Şou-biznes

Könül Kərimova: "Məhəbbət Kazımovla sevgili olmağımız..."

27 Avqust 2014 02:00
11 Şərh     Baxış: 23 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış müğənni Könül Kərimovanın Milli.Az-a müsahibəsi.

- Könül xanım, istirahətiniz necə keçir?


- Bu il yaxşı istirahət edə bilmədim. Deyəsən, haraya getsən, yenə də buralar yaxşıdır.


- Belə başa düşdüm ki, istirahətiniz ürəyinizcə alınmayıb.


- Antalyada məni gün vurdu. Təsəvvür edin ki, ötən ayın axırı sağlam gedib, xəstə qayıtmışam. Çox ağır vəziyyətdə qayıtdım Bakıya. Ondan əvvəl də səhhətimlə əlaqədar Yessentukidə oldum.
 

- Səhhətinizlə bağlı nə problem var idi ki?

- Yox, elə ciddi problem yoxdur. Hamı kimi mən də getmişdim. Sadəcə vaxtsız yeyib-yatmaq bir az problem yaratmışdı.
 

- Hazırda Bakıdasınız?
 

- Bəli, indi Bilgəhdəyəm. Doğrusu, vəziyyətim yaxşı deyildi. Antalyada 3 saatın içində nə hallara qaldım... Mənim kondisioner havasına qarşı reaksiyam çox pisdir. Hazırda Bilgəhdə sanatoriyadayam. Əvvəldən bilsəydim, burada qalardım. İndi normal nəfəs alıram. Bütün dünyanı gəzdim, yenə də Azərbaycanda rahatlıq tapdım.
 

- Yəqin, hazırda toylara da getmirsiniz.
 

- Hərdən gedirəm. Həm də indi o qədər toylar da yoxdur.
 

- Yeni mövsümdə aparıcısı olduğunuz "Bir Könüldən..." verilişi davam edəcək?
 

- Hələ dəqiq bilmirəm.
 

- Uzun illərdir sizi eyni geyimlərdə, stildə görürük. Yaxın vaxtlarda imicinizdə dəyişikliklər gözlənilir?
 

- Bu barədə düşünürəm. Amma çərçivədən çıxa bilmərəm. Elə şeylərdən çox çəkinirəm. Çünki insanlar belə şeyləri doğru qəbul etmirlər.


- Məsələn, hansı yenilikləri düşünürsünüz?


- Geyimdə ifrat dərəcədə əndazəni aşıb, açıq geyinə bilmərəm. Əvvəla, mənim 15 yaşım yoxdur.


- Bəlkə, həyat yoldaşınız icazə vermir?


- Bu, mənimçün çox çətindir. Açıq geyimlərdə özüm sıxılıram. Həyat yoldaşım geyimlərimə müdaxilə etmir. Əksinə, mən kimlərinsə geyiminə qarışıram. Məsələn, rayonumuza gedəndə xalalarım, gəlinlər hərəsi bir yana qaçırlar ki, Könül gəldi, hamımızın geyiminə qarışacaq. Sonra da özləri deyirlər ki, elə bil qaynana gəlir, hamımız qorxuruq.
 

- Qohumlarınızın geyimlərində nəyə irad tutursunuz?
 

- Məsələn, dəbdir deyə biri "losina" geyinib, yaraşmır, eybəcər görünür. Dəb olduğuna görə hər şeyi geyinmək olmaz. Tutaq ki, hansısa qarabənizdir, ağappaq, eybəcər makiyaj edib.
 

- Sənət yoldaşlarınızdan da belələri çoxdur. Heç onlara dostyana iradlarınız olur?

- Bəli, olur. Deyirəm ki, sizə bu sözü məndən başqa heç kim deməyəcək. Çünki qəlbimdə paxıllıq yoxdur. Ona görə də hamısı mənim fikirlərimə inanır. Bir də görürsən, hansısa şişman xanım qısa geyinir. Mən bilirəm ki, qısa geyim kök adama yaraşmır və deyirəm. Qadın kökəldisə, geniş geyinməlidir ki, xanım-xatın görünsün. Hərdən məndən soruşurlar ki, niyə kökəlmirsən? Deyirəm, mən kökəlirəm də, arıqlayıram da. Amma siz görmürsünüz.
 

- Çoxları, həmçinin də mən bilirəm ki, sizin bünövrəli muğam təhsiliniz var, xalq artisti Arif Babayevin sevimli tələbələrindən olmusunuz. Amma nədənsə sonradan sanki estradaya, bir az da dəqiqləşdirsək, toy bazarına yönəldiniz. Bəlkə də muğam ifaçısı kimi daha böyük uğur qazanardınız. Pul qazanmaq, gündəmdə qalmaq üçünmü bu yolu seçdiniz?
 

- Sizin bu fikrinizi haqlı irad kimi qəbul edirəm. Mən Bülbül adına orta ixtisas musiqi məktəbini, Bakı Musiqi Akademiyasını bitirmişəm, böyük məktəb keçmişəm. Amma həmişə mahnı janrına böyük həvəsim olub. Nə vaxtsa ağlıma gəlməzdi ki, toy bazarında olacağam.
 

- Mərhum həmkarınız Məhəbbət Kazımovun sizin toy istiqamətini seçməyinizdə rolu var?

- Yox, qətiyyən. Tükəzban İsmayılova gimnaziyada mənim ilk müəllimim olub. Sinfə qəbul olanda mənə dedi ki, bir ağız muğam oxu. Pərt vəziyyətdə cavab verdim ki, oxuya bilmirəm.


- Deməli, bu istiqaməti seçməyin pul qazanmaq istəyi ilə əlaqəsi yoxdur?

- Qətiyyən. Həmişə muğam oxumaqdan qaçırdım. Arif Babayev də mənə irad bildirirdi ki, gül kimi səsi var, muğam oxumur, gedib yapışıb mahnıdan. Hətta buna görə məni danlayırdı. Bülbül adına orta ixtisas musiqi məktəbində də dərs qurtaran kimi gedib piano arxasında əyləşib bəstəkar mahnılarını zümzümə edirdim.
 

- Nə vaxtsa muğam dəstgahı oxumaq, yazdırmaq fikriniz varmı?
 

- "Qızıl fond"da ifalarım var, amma dəstgah şəklində heç nə oxumamışam. Yəqin ki, nə vaxtsa oxuyacağam.
 

- Etiraf edin ki, toy sizin istedadınızı, yaradıcılığınızı yedi...
 

- Bu yolu, istiqaməti seçməyimə heç peşman deyiləm və nə yaxşı ki, belə etmişəm. Çünki o qədər haqsızlıqlar görürəm. Sənət qalıb tamam qıraqda. Kim efirə çox çıxırsa, camaat elə bilir ki, ən yaxşı oxuyan budur. O vaxt məni danlayan tay-tuşlarım, həmkarlarım deyirlər ki, Könül, sən düz eləmisən. Sənəti olmayan sənətdən danışır. Səhnəyə çıxıb meymunluq etməklə camaatı ələ alır, insanların da ondan ötrü ürəyi gedir.
 

- Söhbət kimlərdən gedir?

- Onların adını çəkməyə haqqım çatmır, təhqir etmiş olaram. Hərdən elələrini alqışlayıram. Çünki elələrində olan ağlın üç faizi sənəti olanlarda yoxdur.
 

- İndiyə kimi Məhəbbət Kazımovla, Namiq Qaraçuxurlu ilə duetlər oxumusunuz. Hazırda isə Cabbar Musayevlə çalışırsınız. Niyə solo ifaçı kimi uğur qazana bilmədiniz?
 

- Burada sizinlə razı deyiləm. Cabbar Musayevlə hansı duetim "partlayıb"? Biz onunla bəstəkar-müğənni kimi işləyirik. Amma Namiq Qaraçuxurlu ilə duetimiz böyük uğur qazansa da, davam etmədik.
 

- Niyə?

- Biz elə bir mahnının layihəsini hazırlamışdıq. "Cavanlıq səhvi" ilə bütün rayonları gəzdik, konsertlər verdik. Hətta bir çox müğənnilərin həmin duetdən sonra Namiqə təklifi olmuşdu. Sadəcə adlarını çəkmək istəmirəm.
 

- Bəs həmin duetin təklifi kimdən gəlmişdi?

- Namiq Qarçuxurludan. Səsyazma studiyasının rəhbəri bizə dedi ki, həmin mahnının olduğu kasetə o qədər böyük tələbat olub ki, üç gün yeşik-yeşik kaset daşıyıblar satıcılar. İndiyə kimi heç bir müğənninin elə kaset satışı olmayıb. Duet baxımından əsas iş birliyimiz Məhəbbət Kazımovla olub. Cabbar Musayevlə isə duet oxumaq fikrim olmayıb. İstəyirdim ki, şəxsi ansamblım olsun və həmin ansambla rəhbərlik edəcək bir insanla işləyim. Çoxları soruşurdular ki, niyə Könül Məhəbbət Kazımovdan ayrıldı? Hətta Cabbar müəllim rəhmətlik Məhəbbət Kazımova demişdi ki, inciməyin yeri yoxdur, Könül özü tək fəaliyyət göstərmək istəyir.
 

- Yeri gəlmişkən, bir məsələni də soruşum. Sizin Məhəbbət Kazımovla sevgili olmağınızla bağlı iddialar var idi...
 

- O şayiələri camaat yaymışdı. Hamısı bomboş şeylər idi. Məhəbbət Kazımovla sevgili olmağımız haqda deyilənlər kökündən yalandır. Onunla sevgili olsaydım, yaradıcılığa da bir yerdə davam edərdik də. Rəhmətlik iş birliyimiz bitəndə dedi ki, Allah xeyrini versin.
 

- Bəs niyə sonradan məhz Cabbar Musayev?
 

- Mən hələ tələbəliyimdən Cabbar Musayevin pərəstişkarı olmuşam. Nüşabə Ələsgərli Allah şahididir. Həmişə deyirdim ki, kaş onunla iş birliyim olaydı. Onda Cabbar müəllimi efirdə görməmişdim. Niyaməddin Musayevin konsertlərini gözləyirdim ki, Cabbar Musayev də orada olacaq. Onunla işləməyə çox əlçatmaz baxırdım. Artıq 14 ildir ki, bir yerdə işləyirik.

İntiqam Valehoğlu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.