Şou-biznes

“Məni Təhminəyə oxşadırlar, Fəxrəddin Manafovla çəkilmək istərdim...” - FOTOlar

2 Dekabr 2022 14:46
Baxış: 3 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yalnış anlama 2" filminin təqdimatında Türkiyədə Azərbaycanı təmsil etdim. Bu bizim hamımızın uğuru idi. Çünki mən vətənimi çox sevirəm, istərdim ki, hər bir ölkədə vətənimizi layiqincə təmsil edim. Allaha şükür edirəm ki, o mənə gözəl aktrisalıq istedadı verib. Cemal Hünalla baş rolda oynadığım filmi görən bir çox dostlarım sevinib məni təbrik etdilər, çox sağ olsunlar. Allah hər kəsin qəlbinə görə versin. Təbii ki, bu uğuruma sevinməyənlər də oldu. O insanlar da mənim ətrafımdakılardır. Hansı ki, üzümə gülürlər, amma içlərində paxıllıq edirlər".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Gülşən Hüseynli deyib. O daha sonra əlavə edib.

"Sözün düzü ölkəmizə qayıdandan sonra gözləyirdim ki, bu uğurumu yerli telekanallar işıqlandıracaqlar. Yəqin ki, məni verilişlərə qonaq dəvət edəcəklər. Gördüm ki, kanallara belə uğur lazım deyil. Onlar bayağı insanları, çıxışları reklam edirlər. Yəqin ki, bizim kanallara sənət lazım deyil. Ona görə də məni dəvət etmədilər, mən belə düşünürəm. Bu da sənətimiz üçün böyük faciədir. Halbuki Türkiyədə kiçik bir epizoda çəkilən sənətçimizi şişirdib efirə qonaq dəvət edirlər. Sizin sayt başda olmaqla digərləri bu uğurumu işıqlandırdı. Türkiyə mediası da məndən yazdı, "Cinema port" jurnalında müsahibəm, fotolarım yer aldı. Onlar üçün də yeni sima idim. Film Türkiyədə də, Azərbaycanda da izlənmə rekordları qırdı. Mənə paxıllıq edənlərin acığına daha da irəli gedəcəyəm. Çünki mən bu sənətə heç kimin dəstəyi ilə gəlməmişəm. Mənə istedadım və anam dəstəkçim olub. Anam isə mənim uşaqlıqdan əlimdən tutub kinoya, çəkilişlərə aparıb. Çünki atam istəmirdi ki, aktrisa olum. Hər zaman mənə qarşı çıxırdı.  Atam filmlərimi görəndən sonra dedi ki, yaxşı ki, sənə icazə verdim aktrisa oldun. Günü bu gün də atam, anam mənimlə fəxr edir. Atam deyir ki, sən ulduzsan, get fəaliyyətini Türkiyədə davam etdir", - deyə sənətçi bildirib.

Gülşən Hüseynli bildirib ki, Türkiyədən ona yeni dəvətlər də gəlib.

"Məni Türkiyəyə dəvət edəndə müqavilə bağladılar və bildirdilər ki, sən bizim başqa layihələrimizdə də olacaqsan. Mənim Azərbaycanda olmağım bəzi işlərimin qarşısını aldı. Hətta "Arka sokaklar" serialından da mənə təklif gəlmişdi. Sadəcə olaraq geri dönüş edə bilmədim. Demək ki, qismət deyilmiş. Fikrim var ki, gələcəkdə də oradakı layihələrdə iştirak edim. Yenə də dəvətlər alıram, gündəmdəyəm, Türkiyənin ulduz sənətçiləri ilə dostluq əlaqələrim var", - deyə aktrisa bildirib.

Aktrisa xalq artistləri Rasim Balayev və Fəxrəddin Manafovla tərəf müqabili olmağı arzulayır.

"Hər zaman dəyərli xalq artistlərimizlə tərəf müqabili olmuşam. Bu mənim üçün böyük qürurdur. Çox istərdim ki, kinomuzun Nəsimisi-Rasim Balayevlə bir filmdə rol alım. Uşaqlıq illərindən ona aşiqəm, onu çox sevirəm.  Daha sonra Fəxrəddin Manafovla da  tərəf müqabili olmaq istərdim. O "Təhminə" filmi ilə kino tariximizə damğasını vurub. Məni çox vaxt Təhminəyə də oxşadırlar. Hər zaman yadıma düşür və deyirəm ki, mütləq Fəxrəddin Manafovla tərəf müqabili olmaq lazımdır. Allah onların canını sağ etsin, incəsənətimizdən əskik olmasınlar", - deyə aktrisa bildirib.

Gülşən Hüseynli bildirib ki, görünüşünə hər zaman diqqət edir. Amma o açıq-saçıq rollara hələ ki, hazır deyil.

"Hər zaman görünüşümə görə diqqət mərkəzində olmuşam. Hətta rejissorlar da mənə deyib ki, sənin görünüşdə-hündür, arıq aktrisa çox azdır. Film aləminin ən hündür aktrisası mənəm. Boyum 178-dir. Gözəlliyimlə də fəxr etmişəm. Uşaq yaşlarından bir çox gözəllik müsabiqələrinin qalibi olmuşam. Aktrisaya görünüş vacibdir. Görünüşlə istedad bir arada olanda daha yaxşı olur. Heç vaxt açıq-saçıq səhnələrə çəkilməmişəm. Çünki çəkildiyim filmlərdə belə səhnələr olmayıb. Olsaydı belə mən çəkilməzdim. "Yalnış anlama 2" filminin son kadrlarında öpüşmə səhnəsi var idi. Mən onlara öpüşmə səhnəsini oynamaq istəmədiyimi bildirdim. Onlar da mənim fikrimə hörmətlə yanaşdılar. Özüm-özümə aşıq səhnələrdə çəkilməyi icazə vermirəm. Həm də bizim ölkədə açıq-saçıq səhnələrdə oynayan aktrisalara çox pis baxırlar. Bu əslində sənətdir. Türkiyədə, Hollivudda bunu sənət naminə edirlər. Bizdə edəndə deyirlər ki, bu qız yəqin ki, pis yoldadır, min dənə qara yaxırlar. Tamaşaçı hələ dərk etmir ki, bu filmdir. Filmdə açıq-saçıq səhnələr də olmalıdır. Çəkiləni isə top atəşinə tuturlar. Bizdə ailə, etnik dəyərlər güclü olduğu üçün qızların bu rollara çəkilməsini sevmirlər. Əgər Hollivudda doğulub, orada böyüsəydim çəkilərdim. Amma hal-hazırda bunu edə bilmərəm", - deyə aktrisa bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.