Şou-biznes

Müğənni Yeganə: «Türk sənətçilərinin toyuma gəlməsinə imkan verməyəcəm!»

16 Mart 2010 10:35
Baxış: 1 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Bakıya gəlişin bayramı burada qeyd etməyinlə bağlıdır, yoxsa başqa səbəbləri də var?

- Səbəblərdən biri milli bayramımız olan Novruzda Bakıda olmağımdır. Amma bayramı təmtəraqla qeyd edə bilməyəcəm. Çünki ötən ilin bu ayı atamı itirmişəm və onun ildönümü bayram gününə təsadüf edir. Amma bayram tədbirilərində əvvəlcədən çıxış edirəm. Çəkilişlərim çoxdur. Eyni zamanda burada silsilə bir layihə həyata keçiririk.

- Efirdə yeni layihən olacağı barədə danışdın, amma mahiyyətini açıqlamadın?

- Buna həm sənədli film, həm konsert proqramı demək olar. Sizə açıqlayım, bəstəkar Asif Kərəmoğlu ilə birlikdə hazırlayırıq. Burada 20 nəfərə yaxın heyət çalışır. Əvvəlcədən müxtəlif çəkilişlər aparılması nəzərdə tutulub. Amma hazırda layihələrin mətbəx işləri görülür. Bu səbəbdən barəsində konkret fikir söyləmək hələ tezdir. Yəqin ki, bayramdan sonra rahat danışa biləcəm. Təqdimat mərasiminin möhtəşəm olacağı barədə indidən xəbər verə bilərəm.

- Yəqin, təqdimatı Türkiyədə də keçirərsiniz?

- Əlbəttə, orada da olacaq. Çünki mənim yaradıcılığımın bir qolu həmin ölkə ilə bağlıdır. Sənədli filmin televiziya kanallarında yayımı planlaşdırılıb.

- Bakıya nişanlınla gəlmisən?

- O, iş adamıdır və işləri ilə bağlı şəxsi səfərləri sıx olmur. Amma atamın ildönümündə yanımda olmaq, anamın bayramını təbrik etmək üçün birlikdə gəlməyə qərar verdik. Eyni zamanda, ailə ilə bağlı bəzi məsləhətlərdə o da iştirak edir. Amma mən ona maddi dəstək kimi baxmıram. Verilişlərə özüm gedirəm, işlərimi çalışıram tək başına həll edim. Amma məsləhətlərini alıram. Onun da öz işləri var və hər zaman işini atıb arxamca gəlmək məcburiyyətində deyil.

- Toyun konkret tarixini hələ açıqlamamısan?

- Əslində, öz aramızda təxmini bir vaxt müəyyən etmişik. Qız toyu apreldə, yəni gələn ay olacaq. Amma konkret günü yaxın günlərdə bəlli edəcəyik.
Buradakı işlərim toydan əvvəllə planlaşdırıldığından hələ ki o barədə ətraflı düşünə bilmirəm. Həm də atamın ilini verəndən sonra toyla bağlı konkret qərarlar olacaq. Amma deyə bilərəm ki, gəlinlik paltarım artıq sifariş edilib.

- Bunu kimə etibar etmisən?

- Mənim Türkiyədə yaşamağım buradakı xidmətlərdən imtina etməyimə dəlalət etmir. Toy paltarım buradakı dərzilər tərəfindən tikilir. Artıq dizaynı verilib və ilk işlər başlayıb. Dünən mənə paltarın ilk variantını yoxlamağa çağırıblar. Amma bir az əvvəl dediyim layihənin hazırlıqları, bayram çəkilişləri mənə əlavə vaxt qazandıra bilmir. Dizayner qadın deyir ki, "Yeganə xanım, sizin üçün bundan vacib heç nə ola bilməz".

- Toyu necə planlaşdırmısınız? Adətən türklərdə bir toy olur. Bizdə isə qız və oğlan toyu. Bu qərarı kim verib?

- Birlikdə belə nəticəyə gəldik ki, əvvəlcə burada qız toyu olsun. Çünki mənim burada tanıyıb, bildiyim yaxın dost-tanışlarım var. Daha sonra Türkiyədə ikinci, oğlan toyu keçiriləcək.

- Toyun xüsusi ssenarisi hazırlanır?

- Qətiyyən, ssenariyə ehtiyac görmürəm. Adi toylardan biri olacaq.

- Türkiyənin tanınmış sənətçiləri ilə dostluq münasibətiniz var. Onlardan kimisə bura dəvət etmək fikriniz var?

- Əgər onlar gəlmək istəsə, mən buna yol vermərəm. Çünki qeyd etdiyim kimi orada oğlan toyu olacaq. Onları vaxt itkisi, yol yorğunluğu olmasın deyə, birbaşa Türkiyədəki toya dəvət edə bilərəm. Bura isə yerli müğənnilərimizi dəvət etməyi düşünürəm. Hətta onlar da istəsələr, Türkiyəyə getməyi rəva görmərəm. Amma ola bilsin ki, mənə daha yaxın olan insanlar sürpriz edə bilərlər. Oradakı toyun görüntüləri burada maqazin verilişlərinə təqdim ediləcək ki, maraqlanan insanlar izləyə bilsinlər.    

- Ailə quran sənətçilərin adı ətrafında da xoşagəlməz fikirlər az dolaşmır. Toy hazırlığında olmağınıza baxmayaraq, bu ilişgiyə dirnaqarası yanaşanlar var?

- Mən o qədər hörmətsiz bir övlad deyiləm ki, atamın ruhuna sayğısızlıq edəm, həm də mənim yaşım o yaş deyil ki, həyatımla oynayım. Ərə getmək mənə lazımdır. Bunu piar xatirinə etdiyimi düşünənlər yanılırlar. Amma atamın ili çıxmadan toy edə bilməzdim. Müsəlman olduğum üçün adət-ənənəyə  söykənməliyəm. Evimin içinə girmək istəyənlərə deyirəm ki, şəxsi həyatımı qeybətə çevirməsinlər!     

- Türkiyədə yaşayan həmkarlarından biri deyib ki, azərbaycanlı sənətçinin orada tanınması müşkül işdir. Nə qədər pulun, dayağın olsun, bu mümkün deyil. Siz bu baryeri aşa biləcəksiniz?

- Həmin fikirlərlə haradasa, razılaşıram. Çünki mən 2 ilə yaxındır ki, Türkiyənin şou-biznesinə qoşulmuşam. Bu müddətdə 80 milyonluq xalqın məni tanıması mümkün olan deyil. Bu qədər sənətçinin arasında milyonların məni yaddaşına köçürməsi qeyri-mümkündür. Bunun üçün mən hələ uzun illər çalışmalıyam. Birdə ki gördüyüm işin sağlam olması çox önəmlidir. Əgər sıradan bir layihədə varamsa, insanlar mənə də elə sıradan yanaşacaqlar.

- Söz gəzir ki, Yeganə xanımın arxasında böyük maliyyə dəstəkçisi durur deyə, bu qədər işlər görə bilib. Yəni bu, bir şirkətin işi deyil...

- Mənə bu cür yanaşan, haqqımda dolayısı fikirlər oyadan insanlara qeyri-ciddi baxıram. Mənim çalışdığım şirkət, menecerlərim açıq şəkildə Türkiyənin proqramlarına çıxaraq Yeganə adında azərbaycanlı müğənni ilə çalışdıqlarını bəyan ediblər. Türkiyə zor yaşanılan bir ölkədir. Orada evim olmadan çalışıram. Hərdən aylarla işim olur deyə, Bakıya gələ bilmirəm. Həmin şirkət mənim yaradıcılığıma pul ayırır ki, bu qədər işlər görə bilmişik. Mən buradakı işimi-gücümü atıb boş yerə Türkiyəyə getməmişəm ki? Mənim çalışdığım şirkətin rəhbəri də Bakıda olarkən bu məsələyə aydınlıq gətirib və mənimlə çalışdığını bildirib.

- Şirkətin azərbaycanlı müğənnini Türkiyə şou-biznesində tanıtmaqda məqsədi nədir?

- Onlar mənim yaradıcılığımı bəyniblər deyə, bəxtimə belə bir şans düşüb. Murad Dadaşovun "Maşın" realiti-şousunda iştirak edərkən onlar məni izləyib və bu müddətdə yaradıcılığımı da vərəqləyiblər. Onlar Bakıya mənim satışda olan albmolarımın əsasında gəlmişdilər. Səhv etmirəmsə, verilişi 9-cu iştirakçı olaraq tərk etmişdim. Bu müddətdə onlar məni gözləmək məcburiyyətində qaldılar. Çünki verilişdə iştirakımı yarıda dayandıra bilməzdim. Əslində, bu təklifi alandan sonra iki ay Türkiyəyə getməyə ehtiyat etdim. Qorxdum. Fikirləşdim ki, bir iş görə bilmərəm, yaxşı qarşılanmaram. Ondan sonra bura qayıtmağım mənim üçün bir minus idi. Addım-addım yüksəldiyim zirvədən bir anda enə bilərdim. Amma risk edib getdim və hər şey düşündüyümdən də yaxşı oldu.   

- Şirkətlə əməkdaşlığınız müqavilə əsasında olduğundan nə vaxtsa Azərbaycana dönüb burada çalışmağı düşünürsünüz? Yoxsa nişanlınız Türkiyə vətəndaşı olduğundan hər bir vairantda oranı seçəcəksiniz?

- Orada yaşamağım mənim Azərbaycandan uzaqlaşmağım demək deyil. Ömrüm boyu "ölkəmi unudub, uzaqlaşım" kimi fikrim olmaycaq. İşə qaldıqda, həm burada, həm də orada çalışmağı düşünürəm. Sağlamlığım imkan verdiyi təqdirdə səhnədəyəm. Mənim orada qazandığım müəyyən dinləyici kütləsi var. Bu, havayı başa gəlməyib. Şirkət var, eyni zamanda özüm də yetəirncə əziyyət çəkmişəm. İnsanlar yalnız işin nəticəsini görürlər.    

- Toy paltarınızı bizim dərzilərə etibar edirsiniz. Saçlarınızı da bura gələn kimi kəsdirmisiniz...

- Burada çalışdığım kollektivləri unutmuram. Saç ustam təklif etdi ki, bir yenilik edək, qırmadım onu. Bilirəm ki, bu saç düzümü mənə yaraşır və nəticə ürəyimcə olacaq.

Xədicə
Milli.Az



--------------------------------------------------------------------------------
 

-------------------------------------------------------------------------------
-

--------------------------------------------------------------------------------


-------------------------------------------------------------------------------
-

--------------------------------------------------------------------------------
 

--------------------------------------------------------------------------------


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.