Şou-biznes

Teleaparıcı Lətafət Ələkbərova: "Ailə qurduğum insanın..." - FOTOSESSİYA

15 İyul 2015 00:15
12 Şərh     Baxış: 12 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Lətafət Ələkbərovanın Milli.Az-a müsahibəsi.

- Lətafət xanım, "Əslində mən" layihəsindən niyə uzaqlaşdınız?

- Əslində, ANS telekanalından uzaqlaşmamışam. Sadəcə olaraq, yeni bir layihə hazırlamışdıq. Yayda efirə gedəcəkdi. Lakin müəyyən səbəblərə görə, sentyabr ayına saxladıq.

- Bu veriliş hansı səpkidə olacaq?

- Demək olar ki, format eynidir. Amma daha fərqli, daha genişmiqyaslı bir layihə olacaq.

- Niyə ampluanızı dəyişmirsiniz?

- Sözün düzü, fikrim var. İllərlə canlı veriliş aparmışam. Qismət, görək (gülür).

- İllərlə canlı efirə çıxan bir aparıcı kimi indi canlı veriliş aparan aparıcılarda nəyi bəyənmirsiniz?

- Ümumiyyətlə, aparıcı efirə çıxanda gərək öz problemini, dərdini, kədərini tamaşaçıya yansıtmasın. İndiki aparıcıların bir çoxu öz zarafatlarını efirdə aşırı dərəcədə bildirirlər. Səmimi olduqlarını göstərmək istəsələr də, bəzən gülünc görünür. Aparıcı ilə tamaşaçı arasında bir "pərdə" olmalıdır.

- Siz özünüz də müəyyən qədər səmimi bir xanımsınız. Heç olubmu ki, aşırı dərəcədə səmimilik göstərdiyiniz insanlar sonra sizə qarşı çıxsınlar?

- Kifayət qədər olub ki, haqsızlıqlarla üzləşmişəm. Yenə də o insanları bağışlamışam. Amma mənə qarşı etdikləri hərəkətlər qəlbimdən silinməyib. Mən çox kövrək bir insanam.

- Sizcə, hal-hazırda tamaşaçının sizə olan tələbatı nə qədərdir?

- Ən azından deyə bilərəm ki, məni çox istəyirlər. Hörmətimi saxlayırlar. Ancaq mən bir müddət efirlərdə görünürəm, sonra bir müddət "itirəm". Lakin yenə də tamaşaçı məni tam unutmur. Mən parlayan, işartısı zəifləyən, lakin tam sönməyən bir ulduz kimiyəm (gülür).

- Kişi olsaydınız, Lətafət Ələkbərovaya hansı "göz"lə baxardınız?

- Lətafətin qədrini bilərdim (gülür). Ona dəyər verərdim.

- Siz sevgi baxımından korluq çəkirsiniz, deyəsən...

- Korluq deyəndə ki, rastıma hələ də mən istəyən insan çıxmayıb. Bir də ki, kişilərə güvənib itib...

- Əgər siz dediyiniz o adam qarşınızsa çıxsa, ailə quracaqsınız?

- Əgər tam mən deyən kimi olsa, bəli, quraram.

- Bəlkə də özünüz öz qismətinizdən qaçırsınız...

- Sözün düzü, mən siz dediyiniz sevginin arxasınca düşüb axtarmıram. Nə vaxt olar, olar. Olmaz da ki, olmaz.

- Kişilərdə ən çox nəyə üstünlük verirsiniz?

- Mənim üçün ailə qurduğum insanın ən əsas daxili gözəl olmalıdır, ağıllı olmalıdır. Bununla yanaşı ailəsinə yaxşı baxa biləcək qədər maddi imkana sahib olmalıdır.

- Ailə qursanız, ikinci övlad dünyaya gətirərsiniz?

- Bilmirəm, indi bu barədə heç nə deyə bilmərəm. Amma niyə də olmasın?!

- Bir ara bir az kilo aldığınızı deyirdiniz... Necə oldu? İndi tərəzinin üzərinə qalxanda əliniz ağzınızda qalmır ki?

- Xeyr (gülür). Şükürlər olsun ki, çəkimlə bağlı bir problemim yoxdur. Düzdür, bir ara nisbətən kökəlmişdim. Amma arıqladım. Formaya düşdüm.

- Necə arıqladınız?

- Yalnız pəhriz saxlamaqla.

- Kişilərin diqqətini öz üzərinizə çəkə bilirsinizmi?

- İnanın mənə, mən heç vaxt vulqar geyimlərdən istifadə etməmişəm. Düzdür, açıq geyimlərim olub, o da ki, yerinə görə geyinmişəm. Heç vaxt düşünməmişəm ki, filan geyimi geyinsəm, filankəslər mənə baxacaq və s.

- Qadın məkrinə tuş gəlmisiniz?

- Saysız-hesabsız... Qadın məkri çox pis bir şeydir. Allah bizi ondan qorusun. Bunu bir qadın olaraq deyirəm (gülür).

- Bu sənət sizi nədən məhrum etdi?

- Əslində, heç nədən məhrum etmədi. Bir az rahat yaşamağa imkan vermir. Ətrafın gözü səndə olur. Hərəkətlərinə, danışığına fikir verirlər və s. Bu da insanda müəyyən qədər narahatlıq yaradır.

- Gecə klublarına gedirsiniz?

- Bakıda nadir hallarda olur. Amma xaricdə sərbəst şəkildə gedə bilirəm. Gözdən-qulaqdan uzaq oluram çünki (gülür).

- Yay mövsümünü necə keçirdirsiniz?

- Çalışıram ki, xarici ölkələrə üz tutum. O da imkana baxır...

Cavidan Abdulayev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.