Şou-biznes

Əri ABŞ-da yaşayan məşhur azərbaycanlı aparıcı: "Çılğın insanam, əvvəllər..." - MÜSAHİBƏ - FOTO

13 İyun 2018 22:53
2 Şərh     Baxış: 8 129

Milli.Az tanınmış aparıcı və bloger Günel Hümbətovanın müsahibəsini təqdim edir:

- Əməkdar artist Röya Ayxan, müğənni Kərim Abbasov, aparıcı Vüsalə Əlizadə və başqa bir neçə məşhur sosial şəbəkədə onların ünvanına xoşagəlməz sözlər yazan istifadəçiləri hüquq mühafizə orqanlarına şikayət ediblər və həmin şəxsləri tapıblar. Sizin də başınıza belə bir hadisə gəlibmi?

- Təəssüf ki, məşhur simalar belə hadisələrlə tez-tez qarşılaşır. İzləyiclərimlə müəyyən mövzular ətrafında mübahisə etsək və müzakirələr aparsaq da, çalışıram ki, onları heç vaxt bloka atmayım. Təbii ki, təhqir və söyüş olmazsa. Əgər kimsə təhqirə yol verərsə, o zaman ölçü götürmək üçün hüquq mühafizə orqanlarına müraciət edərəm. Qanunlarımıza çox güvənirəm.

Tənqidlər əhvalımı qətiyyən korlamır. Məsələn, şəklimə geyimimlə bağlı yazılan irad məni niyə əsəbiləşdirsin ki? Belə rəylərə əsəbiləşməyə dəyməz, çünki bu, qarşı tərəfin fikri və yanaşmasıdır.

- Ən böyük oğrular odur ki, "camaat nə deyər" fikri ilə yaşayır və özü öz gələcəyini oğurlayır deyirlər. Sizin üçün ətrafdakıların düşüncəsi nə dərəcədə əhəmiyyətlidir?

- Yaxınlarımızın və cəmiyyətin fikri əlbəttə ki, müəyyən mənada hər kəs üçün önəm daşıyır. Bacardığım qədər onları qıcıqlandırmamağa çalışıram. Lakin bu, o demək deyil ki, başqalarının fikri ilə oturub-dururam. Xeyr. Həyatımı öz arzularım üzərində qururam.

- Belə anladım ki, insanlarla münasibətlərdə hamıya qarşı ədalətli olursunuz.

- Bəli, süni olaraq rol oynamıram, sadəcə həssas məsələlərə diqqət edirəm.

- Bəs sizə qarşı edilən ən böyük ədalətsizlik nə olub?

- O qədər kinsiz insanam ki, yadımda deyil. Yəqin ki, bu barədə güclü məyusluq yaşamamışam.

- Necə oldu ki, yutub kanalı açmağa qərar verdiniz?

- 2015-ci ildən öz kanalımı açmaq fikrim var idi. Ana olduqdan sonra başım məişət və ailə qayğılarına qarışdı. Odur ki, planlarımı bir qədər təxirə salmalı oldum. Kanal açmaq və daim fəaliyyət göstərmək vaxt tələb edirdi.

Nəhayət ki, dekabr ayında arzumu reallaşdırdım. Çünki paylaşmaq istədiyim çox şey var idi ki, instaqrama sığmırdı. İstər baxım, istər saçlara qulluq, istərsə də arıqlamaqla bağlı mövzular vardı. Mənim üçün ən yaxşı variant yutub kanalı açmaq idi. Çünki istədiyim formatda və ölçüdə videolarımı yutuba yerləşdirə bilirəm.

- Bu işə başlayanda blogerliyə ciddi peşə kimi yanaşırdınız?

- Bu sahədə hələ ki, yeniyəm. Özümü bloger hesab etmirəm. Sadəcə izləyicilərimin sayı çoxdur və onlar üçün məlumat yüklü postlar edirəm. İnsanlar məni televiziyada və radiodan yaxşı tanıyırdılar.

İnstaqrama əvvəllər əyləncə vasitəsi kimi baxırdım, bununla belə paylaşımlarımda izləyicilər üçün faydalı olmağa çalışırdım. Məlumat yüklü paylaşımlar edirdim. Son zamanlar bu işə daha ciddi yanaşmağa başlamışam.

- Alimlərin araşdırmalarına görə, blogerlik gələcəkdə ən gəlirli sahələrdən biri olacaq, hətta bloq sahibləri dünyanı idarə edəcək. Günel Hümbətova öz fəaliyyəti ilə azərbaycanlı xanımlara nə dərədə faydalı ol bilir?

- Əlimdən gəldiyi qədər faydalı olmağa çalışıram. Məsələn, xanımları hər zaman keyfiyyətsiz və saxta kosmetik vasitələrdən istifadə etməməyə və ya yaxud da saçlarını tez-tez rəngləməməyə səsləyirəm.

Bu gün istər instaqramda, istər feysbukda, istərsə də tvitterdə milyonlarla izləyicisi olan blogerlər və influserlər fəaliyyət göstərir. Onlar öz fikirlərini və mövqelərini insanlara sözün yaxşı mənasında sırıyırlar. Bu da dünyanı idarə etməyin bir üsuludur.

Bəlkə nə vaxtsa mənim də milyonlarla izləyicim olar. Əgər kontentim rusca olsaydı, onda izləyici sayım daha çox olardı. Yaxud da kanalım ingilis dilində olsaydı, dünyanın 70 faizi məni izləyə bilərdi. Kanalım Azərbaycan dilində olduğu üçün ancaq videolarıma özmüzkülər baxır. Ola bilsin ki, gələcəkdə ingilis dilində kanal açım.

- İzləyiciləriniz üçün hansı mövzular maraqlıdır və yaxud hansılar daha çox "like" toplayır?

- Qızımla bağlı hər hansı paylaşımlara insanlardan daha çox reaksiya gəlir. Xüsusilə gənc analar Jozeni apardığım əyləncə mərkəzlərindən tutmuş, yedirdiyim qida növlərinə qədər hər şeylə maraqlanırlar. Bir də arıqlamağımla bağlı paylaşdığım postlar böyük maraq doğurur.

- İzləyicilərinizi razı salmağa çalışmaq sizi yormur ki?

- Qətiyyən yorulmuram, sevməsəydim, bu işə başlamazdım.

- Arıqlamaq çətindir, yoxsa formanı qoruyub saxlamaq?

- Hamiləlikdən sonra 22 kiloqram çəki atmışdım. Sonradan bir neçə kq kökəlmişdim, bu yaxınlarda yenidən dörd kiloqram arıqladım. Çəkilərimlə hər zaman mübarizədəyəm. Formanı qoruyub saxlamaq daha çətindir. Çünki arıqlamaq üçün müəyyən müddətdə pəhriz saxlayırsan, amma ideal çəkini qorumaq üçün daim nəfsinə hakim olmağı bacarmalısan. Səni kökəldən məhsullardan ömrün boyu imtina etməlisən. Məsələn, iki il şəkərdən imtina etdim, son bir neçə aydır ki, hərdən məclislərdə şirniyyatların dadına baxıram.

- Hansı stil ikonalarının geyimləri sizi ilhamlandırır?

- Məni geyimlər ilhamlandırmır, özüm də həmişə əhvalıma uyğun geyinirəm. Təbii ki, gözəl geyinmiş xanım və ya bəy görəndə baxıram. Amma bu ilham mənbəyi deyil, ona qısa müddətli göz zövqü deyərdim.

- Moda üzrə təhsil almağı düşünmürsünüz ki?

- Nyu-Yorkda Fashion İnstitutunda geyim, kosmetika, interyer dizaynı və s. fakültələr var. İstəyərdim ki, nə vaxtsa orada təhsil alım, amma yaxın gələcək üçün belə bir planım yoxdur.

- İzləyicilərinizi gələcəkdə necə videolar gözləyir?

- Səyahətlə bağlı videolar ola bilər.

- Blogerlik fəaliyyəti artıq Azərbaycanda da populyarlaşıb. Getdikcə rəqibləriniz çoxalır. Sosial şəbəkələrdə qazandığınız məşhurluğu qorumaq və hər zaman "trenddə qalmaq" çətin deyil ki?

- Düzü, trenddə qalmaq kimi çabam yoxdur. Blogerlərin sayının artmasına müsbət baxıram. Bu, o deməkdir ki, inkişaf gedir, xanımların özgüvəni artır. Əslində blogerlikdə özünəinam məsələsi də rol oynayır. Arxayın olmalısan ki, sənin yaratdığın tərz insanlar tərəfindən bəyəniləcək. Eyni zamanda mənfi reaksiyalara hazırlıqlı olmalısan.

Hər bir sahədə istəyərəm ki, qadınlarımız öndə olsun. Bu, məni ancaq sevindirə bilər. Rəqabətin olması məni qətiyyən qıcıqlandırmır. Çünki mənim öz auditoriyam var, digərlərinin də öz izləyiciləri.

Blogerlik fəaliyyətində də sahələr müxtəlifdir. Əsas faktor odur ki, səmimi olasan, insanlarla səmimi hisslərini bölüşəsən. Məsələn, elə xanımlar var ki, saçlarının dib boyalarını vaxtlı vaxtında etmirlər, amma bütün günü baxımdan, qulluqdan və ya kosmetikadan danışırlar. Bu, insanlar tərəfindən səmimi qarşılanmır, gərək real işlərdən danışasan. Mən öz kanalımda dəblə bağlı məsləhətlər vermirəm, çünki dəb ikonası və ya modelyer deyiləm. Odur ki, dəb mövzularından uzağam, sadəcə özümün yaratdığım kombinləri paylaşıram.

- Ailə qurmazdan əvvəl zahiri görkəminizdə tez-tez dəyişiklər edirdiniz. Son illərdə görürük ki, tərzinizə sadiq qalmağa çalışırsınız.

- Bunu qətiyyən ailə ilə bağlamıram. Erkən yaşlarda hər şeyi sınaqdan keçirmək istəyirsən ki, görəsən, sarı saç, qısa və ya uzun saç mənə yaraşaqcaqmı? Hətta saçımı "Möhtəşəm 100 il" serialında Hürrəm Sultanı canlandıran aktrisa Məryəm Uzerli kimi kürən rəngə də boyamışam. Bir neçə rəngi eksperimentdən keçirtdikdən sonra bildim ki, mənə nə yaraşır, özümü tapdım.

- Merilin Monro deyirdi ki, düzgün seçilmiş dikdaban ayaqqabı və paltar qadının həyatını dəyişə bilər. Siz belə nağıllara inanırsınız?

- Merlin Monronun fikrinin izahı olaraq "Gözəllik ondur doqquzu dondur", "İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yol salırlar" kimi atalar sözlərini misal çəkə bilərəm. Bu fikirlə razıyam, gözəl geyinmək işin sadəcə yarısıdır, yarısı da o geyimə uyğun olaraq davranmaqdır. Məsələn, sən gözəl geyimdə kobud hərəkətlər etsən, bu, kənardan heç də xoş təəssürat bağışlamayacaq. Yalnız özünü xanım-xatın aparsan, o zaman effektli və cəlbedici görünəcəksən.

- Bloger kimi fəaliyyətiniz uğurla davam edir. Lakin Azərbaycanda sizi hər kəs aparıcı kimi tanıyıb. Bir müddət həm televiziyada, həm də radioda çalışmısınız. Aparıcılıq üçün darıxmırsınız?

- Əvvəllər çox darıxırdım, əsas da radio üçün. 17 yaşımdan müxtəlif kanallarda və radiostansiyalarda işləmişəm. Aparıcılığı sevirəm, lakin öz yutub kanalımı açdıqdan sonra darıxmağa vaxt qalmır. Artıq insanlara danışmaq istədiyim mövzuları öz kanalım vasitəsiylə ötürürəm. Hesab edirəm ki, yutub kanalım da verilişin bir qoludur.

Kanallarımızdan yetəri qədər təkliflər gəlir, özüm istəmirəm. Çünki qızım balacadır, ailə qayğılarım var, üstəlik vaxtımın bir hissəsi yutub kanalı üçün çəkilişlər hazırlamağa gedir. Artıq sərbəst qrafikə öyrəşmişəm, tez-tez səyahət edirəm, hansısa kanalın işçisi olsam, bunları edə bilməyəcəm. Bir yerdə bağlanıb çalışmaq ruh halıma uyğun deyil.

- Uğur formulunuz nədir?

- Səmimiyyət. Hər kəslə səmimiyəm, olduğum kimiyəm.

- Həyat yoldaşınız sizi dəstəkləyir?

- Hər bir işimdə mənə çox kömək edir. Ondan yalnız və yalnız dəstək görürəm.

- Toyunuz filmlərdəki kimi Las-Veqasda baş tutmuşdu. Gəlinlik paltarınız diqqətimi çəkmişdi. Gəlinliyin fasonu xəyallarınızda qurduğunuz ağ libasla oxşar idi?

- Bəlkə də inanmayacaqsınız, amma mən heç vaxt gəlinlik və evlənmək haqqında xəyallar qurmamışam. 23 yaşımda ailə qursam da, o vaxta qədər bu barədə fikirləşmirdim. Çünki azad və çılğın ruhlu insanam. Əvvəllər həyatımın mərkəzində səyahətlər və karyera sahibi olmaq istəyi dayandı. Qismət elə gətirdi ki, həyatımın şahzadəsini tapdım, biz ailə qurduq və qızımız oldu. Amma bütün bunlar planlı şəkildə baş vermədi.

Gəlinliyimi də təsadüfən seçdim. Onda gəlinlik seçməyə həvəsim də yox idi. O hadisə bu gün olsaydı, yenə eyni hərəkəti edərdim.

- Məşhur sima olduğunuza görə həyat yoldaşınız sizi qısqanırmı?

- Bəli, qısqanclığı var. Həyat yoldaşım Nyu-Yorkda yaşayır və çalışır, ora ilə Bakı arasında 9 saat fərq var. Buna baxmayaraq, gün ərzində biz 4-5 dəfə görüntülü danışır və bir-birimizin işlərindən xəbərdar oluruq. Bakıya da tez-tez gəlir. Çox insan Nyu-Yorka köçməməyimin səbəbini soruşur. Bakını çox sevirəm, bu şəhərə bağlı insanam, vətənimdən uzaqda qala bilmərəm. Həyat yoldaşım da bu qərarıma hörmətlə yanaşır. Bəlkə də nə vaxtsa xaricə köçdüm, amma hələ ki, planda deyil.

- Hər halda bir neçə il Amerikada yaşamısınız və onların həyat tərzinin canlı şahidi olmusunuz. Sizcə, azad amerikalı xanımlar, yoxsa mühafizəkarlığını qoruyan azərbaycanlı xanımlar daha xoşbəxtdir?

- Xoşbəxtlik məfhumu nisbidir, başqalarının yerinə qərar verə bilmərəm. Vəziyyətdən asılı olaraq ya ikisi, ya heç biri, yaxud da ikisindən biri özünü daha çox xoşbəxt hiss edə bilər. Mən çox azad ruhlu xanımam, Amerikaya getməzdən əvvəl də belə idim. Bizdə azadlığı bəzən düz anlamırlar, azadlıq o demək deyil ki, əlində butulka şüşəsi ilə gəzib əyyaş həyatı sürəsən. Azadlıq odur ki, başqalarını narahat etmədən, öz istədiyini həyata keçirəsən. İstədiyim insanla ailə qurmaq və istədiyim peşə sahibi olmaq mənim üçün azadlıqdır. Arzu edirəm ki, maddi baxımdan qadınlarımız heç vaxt nə valideynlərindən, nə də ki, ərlərindəbn asılı olsunlar. Müstəqil şəkildə ayaqda dura bilsinlər.

Amerikalılarla müqayisədə xanımlarımız həddən artıq fədakardır, özlərini, cavanlığını ailəyə qurban verirlər. Məndə isə həm Azərbaycan xanımına xas bəzi xüsusiyyətlər cəmlənib, həm də ruhən azadam. Bu balansı qorumaq lazımdır. Uşaqlara da seçim haqqı vermək lazımdır, onları sıxmaq olmaz. Qızımı azad böyüdürəm, təbii ki, məsləhətlər verirəm. Amma seçiminin nə olmasına baxmayaraq, mən də, atası da hər zaman onun arxasında duracağıq.

- Xanımlarımızın tez ailə qurmaq fobiyası nədən qaynaqlanır?

- Cəmiyyət basqısı ola bilər. Sözsüz ki, cəmiyyət basqısını nəzərə almayan xanımlarımız da var. Şüuraltı olaraq beynimizə hopub ki, biz yaşa dolanda tək qalmaq istəmirik. İstəyirik ki, övladımız olsun. Məncə, bu hiss bütün qadınlarımızda var.

Elə insanlar da var ki, onları karyerası daha çox xoşbəxt edir. Həmçinin yaxşı və nümunəvi ana ola bilməyən xanımlar var. Onların bütün fikirləri işinə köklənir, ailələrinə vaxt ayıra bilmirlər. Çünki belə insanlar karyerist olaraq dünyaya gəlib. Mən nə qədər sərbəst, azad, modern düşünsəm də, ailəm hər şeydən önəmlidir. Bu da yəqin ki, genetik ötürülüb.

- İkinci dəfə ana olmaq istəyirsiniz?

- Ana olmaq planlı şəkildə olmur, hələ ki, düşünmürəm, qismət. Təbii ki, övladın ruzisini Allah verir. Hər halda valideyn də maddi durumunu nəzərə almalıdır. Düşünməlidir ki, onu hər şeylə təmin edə biləcəyik, ya yox. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Sura · 14 İyun 09:0611

    Men bu xanimin heyraniyammmm

    Cavab yaz
  • Anonim
    lale · 14 İyun 15:2100

    Nese Amerika barede duz danismir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.