Siyasət

İranın Qarabağdakı çirkin əməlləri faş olur - Ermənidən betər çıxdılar

15 Oktyabr 2021 17:26
Baxış: 7 358

Prezident İlham Əliyevin oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı bir neçə hissədən ibarətdir. Bu çıxış zamanı Ermənistanla delimitasiya, demarkasiya işləri, mümkün danışıqları ilə yanaşı xüsusilə dövlət başçısının Ermənistanın 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarından İranla birgə məqsədyönlü şəkildə istifadəsi məsələsini qabartması Tehranın son zamanlar Azərbaycana qarşı açı şəkildə qərəzli mövqeyinə 10-dan çox dövlət başçısının iştirak etdiyi bir platformada verilən ən yaxşı cavab oldu.

Belə ki, İlham Əliyev "Azərbaycanın rayonlarında bütün infrastruktur məhv edilib. Ağdam Qafqazın Hirosiması adlandırılır. Şuşada 17 məsciddən 16-sı dağıdılıb, biri isə tolerantlıq görüntüsü yaratmaq üçün İran mütəxəssislərinin iştirakı ilə bərpa edilib. Evlər, binalar kərpicinə kimi sökülərək Ermənistana və İrana satılıb. Bütün bunlar Ermənistanın vandallıq irsinin göstəricisidir" açıqlaması ilə Tehranı Ermənistanın cinayət əməllərinin ortağı olduğunu göstərib. Dövlət başçısı "din, islam" adı altında pərdələnən İranın iç üzünü açaraq Azərbaycana qarşı ərazilərində işğal müddətində erməni qədər talançılıq, vandallıq edən tərəflərdən birinin əslində kim olduğun nümayiş etdirdi.

Heç kimə sirr deyil ki, Azərbaycan - İran dövlətlərarası münasibətləri böhran mərhələsinə daxil olub. 2021-ci il sentyabrın 12-dən etibarən Azərbaycan polisinin Gorus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində Qarabağa yük daşıyan İrana məxsus ağır tonnajlı avtomobilləri saxlayıb yoxlama aparması, onlardan gömrük rüsumu tələb etməsi və 2 iranlı sürücünün həbs olunması ilə başlayan gərginliyin dayanmadan artmasının bir günahkarı var. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, 44 günlük müharibədəki qələbəsinə, şəhidinə hörmət etməyən, erməni separatçı rejiminin qalıqlarını Azərbaycanla qarşı-qarşıya gəlmək bahasına da olsa hər yolla dəstəkləməyi gözə alan rəsmi Tehran bunun onlar üçün heç də yaxşı nəticələnməyəcəyini öncədən düşünməli idi.

Prezidentin növbəti "Azərbaycan Ermənistanla sərhədin 132 km-lik hissəsinə nəzarəti bərpa etməklə İrandan Ermənistana və daha sonra Avropaya gedən narkotrafik marşrutunun qarşısını alıb. Cari ildə İranla sərhədin digər hissələrində saxlanılan heroinin həcmi əvvəlki illərlə müqayisədə iki dəfə artıb. Bu göstərir ki, 30 il ərzində Ermənistan İranla əlbir olaraq işğal altında olan ərazilərdən Avropaya narkotrafik məqsədilə istifadə edib. Azərbaycan əvvəllər də həmin ərazilərin narkotrafik və terrorçu düşərgələri üçün istifadə olunduğunu dəfələrlə bildirib" sözləri isə İranın əsl simasını real faktlar əsasında təsvir etdi, müsəlmandan, islam dövlətindən daha çox kafirlərə xidmət etdiyini, əsl siyasi xəttlərinin terrorçulara dəstək verib, cinayət qruplaşmalara himayədarlıq etmək olduğunu diqqətə çatdırdı.

Bu əməllər isə məhz Azərbaycan üzərindən həyata keçirilməsi "din qardaşı"mızın əsl məqsədinin nə Pişəvəri dövrü və Səttarxan hərəkatından sonra, nə də Rza Pəhləvi hakimiyyətə gəldiyi gündən bu günə kimi Azərbaycana qarşı siyasətində zərrə qədər dəyişiklik olmadığını sübut edir. Bu illər ərzində üzdə bizə "dost, qardaşıq" deyən İran əməllərinə görə peşiman olacaq qədər abır sahibinə də bənzəmir. 

Hətta iş o yerə çatdı ki, İran dövləti bir neçə gün öncə Azərbaycanla hava yolunu bağlayaraq rəsmi Bakıya təzyiq etməyə çalışdığı vaxt düşmən Ermənistan Naxçıvanı blokadadan qurtarmaq üçün öz hava yollarını Azərbaycan təyyarələrinə açdı. 

Məsələ burasındadır ki, Azərbaycan-İran münasibətləri həssas fazaya daxil olduğu bir zamanda Tehran rəsmi Bakının arqumentlərini təkzib etmək barədə belə düşünmür. Görünür Tehran başa düşüb ki, təkzib etdikcə, Bakı daha güclü arqumentlər ortaya qoyacaq. Diqqətləri işğal müddətində Qarabağdakı fəaliyyətindən yayındırmağa çalışan İran höküməti, hazırda bunu müxtəlif adlar altında pərdələyir.

Anti-Azərbaycan kampaniyası İrana bundan sonra da xeyir gətirməyəcək. Azərbaycana qarşı əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınması və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. Prezident İlham Əliyev bunu MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında çıxışı zamanı arqumentlərlərlə Tehranın qarşısına qoydu.

Tehranın rəsmi Bakıya, "din qardaşları"na qarşı sərgilədiyi bu iyrənc siyasət fonunda dünən gecə Paris Şəhər Şurası Ermənistan-Fransa sarsılmaz  dostluğunu əbədiləşdirmək üçün qərar qəbul edib. Şəhər şurasının yekdilliklə qəbul etdiyi bu qərara görə Parisin mərkəzində, Sena çayına bitişik geniş sahələrdən birinə "Esplanade d'Arménie" - Ermənistan Meydanı adı verildi. 2004-də açılmış Komitas Vardapetin heykəli ilə İrəvan parkı da bu böyük ərazinin içinin yer alır. Bu, onların xristian təəssübkeşliyi, həmrəyliyi, o da bizim müəslman qonşumuzun müsəlman "qardaşlığı".

Buradan bir daha aydın olur ki, İran yerdəki dövlət maraqlarını Allahın buyurduqlarından daha üstün tutan ikiüzlü bir quruluşdur. İranın mollalarının, generallarının və dövlət xadimlərinin Azərbaycan barədə səsləndirdikləri bəyanatlar bizi buna bir daha əmin edir. Təəssüf ki, artq bu rejim müasir dünyanın paltarında köhnə yamaq kimi görünür. Azərbaycan Prezidentinin son çıxışı bir daha bunu faktlarla ortaya qoydu. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.