udinlər yaşayır. Abadlığı, yaraşıqlı evləri və böyük həyətyanı sahələri olan Nic kəndi məhsuldar bağları ilə də məşhurdur.

Udinlər III-VII əsrlərdə indiki Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyasında yaşayan əsas tayfalardan birinin nəslindən olan və xristian dininə etiqad edən xalqdır. Faktiki olaraq, onlar hələ də qədim albanlarla eyni dildə danışırlar. Kənd mərkəzindən bir qədər aralı, gözoxşayan çinar ağaclarının kölgəsi altındakı bərpa edilmiş XVII əsr Alban kilsəsini (Çotari kilsəsi) ziyarət etməklə, bu qonaqpərvər insanların tarixi və mədəniyyəti ilə tanış ola bilərsiniz.

Daha yaxın kəndə səfər etmək istəyirsinizsə, rayon mərkəzindən 7 kilometr aralıda, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə Bum kəndi yerləşir. Kənddə Cümə məscidi, Şıxməmmədin köhnə evi, xristianlığın ilk ibadətgahlarından biri olan Kilsədağ məbədi, XVIII əsrə aid və yeraltı otaqlardan ibarət Govur qalası kimi tarixi abidələr qorunub saxlanılıb.

pages/612/37.jpg

Həmçinin ən böyük kəndlərdən biri olan Vəndam isə rayon mərkəzindən 11 kilometr məsafədə yerləşir. Yerli sakinlər zarafatla deyirlər ki, əslində, kino ulduzu Jan Klod Vandam bu kənddən çıxıb. Hətta kəndin girişində aktyorun heykəli də var.

Vəndam kəndinə getmişkən yaxşı olar ki, yolunuzu kənddən 6 kilometr aralıda yerləşən ecazkar "Yeddi gözəl" şəlaləsindən də salasınız. Burada müxtəlif yarğanlardan tökülən su yeddi pilləli şəlalə əmələ gətirir. Aşağıdan yalnız iki kiçik şəlalə görünür. Qalan beş şəlaləyə baxmaq üçün sərt pillələrlə yuxarı qalxmaq lazımdır ki, bunu da hamı bacarmır, amma bacarsanız, açılan mənzərədən hədsiz zövq alacaqsınız. 

pages/612/5-2.jpg

Təmiz havası və duru suyu ilə göz oxşayan Nohur gölü Qəbələnin ən görməli yerlərindəndir. Bir də əzəmətli Qafqaz Dağlarının əhatəsində olması ona xüsusi gözəllik verir. Sakit atmosferi və quşların cəhcəhləri şəhər səs-küyündən qaçanlar üçün ideal yerdir. Göldə insanların çimməsinə icazə verilməsə də (göl həm də su rezervuarı kimi fəaliyyət göstərir, Qəbələ və ətraf rayonların içməli su ehtiyatını təmin edir), balıq tutmaq hobbisi olanlar üçün ideal məkandır. Burada kiçik qayıqlarla və katamaranlarla gəzmək üçün də şərait yaradılıb.

pages/612/22.jpg

Ekstrim həvəskarları da Qəbələyə mütləq getməlidirlər. Dağa dırmaşma idman növü ilə məşğul olan şəxslərin mütləq ki, gələcək planları arasında respublikasının ən yüksək nöqtəsinə - Bazardüzü zirvəsinə qalxmaq da var. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya ilə sərhəddə yerləşən bu zirvə daimi buzlaqla örtülüdür. Buradan Qızılqaya, Şahdağ, Tufandağ, Bazaryurd, Olimp zirvələri, Dağıstanın Kuruş kəndi və Şalbuzdağ dağına qədər uzanan geniş mənzərəni görmək mümkün olur.

pages/612/25.jpg

Qaldı ki, əyləncə mərkəzlərinə, "Qəbələnd", yaxud "Qafqaz Park" təkcə Qəbələdə deyil, bütün bölgədə ən böyük əyləncə mərkəzidir. 16 hektar ərazidə 40-dan çox əyləncə vasitəsi var. Attraksionlar, karusellər, katamaranlı süni göllər, hovuz-su parkı, futbol, basketbol, voleybol meydançaları, kartinq və s.

Qəbələ mətbəxi

Qəbələ özünəməxsus, dadlı mətbəxi ilə də diqqəti cəlb edir. Müxtəlif növ paxlavaları, qozla hazırlanan Həmzəli halvasını Qəbələdən başqa heç yerdə görmək olmur. Döşəməli plov və daşarası kababı isə Qəbələ mətbəxinin şahı sayılır.

pages/612/20.jpg

Qəbələ müxtəlif festifalların keçirilməsi ilə də məşhurdur. Avqust ayında Qəbələyə gələnlər qeyri-adi mürəbbə növlərinin dadına baxmaq üçün burada keçirilən Beynəlxalq Mürəbbə Festivalına baş çəkə bilərlər.

Ənənəvi mürəbbə növləri ilə yanaşı, ekzotik çeşidlər - kartof, xiyar, badımcan, bibər, zəncəfil, nanə, zəncirotu, balqabaq tumu, rozmarin, çuğundur və başqa inqrediyentlərin istifadə olunduğu mürəbbələrə də rast gəlmək olar.

AviaTravel

Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.