Şou-biznes

Küçə həyatı keçirən, ölümlə üz-üzə gələn və anasını bağışlamayan Doğuş - FOTO

27 Oktyabr 2014 16:57
27 Şərh     Baxış: 27 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir neçə gün öncə tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı ilə türkiyəli sənətçi Doğuşun ailə qurması xəbəri hər iki ölkənin mətbuatının əsas mövzularından birinə çevrilib. Ancaq hələ də bu xəbərə inanmayanlar yetərincədir və bütün bunlar normaldır. Çünki adətən məşhur insanların evlilikləri ya reklam, reytinq xatirinə olur, ya da uzun müddət davam etmir. Yəni bu məşhurların "adətidir". Amma biz azərbaycanlılarda isə belə bir adət var. Məsələn, kiminsə qızına elçi gəlirlərsə, hər kəs gələcək bəyin, kürəkənin, yeznənin kimliyi ilə maraqlanır.

Milli.Az publika.az-a istinadən bildirir ki, əsl adı Orhan Baltacı olan tanınmış türkiyəli müğənni Doğuş 1974-cü ilin 30 iyununda Almaniyada anadan olub. Əslən Türkiyənin Rizə şəhərinin İkizdərəli bölgəsindən olan sənətçi dörd yaşına qədər Almaniyada yaşayıb. Dörd yaşında ailəsiylə birlikdə Türkiyəyə köçən gələcək sənətçisinin ailə sarıdan bəxti gətirmir. Valideynləri arasında münasibətlərin gərginləşməyi balaca Orhana da təsirsiz ötüşmür. Baş verənlərdən təngə gələn uşaq evdən qaçır. Uzun müddət küçə həyatı yaşayan Orhan Baltacı (Doğuş) sonradan uşaq evinə üz tutur. Hələ uşaq evindəykən bir çox ailələr bu yaraşıqlı oğlanı övladlığa götürmək istəsələr də, o, hər dəfə etiraz edir. Bir dəfə isə uşaq evinin müdirinin otağında bu mövzuda söhbət gedərkən "anam gəlib məni aparacaq" deyə qışqırır. Amma nə anası, nə atası uzun müddət övladlarını itirib-axtarırlar. Nəhayət, günlərin birində gələcəyin ulduz sənətçisinin ata nənəsi uşaq evinə gəlir. Bir müddət sonra isə usaq evinin kandarında anası da görünür.
 
Doğuş özü uşaqlıq illərini belə xatırlayır:
"...İlk dəfə evdən qaçanda doqquz yaşım var idi. Gecə-gündüz küçə-küçə gəzib anamı axtarırdım. Psixikam tamamilə pozulmuşdu. Evdən tez-tez qaçırdım və məni tutub nənəmə verirdilər. İndi nənəm kimi gözəl insana verdiyim əziyyətlərə görə vicdan əzabı çəkirəm. Ac qalırdım, ağlayırdım. Amma küçədəki insanlar mənə ailəmdən daha doğma gəlirdilər. Səfil həyatı yaşayırdım. Jeton satsam da, qazandığım pul yeməyimə çatmırdı. Məcbur olub baqqaldan süd, çörək oğurlayırdım. Hərəkətin gur yerlərində avtomobillərin şüşələrini silib, pul qazanırdım. Həmişə sildiyim maşınların içərisinə baxırdım, gözlərim anamı axtarırdı. İndi onun harda olduğunu bilirəm. Amma içimdəki sevgini o qədər dərində basdırdım ki... Anam altı bacı-qardaşımın hamısına baxdı. Təkcə mən çıxdaş oldum, mənə baxmadı. Onu bağışlamaq əlimdə deyil...

Uşaq evindəydim, bir gün anam yanıma gəldi. Bir-birimizi bağrımıza basdıq. Ona hər görəndə daha çox bağlanır, daha çox sevirdim. Çünki nə də olsa, o mənim anamdır. Amma bir müddət sonra anam yanıma az-az gəlməyə başladı. Məni tərk etdi. Uşaq ürəyim parça-parça olurdu..."
 
Pasport almaq yaşına çatanda dövlət idarəsində ondan adını soruşurlar. Yeniyetmə Orhan belə cavab verir: "Adım Doğuş, anamın adı Sevgisizlik, atamın adı Yalnızlıq".
Doğuşun küçədə dörd yaxın dostu olur və onlardan savayı heç kimlə sıx əlaqə saxlamır. Qəhrəmanımız gecələr işıqları yanan isti evlərə baxarkən hiss etdiklərini belə izah edir:

"Nədən mən burada üşüyərkən, onlar bu qədər xoşbəxtdirlər, onlara nifrət edirəm" deyə düşünürdüm. İnsanlara nifrətim artırdı. Mənə təsəlli verən yeganə şey mahnı oxumaq və rəqs etmək idi. Kefim yaxşı və pis olanda küçələrdə mahnı oxuyurdum. Dostlarım "heç olmasa müğənni ol" deyirdilər. Mən də olacağamı deyəndə qəhqəhə çəkib gülürdülər. Amma nə zamansa sənətçi kimi zirvəyə çatacağıma əmin idim"...
 
Doğuşun istedadı da məhz küçədə üzə çıxır. Dostu Murad varlı bir ailənin qızına aşiq olur. Təbii ki, qızı ona verməyəcəkdilər. İki dost söhbət edərkən Doğuş mahnı oxumağa başlayır:

"Sabret yüreğim sabret,
Sabret gelecek elbet,
Uzanan bu elleri,
Tutacak bir gün sabret..."
 

Beləliklə, o, küçədə ilk bəstəsini - "Sabret"i yazır.
 
İllər ötür, Doğuş böyüyür...18 yaşına çatanda, bəlkə də, heç valideynləri də onu tanımazdılar. O qədər yaraşıqlı olmuşdu ki. Dostlarıyla qazandıqları pullara yaxşı geyimlər alar, diskotekaya gedir. Elə məhz getdiyi diskotekaların birində, 1993-cü ildə Doğuş bir qızla tanış olur və onu sevir. Deyilənə görə, həmin şəxs hazırda Türkiyədə tanınmış sənətçilərdən biridir. Amma indiyə kimi Doğuş onun adını açıqlamaq istəmir. Amma etiraf edir ki, Gökhan Tepeye verdiyi "Aşk belası" mahnısını məhz həmin xanıma həsr edib.
 
Alman və ingilis dillərini bilən sənətçi dünya çapında bir sənətçi olmaq iddiasındadır. Hətta bir zamanlar onu Tarkanla da müqayisə edirdilər.
 
Müğənninin sənət həyatına gəlincə, onun peşəkar fəaliyyətində ilk addımları 1997-ci ilə təsadüf edir. İlk ilində "İskender Ulus" prodakşnla öz musiqi və sözlərindən ibarət "Doğuş" adlı albomunu satışa çıxarır. İlk albomu olsa da, türk tamaşaçısı, dinləyicisi alboma daxil olan mahnıların bir neçəsini, o cümlədən "Gamsız", "Uyan", "Ben Sensiz Ne Yaparım"ı yetərincə yaxşı qəbul edir.
 
1998-ci ildə sənətçinin "Yalancı", "Milyonda Bir", "Bunun Adına Yürek Derler" kim mahnılardan ibarət "Doğuş və şarkıları" adlı ikinci albomu işıq üzü görür. Sənətçinin üçüncü albomu 2000-ci ildə Almaniyada çıxır və burada "Gülüm", "Günah Pazarı", "Bebişim", "Ayrılmalıyız" kimi hit mahnılar yer alır.
 
2001-ci ildə dördüncü albomu "Sevdim", ardınca "Denge", iki il sonra isə "Altıncı hiss" adlı albomları işıq üzü görür. 2005-ci ildə müğənni "Ulus müzik" şirkətindən ayrılır və "Promise production"la əməkdaşlığa başlayır. Bundan sonra Doğuşun "Tam Doğuş" albomu işıq üzü görür.
Cəmi bir il sonra sənətçi öz musiqi şirkətini qurur.  "Doğmüzik"in ilk layihəsini müğənni Elfi Karlı ilə gerçəkləşdirir.
 
2006-cı ildə Doğuş yaradıcılığında, demək olar ki, inqilab edir və sırf arabesk janrında albomunu sevənlərinə təqdim edir...
 
Dörd il əvvəl - 2010-cu ildə isə sənətçi ölümdən dönür. Belə ki, o, Kiprdə qaldığı otelin yaxınlığındakı qayalıqlarda huşsuz vəziyyətdə tapılır. Oteldən günorta saat ikidə çıxan sənətçidən 7-8 saat xəbər çıxmır, hər kəs narahat olur. Bir ailənin ölümcül vəziyyətdə tapdığı müğənni Girne Akçiçek Xəstəxanasına çatdırılır və ilkin tibbi yardım göstərildikdən sonra o, Lefkoşa Dövlət Xəstəxanasına köçürülür. Müğənni həmin anları belə xatırlayır:
 "Qayalıqlarda uyğun bir yer tapıb dincəlmək istədim. Son xatırladığım şey odur ki, qayalıqlardan tullandım. Sonra başımın üstündə bir kişini məni oyandırmasından başqa heç nə xatırlamıram. Görünür, tullananda başımdan zədə alıb huşumu itirmişəm. Bu hadisədə ölməmişəmsə, deməli, daha mənə zaval yoxdur. Allah məni sizlərə və bütün sevənlərimə bağışladı".

Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.