Şou-biznes

Azərbaycanlı müğənni: "Aygün Kazımova canlı oxuyur, amma Röyanın canlı oxuduğunu görməmişəm"

30 Aprel 2012 11:10
0 Şərh     Baxış: 1 214
Müğənni İntiqam Kərimovun Milli.Az-a müsahibəsi.

- İntiqam müəllim, çoxdandır sənətdə səsinizi eşitmirik, üzünüzü görmürük. Bu səbəbdən, bəzi gənclərimiz ola bilər ki, sizi unutsunlar. Ona görə də istərdim özünüzü məhz o gənclərə daha yaxından tanış edəsiniz.

- Əgər professional səhnəni nəzərdə tutsaq, 1980-ci ildə Voronij filarmoniyasının estrada simfonik orkestrının solisti kimi oxumağa başlamışam. İlk mahnım da Topanovun "Zdravstvuy" mahnısı olub.

- Kimin tələbəsi olmusunuz?

- Konservatoriyada Firudin Mehdiyevin tələbəsi olmuşam. Amma uşaqlıqdan atamı özümə həmişə nümunə görmüşəm. Fəhlə olduğuna baxmayaraq, çox gözəl səsi var idi və çox gözəl italyan, rus əsərləri oxuyardı, simfoniyanı çox sevərdi. Ümumiyyətlə, nəsilimizdə səs var. Etiraf edim ki, atamı yamsılayaraq, böyüyüb müğənni oldum!

- Maraqlıdır, indi də İntiqam Kərimov atasını yamsılayıb oxuyur, yoxsa artıq öz tərzi var?

- Mənim atam daha çox klassik oxuyan idi, amma mənim roka daha çox meyilim olub. Konservatoriyada təhsil alarkən artıq klassika oxumağa başladım.

- Hər bir azərbaycanlı müğənninin borcudurmu muğamı mütləq bilsin? Və bu doğrudurmu ki, muğamı bilən müğənni hansı janrda istəsə oxuya bilər?

- Xeyr, bununla razı deyiləm. Mənə bir nəfər muğam oxuyan xanəndə göstərin ki, klassika oxuya bilsin. Kim oxuyub ki bu günə kimi? Mən də bir vokalist kimi muğam oxuya bilmərəm. Bəli, gözəl xalq mahnılarımızı ifa edirəm, amma bu günə kimi muğam oxumamışam.

- Siz sənətə gələndə "şou-biznes" var idi?

- Yox. Bizim zamanımızda çox ciddi musiqi var idi. O vaxt müğənni ancaq oxumaqla məşğul olurdu. İndi isə müğənni 20% oxuyursa, 80% iş adamı olmalıdır, bizneslə məşğul olmalıdır ki, özünü irəli apara bilsin, dolandıra bilsın, yolunu tapsın. İndi heç kim heç kimi istedadına görə irəli çəkmir.

- Bugünkü şou-biznesi necə görürsünüz?

- Mən "şou-biznes" deyəndə heç nə başa düşmürəm. Azərbaycanda şou-biznes yoxdur. Təkcə toy biznesi görürəm ki, insanlar populyar olub, gedib toy oxuyurlar və onunla pul qazanırlar.

- Siz də toylara gedirsiniz?

- Bəli, yarım saatlıq olsa da gedirəm ki, ailəmi dolandıra bilim. Amma yarım saat toylarda fonoqramla oxuyub külli miqdarda pul alan bəzi müğənnilərdən fərqli olaraq, mən yarım saatlıq vaxtda ancaq canlı ifa edib, normal məvacib alıram. Mənim başqa bir yolum yoxdur, çarəm yoxdur. İndi heç kəsə sənət lazım deyil ki... bu dəqiqə küçədən bir nəfəri tutum, studiyada oxudum. Xaric notlarını kompyuterdən çəkim qoyum yerinə, ritmdən çıxdığı yerləri kompyuterlə düzəldim, buraxım efirə, populyar olub o da pul qazanacaq. O qədər belə müğənnilərimiz var ki, gecə-gündüz efirdən düşmür və çox gözəl pullar qazanırlar. Amma ortada sənət yoxdur. O vaxt vallah, mahnını oxuyanda əgər bir dənə hərfi düzgün oxumamışdıqsa, bizi çağırıb təzədən oxudurdular. İndi bir çox müğənnilər səsi heca ilə yazdırırlar. Bu, dəhşətdir. Çünki səsləri yoxdur, sənətləri yoxdur!

- Şou-biznesdə hansı yenilikləri etmək istəyərdiniz?

- Çox istərdim müğənnilərimizdən ibarət əsl keyfiyyətli, maraqlı, Avropa səviyyəsində gözəl bir müzikl qoyum. Özü də qaraçı müziklını, Azərbaycan dilində. Sergey Raxmaninovun məşhur "Aleko" operasının estrada variantını müzikl şəklində qoymaq mənim arzumdur. Sponsorlar pulları boş-boş, səsi olmayan müğənnilərə deyil, Azərbaycan musiqi sənətində əvəzsiz və Avropa səviyyəsində olan bu müziklın ərsəyə gətirilməsinə sərf etsəydilər, daha xeyirli iş görmüş olardılar.

- Bu yaxınlarda müğənnilərimizdən ibarət bir müzikl qoyulmuşdu. Onu necə, bəyənmisiniz?

- Azərbaycan şou-biznesində nə müzikl qoyulduğunu təsəvvür edirəm. Mən elə-belə yox, əsl müzikldan danışıram, səviyyəli və əvəzsiz bir sənət işindən bəhs edirəm.

- İntiqam müəllim, o vaxt gənclərin çoxu əgər müəllim və ya həkim olmaq istəyirdilərsə, indi gənclərin seçimi və istəyi daha çox müğənnilikdir. Nədir bu gəncləri müğənniliyə şirnikləndirən?

- İindiki gənclər daha çox pul qazanmağın yolunu müğənnilikdə yox, oxumaqda görürlər. Oxuyan ayrıdır, müğənni ayrı. Dedim axı, sizə indi kompyuterlə oxumaq çox asanlaşıb. Belə oxuyanlar ancaq özünü göstərib, populyar olub, pul qazanmaq üçün mahnı yazdırırlar. Ona görə də hamı indi oxuya bilər, amma müğənni ola bilməz!

- Sizin üçün şou-biznesimizdə neçə faiz oxuyan, neçə faiz müğənni var?

- Düşünürəm ki, şou-biznesdə heç 20% müğənni yoxdur. Bu 80%-i gərək özlərinə başqa iş tapsınlar.

- Siz həm də pedaqoqsunuz. Şou-biznesdən olan tələbələriniz var?

- Əlbəttə, olub, indi də var. Vaxtilə sənətini qiymətləndirdiyim rəhmətlik Elçin Cəlilov da mənim tələbəm idi. Səsinə və sənətinə hörmət edən müğənni həmişə öyrənir. Hazırda isə həm bir insan kimi, həm də bir sənətçi kimi çox sevdiyim Samir Piriyev, çalışqanlığına qiymət qoyduğum Sevda Yəhyayeva, öyrənmək istəyən, iddialı olan Yaşar Cəlilov və başqaları mənim tələbələrimdir. İndi onların yaradıcılığında olan inkişafı izləyirəm. Çünki onların bəhrəsini, uğurlarını görmək istəyirəm. Mən son nəfəsimə qədər öyrənmək və gözəl oxumaq istəyən ifaçılara kömək eləməyə hazıram, təki gəlsinlər, səslərinin üzərində çalışsınlar. Onu da istəyirəm ki, mənim tələbələrim məndən yaxşı oxusunlar!

- Sizin 85-ci ildə oxuduğunuz "Sən də tufanla oynama" mahnısı indiyə kimi dillər əzbəridir. Bəs indiki mahnılar niyə uzun müddət yadda qalmır?

- Çünki bu gün çox güclü surətdə insanların zövqünü korlayırlar. İnsanlara iki notdan ibarət mahnı yazıb, camaatın beynini korlayırlar. Mən ona ad qoya bilmirəm.

- İndi o vaxtkı bəstəkarlar yoxdur, yoxsa bu gün hamı oxuduğu kimi, mahnı yazanlar da çoxdur?

- Bilirsiniz, Azərbaycanda bəstəkarlıq məktəbi 80-ci ildə bitdi. 80-ci ildən sonra gələn bəstəkarlar yalnız balaca bir kantanı verir, aranjimançı da ondan mahnı düzəldir. Əgər bəstəkar harmoniya yazıb vermirsə, yalnız kanta yazırsa, onda o bəstəkar, bəstəkar deyil. Kanta, oxuyan adamın səsidir. İndiki bəstəkarlar vokal dərsi keçməyə başlayıblar. Pul qazanmağın dərdindən indiki bəstəkarlar mahnı satmaq üçün gənc ifaçıları axtarıb tapırlar. Deyirlər ki, gəl, sənə mahnı yazmışam. Başlayır o mahnını oxuyub başa salmağa. Deyən yoxdur, sən vokal dərsi keçirsən, yoxsa mahnı bəstələyirsən?

- İntiqam müəllim, hazırda şou-biznesdə "nömrə 1" titulu uğrunda Aygün Kazımova və Röya arasında qızğın rəqabət var. Bu iki sənətçinin hansının sənətinə daha çox qiymət verirsiniz?

- Hər ikisinin sənətini bəyənirəm. Aygün Kazımova canlı oxuyur, amma Röyanın canlı oxuduğunu görməmişəm. Moskvadakı solo konsertində Aygün Filip Kirkorovun yanında rusca canlı bir qaraçı mahnısı oxudu və inanın mənə, o qədər gözəl oxudu ki, deyərdim, heç bir rus bu mahnını onun qədər gözəl oxuya bilməzdi. Aygünün o canlı ifasından həddindən artıq zövq aldım. Aygün istəsə, Avropa estradasının müğənnisi ola bilər, amma özü tamam başqa səmti tutub. Onun ifasına və seçiminə hörmətlə yanaşıram. O ki qaldı Röyaya, onun tipik şanson stili var. Başqa stildə oxuduğunu eşitməmişəm, canlı da bilmirəm nəyə qadirdir. Hər halda, çox böyük istedadı var ki, bu qədər məşhurdur.

- Müğənnilərin arasında rəqabət olmasa, irəli getmək qeyri-mümkündür. Siz sənətdə özünüzə kimi rəqib görürsünüz?

- Həmişə istəmişəm Karel Gott, Albano Karrizi, Claudio Villa, Müslüm Maqomayevlə bir səhnəyə çıxım, onlarla oxuyum. Ən azından, Nikolay Baskovla eyni səhnəyə çıxım və deyim ki, "qardaş, elə deyil e, belədir!" Bu gün təşkil eləsinlər, Nikolay Baskovla bir meydana çıxım, ona sübut edim ki, "zolotoy qolos" Rossii Nikolay Baskov kimdir, "prosto" İntiqam Kərimov kimdir!

Lalə
Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.