Siyasət

"Hamı heykəlin dibinə gəlsin": muzdlular Bakıda yenə uduzdular

22 May 2021 21:29
Baxış: 25 793

Azərbaycanın normal, adekvat, güclü, demokratik müxalifətə ehtiyacı var. Belə müxalifətin mövcudluğunda ilk əvvəl hakimiyyət maraqlıdır.

Siyasətin təməl prinsiplərinin ehtivasına görə, müxalifətin potensial gücü nə qədər çox olarsa, hakimiyyət də bir o qədər fəaliyyət azadlığı imkanları əldə edir.

Skandinaviya və Benilüks ölkələrində, Britaniyada və ya Almaniyada, Yaponiyada və ya Çilidə belədir.

Azərbaycanda da ciddi müxalifətin varlığı onillərin gözləntisidir.

Fəqət, hakimiyyətə əks olduqlarını iddia edənlər arasında radikallaşma kütləsi ifrata varan və qaranlıq otaqda Şredinger pişiyini aramağa çalışan şəxslər siyasi mübarizəni avantürizm, normal fəaliyyəti şüarçılıq və ucuz pafos, küçə aksiyalarını absurd səviyyəsinə çatdırılmış klounada ilə səhv salırlar.

Dünən şəhərin mərkəzi meydanlarından birində, 28 May metro stansiyasının önündəki yarıtmaz perfomans da ölkədəki radikal müxalifətlə həmin lümpenləşən qruplaşmanı xaricdən idarə edənləprin birgə cəhdlərinin növbəti fiaskosuna çevrildi.

... Dahi korsikalı Lüi Napoleon Bonopart Avstriyaya qarşı savaş açmazdan əvvəl ən istedadlı sərkərdələrindən olan Jak Makdonalda demişdi: "Bunların məsləhət verənlərinə, göstərişləri sıralayanlarına baxanda artıq qəti bilirəm ki, məğlubdurlar: ilk sözlərindən miskinlik yağır".

Mayın 20-si, ABŞ-da yaşayan Sevinc Osmanqızının de-yure idarə etdiyi "Osmanqızı TV" YouTube kanalı. Adı çoxsaylı qalmaqallarda hallanmış jurnalist xanım müxtəlif ölkələrə sığınmış "azad bloqer"lərlə onlayn-konfrans stilində birgə buraxılış hazırlayıb.

"Mitinqə gəl, haqqını tələb et - 21 May Azərbaycanda mitinq günüdür" başlıqlı bu canlı yayımda əsas "ulduz"lar Osmanqızı ilə yanaşı, Qabil Məmmədov və Məhəmmədəli Mirzəli kimi intellektləri ilə əsla seçilməyən şəxslərdir.

Q. Məmmədov Azərbaycan vətəndaşlarını mitinqə çağırır. Təbii ki, özünə xas sanklüot stilində və leksikasında: "Ay camaat, mayın 21-də, saat 3-də gəlin molun qabağına, 28 Maya. Heykəlin dibinə yığışın. Sonra da yürüş edin Fəvvarələr Meydanına".

Özünü kütlələri idarə edən strateq hiss edən və az qala ekstaza qapılaraq canlı yayımlarda daimi yaşam formatı olan vəcdə gələn Qabil Məmmədov "mitinq" adlandırılan tragifarsın ssenari müəlliflərinin tələblərini səsləndirir: "Qazilər, bir də qadınlar daha çox gəlsin. Rayonlarda da icra hakimiy          yətlərinin binalarının qarşısına toplaşın".

Müzakirələr başlayır və Osmanqızının virtual kloakasındakı danışan başların gileylərindən bəlli olur ki, sən demə, son aylarda "müstəqil, azad bloqer"lərin YouTube kanallarının təqibçilərinin və tamaşaçılarının sayı sürətlə azalmaqdadır.

Bunun qarşısını almağın yollarını arayan Q.Məmmədov və M.Mirzəli kimi "dühalar" dərk etməmiş deyillər ki, YouTube ilə sosial şəbəkələrdəki profillərində illərdən bəri reklam, SEO, SMM-targetinq və s. vasitəsilə süni şəkildə formalaşdırılmış "təqibçi kütlə" azalarsa, onlara ayrılan pulların məbləğində də ciddi kiçilmə olacaq.

Həmin "bloqer"lərin hər biri israrla təkrarlayır ki, işləyir, YouTube-də Azərbaycanı hədəfə alıb verbal assenizasiya prosesinə "gündə cəmi bir-iki saat ayırır", üstəlik də YouTube və sosial şəbəkələr vasitəsilə pul qazanmır.

Lakien bloqerliklə və xüsusilə də statistik hesablama ilə səthi tanış olanlar belə anlayırlar ki, Qərb ölkələrindən birində yaşayaraq sutkada minimum 5-8 saatı "bloqer" fəaliyyətinə ayırmaq, həmin proseslə də maddi mənfəət əldə etmədən məşğul olmaq böyük maliyyə çətinlikləri ilə üzləşmək deməkdir.

Lakin bu "bloqer"lərin illərdən bəri hər gün (!) virtual xitabda olduqlarını nəzərə alsaq, onların fəaliyyətinin konkret ünvanlardan və elə o qədər də konkret məbləğlərlə maliyyələşməsi aydın məsələdir.

Mayın 21-də mitinqə çağırışlar da Bakıda növbəti qanunsuz aksiya təşkil etmək cəhdi idi.

Çağırışda olanlar aksiyanın baş tutmayacağını bilsələr də, Bakının mərkəzində qarşıdurma yaratmaq istəyində idilər. "Qazilər və qadınlar" tələbi də məhz bununla bağlı idi: şəhərin mərkəzi meydanlarından birində sanksiyası olmayan aksiya keçirməyə çalışanların qazilər olduğunu, orada habelə, xanımların da yığışdığını nəzərə alsaq, "bloqer"lərin və xüsusilə də onlara təlimat vermiş strukturlarla təşkilatların həmin meydana yolladıqları "müstəqil jurnalist"lər vasitəsilə əldə edəcəkləri kadrlardan hansı məqsədlərlə, necə istifadə edəcəklərini təxminləmək əsla çətin deyil.

Başda S.Osmanqızı olmaqla, həmin "bloqer"lərin istisnasız olaraq hamısı "Azərbaycanda qazilərə divan tutulur!", "Qadınlar döyülür, analara əl qaldırılır!" isterikasına qapılacaqdılar.

Fəqət, yenə alınmadı və marazmatik ssenari baş tutmadı.

28 May metrostansiyasının qarşısına maksimum 15-18 nəfər "aksiya" üçün gəldi, onların da tam əksəriyyəti xanımlardı.

Hadisə yerindəki polislər də heç bir zor tətbiq etmədən aksiyanın qarşısını aldılar.

Sivil, mədəni, qanunvericilik çərçivəsində.

Belə "aksiya"ların hamısında olduğu kimi, dünən də meydanda əllərində fotoaparat və smartfon olan, çəkiliş aparanların sayı həmin aparatlarla telefonların kameralarına düşənlərin sayından dəfələrlə çox idi.

Müasir siyasətin təməl prinsiplərindən bixəbər olanlar dərk edə bilmirlər ki, emosional subyektivizm, romantik inqilabçılıq sousu altında təqdim edilən xunveybinçilik dönəmləri çoxdan geridə qalıb.

Qazilərlə qadınları siyasi məqsədlərinə alət etməyə çalışan və bu səbəbdən də tam siyasi diletantitizmi ortaya qoyanlar sürəkli, fasiləsiz məğlubiyyətlərə düçardırlar.

Onlar illüziyalar aləmində yaşadıqlarından reallığı dərk etməklə bağlı şüur qavramı problemi ilə üzləşiblər və məhz bu səbəbdən Azərbaycanda tamamən dağınıq, dərnəklər və qruplar formasına düşən radikal müxalifət faunasının sadəcə, sosial şəbəkələrdə fəal olduğunu etiraf etmək istəmirlər.

"Heykəlin dibinə!" çağırışları etməklə siyasətin dibində olanları o çökəkdən çıxarmaq mümkün deyil.

YouTube kanallarına toplaşıb əvvəlcə ifrat nikbin çağırışlar etmək və "Bu dəfə mütləq alınacaq!" demək, sonra da pərişanlıqla "niyə belə oldu?" sualına cavab aramaq pozası alaraq absurdizmə qapılmaq nə mediativlikdir, nə də siyasət.

Bunun bir adı var: ağanın pullarını alıb onun əmrlərini yerinə yetirə bilməmək.

Lakeylər üçün ən pis durumdur bu.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.