Şou-biznes

Azərbaycanlı teleaparıcı: "Həyat yoldaşım məni televiziyada görüb bəyənmişdi, lakin..." - FOTO

16 Aprel 2018 21:14
1 Şərh     Baxış: 42 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Pərvin Əsgərlinin Milli.Az-a müsahibəsi.

- Pərvin xanım, istərdim lap əvvələ qayıdaq, təbələlik illərinizə. Televiziya sahəsinə gəlməzdən öncə kimlərdən dərs almısız?

- Artıq 14 ildir ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə dərin tellərlə bağlıyam. Hal-hazırda fakültənin doktorantıyam. Elmi rəhbərim professor Nəsir Əhmədlidir. Əslində, özümü çox xoşbəxt hiss edirəm ki, jurnalistikanın tanınmış söz sahiblərindən dərs almışam. İstər BDU  Jurnalistika fakültəsinin professor-müəllim heyəti, istərsə də teleməkanda ilk iş yerim olan AZTV-nin tanımış peşəkar jurnalistlərindən, diktorlarından dərs almaq, onlarla ünsiyyətdə olmaq mənə nəsib olub. Fakültədə Şirməmməd Hüseynov, Qulu Məhərrəmli, Cahangir Məmmədli, Şamil Vəliyev, Yalçın Əlizadə, Akif  Rüstəmov, Aydın Dadaşov  və digər dəyərli müəllimlərdən dərs almışam.

- Böyük televiziya diktoru, ekranın unudulmaz səs sahibi Rafiq Hüseynlinin də biliklərindən bəhrələndiyinizi bilirəm. Ondan bu sahədə nələri öyrənmisiz?

- Bilirsiniz, Rafiq müəllim çox dolu və dərin şəxsiyyət idi. Onunla hər dərsi, hər söhbəti imtahan kimi qiymətləndirirəm. Yaxşı ki, illər əvvəl o isti yay günündə Rafiq müəllimlə AZTV-nin həyətində rastlaşmışdım. Ondan mənə  nitq mədəniyyəti il bağlı dərs keçməsini, ən azından 20 dəqiqə vaxt ayırmasını xahiş etmişdim. O da gülümsəyərək sabah gələrsən demişdi. Həmin gün sevincimdən yerə-göyə sığmadım ki, Rafiq müəllimlə ayaqüstü 2 dəqiqə söhbət etmişəm. O zaman Rafiq müəllim uzun fasilədən sonra AZTV-yə aparıcıların bədii rəhbəri olaraq qayıtmışdı. Mən də ikinci kurs tələbəsi idim və AZTV-də Sadıq Elcanlının rəhbərlik etdiyi "Ədəbi Dram verilişləri" redaksiyasında ""Sənət dünyası" verilişinin aparıcısı və müxbiri kimi çalışırdım. Daha sonralar isə xəbər sahəsinə keçdim və bu sahənin cazibəsi məni özünə tamamilə bağladı. Əsla da peşman deyiləm. Yaxşı ki , xəbər jurnalistikasını secdim. Rafiq müəllimə "ustadsız ustadım" deyə müraciət edərdim. Çünki ona sual vermişdim ki, siz bu peşənin incəliklərini kimdən öyrənmişdiniz? O da belə cavab vermişdi: "Bu peşənin sirlərini elə işıqçı kimi studiyada işlədiyim zamandan öyrənməyə başlamışam, yavaş-yavaş yiyələnmişəm, mən aparıcılıqdan əvvəl televiziyanın mətbəxini, texniki tərəfini də yaxşı bilirdim".

- Böyük ustadın məsləhətləri nə olurdu sizə?

- Əslində, Rafiq müəllimin məsləhətləri çox olub. Amma ən yaddaqalanı o idi ki, bizi efirə hazırlayanda deyərdi ki, tamaşaçı ilə tam səmimi ünsiyyət qurun. Qarşınızdakı dəmir parçasından ibarət kameranı unudun. Kameranın o biri tərəfində sizi izləyən tamaşaçıların gözlərinə baxmağı bacarın. Əgər bunu bacarsanız, o zaman tamaşaçı da sizi sevəcək, qəbul edəcək. Məncə də Rafiq Hüseynli Azərbaycan teleməkanında pafosdan uzaq, səmimi, sanki, tamaşaçısı ilə söhbət edərcəsinə efir davranışı gətirən nadir kişi diktorlarımızdan olub. Cox uzağa getməyək, götürək onun müəllifi olduğu "Qonaq otağı" verilişini. Necə gözəl, səmimi dialoq qururdu qonağı ilə və bunu biz tələbələrinə də aşılayıb. Rafiq müəllimin yoxluğunu, demək olar ki, hər efirdə olduğum anlarda hiss edirəm. Bu peşəni mənə öyrədən və öyrətdikcə də sevdirən insanı itirmək cox ağır gəldi. Mənəvi atamı itirdim. Darıxanda isə ondan yadigar qalan xanımı Səbinə xanım və qızı Leyli ilə danışıram. Bu il 14 fevral televiziya günündə ilk dəfə idi ki, peşə bayramını onsuz keçirdim. Həmişə ilk zəng edib onu təbrik edərdim. Bu dəfə isə dəstəyin digər başında, təəssüf ki, Rafiq müəllim yox idi.

- Sizi ilk əvvəllər İctimai TV-də xəbərləri təqdim edən bir aparıcı kimi gördük. Bu telekanalı tərk etməyinizə səbəb nə oldu?

- Xüsusi bir səbəb yoxdur. Mən İTV-dən də əvvəl dövlət televiziyasında işləmişəm. Bilirsiniz, jurnalist üçün məkan fərqi olmamalıdır. Harada münbit şərait varsa, orada da qalıb işləməlidir. 

- ATV ilə tanışlığınız necə oldu?

- Belə deyək də, illər əvvəl tələbə ikən ATV-də vakant yer olduğunu eşitdim. Dəqiq yadımda deyil, amma səhv etmirəmsə, gənclərlə bağlı bir layihəyə həm aparıcı, həm də jurnalist kimi işçi axtarırdılar. Çox istəmişdim ki, alınsın. Lakin gec idi artıq və axtardıqları işçini tapmışdılar. Mən də Dövlət televiziyasından gələn təklifi dəyərləndirdim. Görünür, zamanı deyilmiş. Yəni Tanrının məsləhəti belə olub deyə düşünürəm. İndi isə karyerama  ATV-də davam edirəm və bu da məni sevindirir. İşimə olan sevgimi, məsuliyyətimi azdan-çoxdan hamı bilir. Mənim üçün peşəm cox şeydən əvvəl gəlir. Axı mən neçə il bunun təhslini almışam.

- ATV-yə keçəndə də formatınızı dəyişmədiniz. Niyə məhz xəbərləri təqdim etmək istədiniz? Axı ATV-də xəbərlərlə yanaşı maraqlı şou verilişləri də var.

- Bu gün ATV-də ən yüksək reytinqi verən verilişlərin əvvəlində  "ATV xəbər" gəlir. Bu da onu göstərir ki, xəbərə tələbat var. Tamaşaçı dünyada və ölkədə baş verən hadisələrən xəbər tutmaq istəyir. 21-ci əsr informasiyalı cəmiyyətdə yaşayan vətəndaşlarıq. Tamaşaçılara informasiyanı vermək isə bizim işimizdir. Mən də xəbərləmə jurnalistikasını seçdiyim üçün özümü çox şanslı hesab edirəm. Hələ Jurnalistika fakültəsində tələbə ikən yerli müəllimlərmizin dərslərindən əlavə xarici media mütəxəssisləri də bizə treninqlər keçirdilər. Elə o zamandan qərarımı vermişdim. 

- Nə vaxtsa şou xəbərlərini, yaxud şou verilişini təqdim etmək istərdiniz?

- Fikrimcə, televiziya aparıcısı plastilin kimi olmalıdır. Onu hansı formaya salırsansa sal, o, öhdəsindən uğurla gəlməlidir. Təbii ki, bütün bunlar üçün də qabiliyyət, istedad və intellektual səviyyə yüksək olmalıdır. Amma bir məqam var ki, baxır tamaşaçı səni hansı ampluada görmək istəyir. Bax o əsasdır. Gərək bu, sualı mənə yox, tamaşaçıya verəsiniz ki, Pərvin Əsgərlini digər formatlı verilişlərdə görürlərmi?

- Sizi yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, çox zarafatcılsınız, deyib-gülməyi xoşlayırsınız. Heç olubmu ki, xəbər təqdim edən dəqiqədə hansısa gülməli əhvalat yadınıza düşüb?

- Olub, təbii ki. Amma  bunu tamaşaçıya hiss etdirmədən efiri aparmışam.

- Tamaşaçını nə maraqlandırır və siz onu tamaşaçıya verə bilirsiniz?

- Düzdür, indiki dövrdə tamaşaçılarımızı qane etmək, maraq dairəsini əhatə edə bilmək o qədər də  asan deyil. Çünki elə cəmiyyətdə yaşayırıq ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Biz də o xəbərlərin içindən Azərbaycan tamaşaçısına uyğun xəbərləri veririk. Düşünürəm ki, alınır. 

- Adətən xəbər aparıcıları çox əsəb keçirirlər. Çünki xəbəri dəqiq, vaxtında tamaşaçıya çatdırmaq insandan böyük hövsələ və səbr istəyir. Əsəbləşəndə hisslərinizi necə cilovlayırsınız?

- İnsanıq. Sevinirik, gülürük, əsəbləşirik. Bütün bu hisslər biz insanlara məxsusdur. Əsəbləşdiyim zaman sevdiyim musiqini dinləmək və "hər şey yaxşı olacaq" düşüncəsini özümə təlqin etməklə işin içindən çıxıram. Ən əsası isə Allaha dua etməyi, şükr etməyi əsla unutmamışam. 

- Sizi nə özündən çıxara bilər?

- Ədalətsizlik, ikiüzlülük və qorxaqlıq məni özümdən çıxara bilir. 

- Kövrəksiz?

- Bəli, hər qadın kimi mən də kövrək biriyəm. Baxdığım təsirli bir film səhnəsi məni asanlıqla ağlada bilir.   

- Bir qızınızın olduğunu bilirəm. İşiniz elədir ki, gecə yarısına kimi işdə olursunuz. Ona vaxt ayıra bilirsiniz?

- Bəli 1 qızım var. Yağmur 6 yaşındadır. Artıq hər şeyi başa düşür və hətta o, özü mənə dəstək olur. Yorulanda "Pərvin gəl səni qucaqlayım yorğunluğun getsin" deməsi hər şeyi həll edir. Darıxanda isə  telefon köməyimə çatır. Gün ərzində işdə olduğum müddətdə sıx-sıx danışırıq. 

- Həyat yoldaşınızla necə tanış olmusunuz?

- O zaman işlədiyim telekanalda aparıcılıq etdiyim xəbərlər proqramında canlı bağlantı olurdu. Efirdə məni görüb bəyənmişdi. Ailə qurduq, lakin artıq həyatda deyil, rəhmətə gedib. 

- Sağlam təməli olan ailəni nə yıxa bilər?

- Qısqanclıq, yalan və xəyanət.

- Adətən deyirlər ki, xanım teleaparıcıların ailəsi olmur, onlar üçün ailə ən sonda gəlir. Bu kimi sözlər bir xanım aparıcı olaraq sizə necə təsir edir?

- Əgər mənim fikirmi soruşursunuzsa, deməzdim ki, hansısa teleaparıcı xanım saf sevgi üzərində qurulan ailəsini ikinci plana atsın. O qədər uğurlu teleaparıcı xanımlarımız var ki, həm ailəsi var, həm də işi. Ağıllı və uzaqgörən xanımlar hər ikisini balanslı şəkildə apara bilir. 

- Hansı xəbəri tamaşaçılara çatdırmaqda tələsirsiniz?

- İllərdir ki, tamaşaçılara verməyə tələsdiyim və xiffətini çəkdiyim bir xəbər var. O da QƏLƏBƏ xəbərimizdir. Bəlkə də təkrarlanmış bir cümlə olacaq. Amma mənim ən böyük arzum var, o da işğal altında olan torpaqlarımızın geri alınması xəbəridir ki, onu sevimli tamaşaçılarımıza, əziz xalqımıza çatdırmaq nəsib olsun inşallah. Düşünürəm ki, bu, təkcə mənim yox, elə bütün həmkarlarımın arzusudur.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.